"Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ
münaqişəsində gərginliyin yeni mərhələyə qədəm qoyduğu müşahidə
olunur".
Publika.az xəbər verir ki, bu barədə
ABŞ-ın məşhur "Stratfor" mərkəzinin Dağlıq Qarabağ münaqişəsinə
dair təhlilində deyilir.
Məqalədə qeyd olunur ki, hər iki tərəf son zamanlar hərbi
təlimlər keçirir və rusiyalı rəsmilərlə görüşürlər: "Yerli mediada
Rusiyanın münaqişəni həll etməsinə dair fərziyyələr çoxalıb.
Doğrudur, hər iki ölkənin XİN rəhbəri sentyabrın 24-25-də BMT Baş
Assambleyasının Nyu-Yorkda keçiriləcək iclasında görüşəcəklər.
Lakin bu münaqişənin mütləq həlli deyil. Münaqişənin həlli Qafqaz
regionunu əhatə edən siyasi ittifaq və şəbəkələrin münasibətlərinə
yenidən nəzər salmasına gətirib çıxarar ki, bu da pozucu proseslərə
yol aça bilər. Hələ 2014-cü ildə Rusiya ilə Qərb arasında Ukrayna
üzərində yaranan gərginlik fonunda Moskvanın Dağlıq Qarabağ
münaqişəsində dəyişiklik edə biləcəyi ehtimalları peyda
olmuşdu".
Mərkəz yazır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli həmişə üç
oyunçudan asılı olub: "Ermənistan, Azərbaycan və Rusiya. Hər bir
tərəf müxtəlif perspektivə malikdir. Ermənistan 1988-1994-cü
illərdə qalib oldu, Dağlıq Qarabağ və ətraf yeddi rayonu nəzarətinə
aldı. Lakin Azərbaycan diplomatik, yaxud hərbi yolla Dağlıq
Qarabağı geri qaytarmaqda israrlıdır.
Rusiyanın bu münaqişədə birtərəfli marağı yoxdur. Belə ki, Moskva
Ermənistan və Azərbaycanı öz orbitində saxlamaq və Qafqazda
güclənmək üçün bu münaqişədən istifadə edir. Rusiya 2014-cü ilə
qədər münaqişənin həllində rəsmi olaraq neytral mövqedə dayanır,
tərəfləri danışığa çağırırdı. Qeyri-rəsmi olaraq isə Moskva uzun
müddət Ermənistanı dəstəkləyib. Bunun əvəzində Ermənistan ona öz
torpağında 5 min əsgər yerləşdirməyə icazə verdi. Azərbaycan isə
Rusiya ilə birləşmək istəmədi. Əvəzində o, özünün xarici
əlaqələrini hərtərəfli inkişaf etdirdi, böyüyən Rusiya təsirini
balanslaşdırmaq üçün Türkiyə və Qərblə münasibətlər qurdu.
Azərbaycan iqtisadi inkişafı və ordunun qüdrətlənməsi üçün enerji
resurslarından istifadə edə bildi. Bakının müdafiə xərcləri
Ermənistanın dövlət büdcəsindən çoxdur. Rəsmi Bakı torpaqların
qaytarılmasını rəsmi şəkildə prioritet istiqamət elan etdi, lakin
Ermənistanın patronu Rusiyanın mövqeyinə görə ciddi hərəkətə keçə
bilmədi. Bu status-kvo Rusiyanın Kiyevdə Qərblə toqquşduğu 2014-cü
ildən sonra dəyişdi. Rusiya qəfildən Ermənistan üçün az etibar
edilən patron roluna keçdi.
Ukrayna münaqişəsi Rusiyanın təhlükəsizlik zolağına zərbə vurdu və
tətbiq olunan sanksiyalar iqtisadiyyata zərər verdi. Eyni zamanda,
Azərbaycan Qərb üçün daha qiymətli oyunçuya çevrildi. Çünki Bakı
Rusiyanın enerji təchizatına alternativ təklif edə bilmişdi. Bundan
sonra Azərbaycan tərəfi təmas xəttində mövqelərini möhkəmləndirdi
və açıq şəkildə Ermənistan ordusuna ciddi zərbələr vurdu.
Ermənistan və Rusiya zəiflədiyi bir vaxtda Azərbaycanın Dağlıq
Qarabağ münaqişəsində mövqeyi gücləndi. Bu, onu deməyə əsas verir
ki, son aylar danışıqlar prosesində diplomatik fəaliyyətin
görünməmiş səviyyəsi müşahidə olunur. Rusiyanın siyasi və hərbi
məmurları bir neçə dəfə erməni məmurlarla görüşüb. Moskva etiraf
etməsə də, məlumatlar var ki, Rusiya Azərbaycanda hərbi radar
sistemi quraşdırmaq istəyir. Bunun özü Dağlıq Qarabağda
status-kvonun tezliklə dəyişəcəyini deməyə əsas verir".
Məqalədə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bir neçə
variantın mövcud olduğu qeyd olunur.
"Birincisi, Dağlıq Qarabağ və ətraf yeddi rayondan erməni hərbi
birləşmələri çıxarılır. Əvəzində Dağlıq Qarabağın ərazisinə rus
hərbçiləri daxil olur. Ərazidə yaşayan ermənilər köçürülür, sadəcə
olaraq, Laçın koridoru saxlanılır. Bu, Ermənistanın region ölkələri
ilə ticarət əlaqələrini yüksəldə və iqtisadiyyatın inkişafına səbəb
ola bilər. Lakin bu ssenaridə bir çox maneələr nəzərə çarpır.
Ermənistan bu ssenariyə qarşı çıxır, çünki o, Qarabağda
status-kvonu saxlamaqda israrlıdır. Ölkə ictimaiyyəti də Qarabağ
məsələsinə çox həssas yanaşır. Münaqişənin həllinə razılaşan Levon
Ter-Petrosyan 1998-ci ildə postundan uzaqlaşdırıldı. Hazırkı
prezident Serj Sarkisyan Dağlıq Qarabağda doğulub, yəni o, bu posta
təsadüfən gəlməyib. Ermənistan yalnız o zaman güzəştə gedər ki,
başqa çıxış yolu qalmasın, yaxud ictimaiyyətə sırımağa heç nəyi
olmasın", - deyə məqalədə bildirilir.
"Stratfor" Rusiyanın öz kriteriyalarının olduğunu vurğulayır.
Qeyd edir ki, Qafqazda hazırkı siyasi balans Moskvaya sərf edir:
"Təcrid vəziyyətində olan Ermənistan Rusiyadan asılıdır, Azərbaycan
və Gürcüstanın manevr imkanları məhduddur. Gürcüstan Avropa Birliyi
və NATO ilə əlaqələri sıxlaşdırmağa çalışır. Qərb isə Azərbaycanı
Transxəzər kimi Cənub Dəhlizi enerji layihələrində iştiraka
həvəsləndirir. Rusiya anlayır ki, uzunmüddətli balans çox duruş
gətirə bilməz. Moskvanın Azərbaycanla işləməsi, status kvonun
dəyişdirilməsi üçün ciddi təsir bağışlayan danışıqlar da bununla
bağlıdır. Rusiya götür-qoy edir ki, münaqişənin dəyişməsi
qaçılmazdırsa, danışıqlarda əsas rol oynasın. Təsadüfi deyil ki,
Azərbaycan ATƏT-in vasitəçilik etdiyi, ABŞ-ın da daxil olduğu
prosesə getdikcə daha az etibar edir. Əvəzində Bakı Rusiya ilə
ikitərəfli danışıqlara girişib".
Mərkəz münaqişənin həllində Türkiyə və İranın da təsir
imkanlarına sahib olduğunu yazır. Daha sonra qeyd edir ki, Rusiya
Ermənistanı Dağlıq Qarabağ məsələsində kompromisə inandıra bilsə,
Ermənistan üçün Türkiyə ilə sərhədlərin açılması, İranla ticarətin
güclənməsi kimi şərtlər olacaq: "Bu, Rusiyaya xeyli riskli addım
ola bilər, belə ki, əsasən Moskvanın nəzarətində olan regiona
Türkiyə və İran dəvət olunacaq. Risk ondadır ki, heç nə etməmək də
Rusiyanın mövqeyini pisləşdirəcək.
Digər bir potensial ssenari Azərbaycanın danışıqlar prosesini
irəlilətmək naminə münaqişəni gücləndirməsidir. İndiki fəaliyyət
hələlik Ermənistanı mövqeyini dəyişməyə məcbur etməyib. Lakin
Azərbaycan İrəvanın siyasi cəbhədə güzəştlərə getməsi üçün
Ermənistana təzyiq məqsədilə əməliyyatları genişləndirə bilər.
Hərbi müdaxilə isə yalnız Bakı ilə Moskvanın anlaşması ilə baş tuta
bilər. Əks halda, Azərbaycan Rusiyanın münaqişəyə cəlbi ilə üz-üzə
qala bilər. Moskva Azərbaycanın cəbhə xəttində hərbi
əməliyyatlarına daha çevik reaksiya göstərsə də, Ermənistanı tam
tərk etmiş kimi də görünməməyə çalışmalıdır. Rusiyanın əsas məqsədi
tərəflər arasında balans yaratmaq və baş vasitəçi rolunu oynamaq
olmalıdır. Hazırda diplomatik və hərbi cəbhələrdə ciddi tərpənişlər
var. Bu münaqişənin qızışmasından daha çox, danışıqlar prosesinin
irəliləməsinə işarədir. Təbii ki, bütün bunlar danışıqlar
prosesində yeni nələrinsə olduğu ehtimalını gücləndirir".