Kinorejissor Vaqif Mustafayev Azərbaycanın mərhum
eks-prezidenti Heydər Əliyev barədə yeni film çəkir. Filmin adı
"İnsanları xilas etmək"dir.
Filmin çəkilişi üçün Rusiyadan, Şimali Qafqaz Dəmiryolları Tarix
Muzeyindən xüsusi olaraq Azərbaycana qədim teplovoz da gətirilib.
Bu barədə muzeyin direktoru Vladimir Burakov yazıb.
V.Burakovun yazdığına görə muzeydən filmin çəkilişində istifadə
etmək üçün paravozu Azərbaycan Prezidenti Administrasiyasından
xahiş ediblər. ER-797-15 seriyasından olan paravoz xüsusi olaraq
Rusiyadan Azərbaycana, Qaradağ stansiyasına gətirilib. Paravozu
dartıb gətirmək üçün Azərbaycan tərəfi Şimali Qafqaza xüsusi qoşqu
da göndərib. Paravozun filmdə çəkilməsi onunla bağlıdır ki, Heydər
Əliyevin atası vaxtilə Zaqafqaziya Dəmiryollarında işləmişdi.
Filmdə baş rolu rusiyalı aktyor Proxor Dubrovin oynayıb.
Paravozun maşinist köməkçisi rolunu isə Şimali Qafqaz
dəmiryollarının lokomotivçisi Nikolay Bezqotovka oynayıb.
Bildirilir ki, filmin çəkilişi ilə bağlı qrafik tez-tez dəyişib və
yalnız 2013-cü ilin sentyabrında məlum olub ki, ilin sonuna qədər
bütün səhnələri çəkib başa çatdırmaq lazımdır. Həmin vaxta qədər
Azərbaycan dəmiryolçuları müstəqil şəkildə üç vaqon və bir ikioxlu
platforma əldə ediblər. Söhbət ötən əsrin əvvəllərinə aid
vaqonlardan və platformadan gedir. Çünki kinorejissor köhnə
sərnişin vaqonlarından ibarət qatarın platformaya daxil olmasını
səhnəsini çəkmək istəyirdi.
Şimali Qafqaz dəmiryolları ilə əldə edilmiş razılaşmaya əsasən
muzeydən götürülən paravoz Tixoretsk stansiyasından yola çıxıb və
vaxtında Biləcəri deposuna çatıb. Baş maşinist azərbaycanlı
Bəbiroğlu Bəybalayev olub. Çəkilişin yarısında məlum olub ki,
paravozun yanacağı-Mahaçqaladan götürülmüş daş kömür qurtarır.
Azərbaycan dəmiryolçularında isə müvafiq yanacaq növü olmayıb.
Nəticədə stansiyadan köhnə ağac şpalları söküb doğramaq lazım
gəlib. Məhz bu yanacaq sayəsində paravoz geri qayıda bilib və
Dərbənddə kömrük rəsmiləşməsindən keçib.
Muzey direktorunun yazdığına görə bu təcrübə göstərib ki,
paravozları uzaq məsafəyə göndərmək üçün daha yaxşı hazırlaşmaq
lazım idi. Belə ki, paravozu gətirən briqada üç həftə ərzində
paravoz budkasında qalmalı olub, onların dincəlməyə ancaq bir
çarpayıları var idi. Yuyunmaq, sanitar-gigeyena qaydalarına əməl
etmək üçün isə heç bir şərait olmayıb. Buna baxmayaraq paravoz
yolda bir dəfə də olsun xarab olmayıb və filmdə həmin səhnənin
çəkilişi uğurla başa çatıb. Azərbaycan tərəfi rusiyalı maşinistlərə
ürəkdən təşəkkür ediblər (Virtualaz.org).