Avropa Parlamentinin tənqidi
qətnaməsindən dolayı rəsmi Bakı Avropa Birliyini "Şərq
tərəfdaşlığı" proqramından çıxmaqla hədələyir. Azərbaycanın Avropa
Birliyindən uzaqlaşması isə Rusiyaya faydalıdır. Bu, yaranmış
diplomatik boşluğu doldurmağa hazır olan Kremlə iki xarici siyasət
məqsədinə nail olmağa imkan verəcək.
Axar.az xəbər verir ki, bu barədə analitik məqalə Almaniyanın
"Deutche Welle" jurnalında yer alıb. Jurnal yazır ki, bu
məqsədlərdən biri tərəflərin "Krım presedentindən" öz xeyrinə
istifadə etməkdə maraqlı olduqları üçün dondurulmuş vəziyyətdən
çıxmaq təhlükəsi ilə üzləşmiş Qarabağ münaqişəsinin "qızışmasına"
yol verməməkdir:
"Bakı və İrəvan Krımın Rusiya tərəfindən ilhaqını müxtəlif
şəkildə şərh ediblər. İrəvanda Qarabağın Azərbaycanın işğal olunmuş
rayonları ilə birgə hazırkı sərhədləri çərçivəsində tanınması
imkanı barədə danışırlar. Bakıda isə Krımda öz keçmiş ərazilərinin
silah yolu ilə qaytarılması presedentini görüblər. Azərbaycanın
ictimai rəyi, yerli mətbuatını təhlil etsək, bu fikrə gəlmək olar,
"kiçik qalibiyyət müharibəsinə" hazırdır. Sovet dövrünün heç bir
inzibati sərhədləri ilə üst-üstə düşməyən və yalnız atəşkəs
bağlanıldığı məqamda tərəflərin hərbi vəziyyətini əks etdirən təmas
xəttində hər gün yüzədək atışma olur. Lakin Qafqazda genişmiqyaslı
müharibə bu gün Moskvanın maraqlarına cavab vermir. Kremlin
Ermənistan və Azərbaycanda kəskin artan diplomatik fəallığı məhz
bununla izah olunur".
Moskvanın ikinci məqsədinin Azərbaycan ərazisi və hava
məkanından Suriyaya tranzitə (belə bir tələbat yaranarsa) zəmanət
almaq olduğunu qeyd edən jurnal yazır ki, Suriya əməliyyatı
tədricən Rusiyanın əsas hərbi-siyasi şanslarından birinə çevrilir
və onu maksimal dərəcədə iflasa uğramaqdan qorumaq lazımdır:
"Buna görə də Kreml Azərbaycanın Avropa İttifaqı ilə
mübahisəsindən mümkün qədər aktiv istifadə etməklə, Bakını öz təsir
dairəsinə qaytarmağa ümid bəsləyir. Qarabağ münaqişəsinin dinc
nizamlanması planının təklif olunması Rusiya üçün bu işdə ideal
alətdir. Rusiya Ermənistan Prezidenti Serj Sərkisyanın sentyabrın
ortalarında Moskvaya səfəri zamanı ona hansı kompromis həll
variantını təklif edə bilərdi? Böyük ehtimalla, son illər resept o
qədər də çox dəyişməyib. Söhbət "Qarabağ tərəfinin işğal etdiyi"
Azərbaycan rayonlarının qaytarılmasından gedir. Lakin hamısının
yox, yalnız beşinin, özü də tədricən. İki rayonu isə Ermənistan
daha ciddi zəmanət olmadan qaytarmaqdan imtina edəcək, çünki bu
rayonlar Ermənistan və qondarma Dağlıq Qarabağ arasında bir
"körpüdür". Bəs əvəzində nə olacaq? Birbaşa və dolayısı
kompensasiya, Rusiyadan yeni hərbi zəmanətlər. Ola bilsin, bir
variant kimi, təkcə Ermənistan deyil, Azərbaycanda da Rusiya
bazalarının yaradılması ilə əlaqədar çətin bir sxemin həyata
keçirilsin - məsələn, Suriyaya yüklərin daşınması üçün tranzit
məntəqə şəklində. Moskvada hadisələrin belə inkişafından çox şad
olardılar, çünki bu, bütün Cənubi Qafqazı onun nəzarətinə
keçirməklə yanaşı, həm də onu Suriya əməliyyatı üçün ideal bazaya
çevirərdi. Digər tərəfdən, ABŞ tərəfindən sərt müqavimətlə
qarşılaşmamaq üçün Azərbaycanda baza yaradılmasını yalnız bu bəhanə
altında təklif etmək olardı. Kreml üçün bu plan demək olar ki,
ideal bir həll olardı. Qarabağda münaqişə yenidən dondurulur, lakin
həll olunmur, regionda iştirak güclənir, Ermənistana və Azərbaycana
təsir imkanları artır. Bu sxemdə minus tapmaq isə demək olar ki,
mümkün deyil. Beləliklə, həm torpaqların bir hissəsinin azad
olunmasını izah etməli olacaq, həm də Ermənistan və Qarabağın
hazırkı rəhbərliyi, eləcə də Azərbaycan rəhbərliyi üçün əlavə
problemlər yaradacaq. Kreml isə yalnız qazanan tərəf olacaq", -
jurnal yazır.