Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 70-ci
sessiyasının ümumi müzakirələrində çıxış edib.
Axar.az Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər verir
ki, nazir təşkilatın sürətlə dəyişən beynəlxalq mühitə sabit
uyğunlaşma vasitəsilə cavab vermək imkanının diqqətəlayiq olduğunu
deyib. O, həmçinin Azərbaycanın terrorizm, şiddətli ekstremizm və
separatçılığın bütün forma və təzahürlərini qınadığını
söyləyib:
"Dövlətlərarası münasibətləri ehtiva edən silahlı münaqişələr və
ya siyasi böhranlar zamanı beynəlxalq hüquq və hüquqi nizama,
xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq
səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət etmək
öhdəliyi kimi fundamental normalarla uyğun gəlməyən həll yolu
qəbuledilməzdir.
Cari hadisələri nəzərə alaraq, Yaxın Şərq və Afrikadakı silahlı
münaqişələrdən qaynaqlanan qaçqın böhranı ilə bağlı dərin
narahatlığımızı ifadə etmək istərdim. Biz eyni dərəcədə dini
dözümsüzlük, xüsusilə islamofobiya və dinləri terrorizmlə
əlaqələndirmək cəhdləri kimi hallardan da narahatıq".
Elmar Məmmədyarovun sözlərinə görə, Azərbaycan BMT
Nizamnaməsinin məqsəd və prinsiplərinə əsaslanaraq BMT-nin
fəaliyyətlərinə konkret töhfələr verməkdədir:
"Mənim ölkəm 15 ildən artıq müddət ərzində BMT-nin mandatı
əsasında regional təşkilatlar və ya ayrı-ayrı üzv dövlətlərin
komandanlığı altında Kosovo, İraq və Əfqanıstanda həyata keçirilən
sülhməramlı əməliyyatlarda iştirak edib. Biz hazırda Azərbaycanda
təlim obyektlərini də təmin etməklə, BMT-nin sülhməramlı
əməliyyatlarına dəstək verməkdə maraqlıyıq. Minilliyin İnkişaf
Məqsədləri (MİM) bütün dünyada inkişafın təşviqində mühüm rol
oynayır. Bu baxımdan, Davamlı İnkişaf Məqsədlərinin sülh, rifah və
inkişafa nail olunma üzrə qlobal səylərdə effektiv alət olacağına
əminik.
Azərbaycan ötən illər ərzində bir çox MİM hədəfləri, xüsusilə
kəskin yoxsulluğun və aclığın aradan qaldırılması, ümumi orta
təhsilin təmini və gender bərabərliyinin təşviqi üzrə
nəzərəçarpacaq nailiyyətlər əldə edib. Davamlı inkişaf məqsədlərini
nəzərə alaraq, Azərbaycan daha dayanıqlı, əhatəli və
şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi üçün hazırda
özünün milli davamlı inkişaf strategiyasını işləyib
hazırlamaqdadır. Minilliyin İnkişaf Məqsədlərinin həyata
keçirilməsində Azərbaycanın israrlı öhdəliyi, əzm və davamlı
səylərinə verilən qiymətin təzahürü kimi ölkəmiz 2015-ci il üzrə
Cənub-Cənub Mükafatına layiq görülüb.
Regionun bir çox ölkələrinin üzləşdiyi qlobal iqtisadi və
maliyyə böhranlarına baxmayaraq, Azərbaycan 2015-ci ilin birinci
yarısında 5,7%-lik iqtisadi artım nümayiş etdirmişdir ki,
qeyri-neft sektorundakı artım 9,2%-ə bərabər olmuşdur.
Azərbaycan dünya bazarında enerji infrastrukturu layihələri üzrə
mühüm iştirakçıya çevrilmişdir. Bu sıraya Bakı-Tbilisi-Ceyhan neft
boru kəməri, Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya
və İtaliyanı birləşdirəcək TAP və TANAP layihələrinin inşası və
Cənub Qaz Dəhlizi daxildir.
Azərbaycan eləcə də Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir
yolları sistemlərini birləşdirəcək Bakı-Tbilisi-Qars kimi strateji
nəqliyyat infrastrukturu şəbəkəsinin təşəbbüskarıdır. Yeni Bakı
Beynəlxalq Dəniz Ticarət Portu qədim İpək Yolunun canlandırılması
ilə Şərq və Qərb arasında qısa və səmərəli əlaqəyə imkan
yaradacaq".
Nazir Azərbaycanın 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarına ev
sahibliyi edəcəyindən şərəf hissi keçirdiyini bildirib:
"Azərbaycan informasiya və kommunikasiya texnologiyalarını
inkişafın aparıcı qüvvəsi hesab edir və BMT çərçivəsində
Avrasiyanın dənizə çıxışı olmayan ölkələri, o cümlədən Əfqanıstan
və Mərkəzi Asiya üçün əlçatan və etibarlı genişzolaqlı qoşulma
imkanını təmin etmək üçün işlənib hazırlanmış Trans-Avrasiya
İnformasiya Magistralının (TASIM) təşəbbüskarı olub. Azərbaycan
insan məsələləri ölçüsündə insanlar arasında dözümlülüyü,
multikulturalizmin və anlaşmanı təşviq etməyi davam etdirir. Biz 50
ölkədən olan 6000 idmançının iştirakı ilə Avropa qitəsinin
tarixində İlk Avropa Oyunlarının bu il Bakı şəhərində
keçirilməsindən və Azərbaycanın 2017-ci ildə İslam Həmrəyliyi
Oyunlarına ev sahibliyi edəcəyindən şərəf hissi keçiririk. Biz
Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 2016-cı
ildə Bakı şəhərində 7-ci Ümumdünya Forumunu keçirməyi planlaşdırır
və bu tədbirin praktiki nəticələrinə ümid edirik".
Ermənistan prezidentinin çıxışına da toxunan Elmar Məmmədyarov
Serj Sərkisyanın çıxışının saxtakarlıq və təhrif dolu olduğunu
bildirib:
"Beynəlxalq ictimaiyyət uşaq, qadın və ahıllar da daxil olmaqla,
azərbaycanlı mülki şəxslərin Ermənistanın işğalçı qoşunları
tərəfindən amansız qırğınını, Ermənistanda ölkənin bütün siyasi
elitasını qətlə yetirməklə hərbi diktaturanın yaradılmasını və
saxta prezident seçkilərinə etiraz edən dinc nümayişçilərin
öldürülməsinin hələ də xatırlayır.
Ermənistanın müharibəyə başlaması və Azərbaycana qarşı güc
tətbiq etməsi, onun ərazisinin beşdə birini, o cümlədən Dağlıq
Qarabağ və onun ətrafındakı yeddi rayonu işğal etməsi, bir milyona
yaxın azərbaycanlını öz evlərindən zorla qovaraq zəbt edilmiş
ərazilərdə etnik təmizləmə həyata keçirməsi və münaqişə ərzində
digər ağır cinayətlər törətməsi hamıya yaxşı məlumdur. Beynəlxalq
ictimaiyyət Azərbaycana qarşı gücün tətbiqini və nəticə etibarilə,
onun ərazilərinin işğal edilməsini davamlı olaraq kəskin şəkildə
pisləyib.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 1993-cü
ildə Azərbaycanın ərazilərinin işğal edilməsini qınayan və
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü və Azərbaycanın
beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını bir
daha təsdiq edən 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993)
saylı qətnamələr qəbul edib.
Təhlükəsizlik Şurası bu qətnamələrdə Dağlıq Qarabağın
Azərbaycanın tərkib hissəsi olmasını təsdiqləyib və işğalçı
qüvvələrin bütün işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam
və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Digər beynəlxalq
təşkilatlar da oxşar mövqe nümayiş etdirib.
Ermənistan beynəlxalq ictimaiyyətin mövqeyinə tam hörmətsizlik
edərək və beynəlxalq hüququn ümumi qəbul olunmuş norma və
prinsiplərini kobud şəkildə pozaraq özünün qeyri-real işğalçılıq
iddialarında təkid etməkdə, işğal edilmiş ərazilərin fiziki,
demoqrafik və mədəni adlarını dəyişdirərək və yüz minlərlə məcburi
şəkildə köçürülmüş azərbaycanlının öz doğma yurdlarına qayıtmasını
və bu ərazilərdəki öz əmlakına sahib olmaq hüququnu rədd edərək
hazırkı status-kvonun möhkəmlənməsinə yönəlmiş səylər göstərməyə
davam edir.
Avropa İnsan Hüquqları Məhkəməsi Çıraqov və digərləri
Ermənistana qarşı işi üzrə çıxardığı qərarda Azərbaycan
ərazilərinin işğalı və azərbaycanlı məcburi köçkünlərin
hüquqlarının pozulmasına görə Ermənistanın məsuliyyət daşıdığını
təsbit edib. Bu qərara və beynəlxalq hüququn norma və prinsiplərinə
tam şəkildə hörmətsizlik edərək, Ermənistan işğal olunmuş
ərazilərin fiziki, demoqrafik və mədəni xarakterini dəyişməklə
mövcud status kvonu daha da möhkəmləndirmək istiqamətində səylərini
davam etdirir və öz evlərindən zorla qovulmuş yüz minlərlə
azərbaycanlının evlərinə qayıtması və mülkiyyətlərini əldə etməsi
hüququnun ifadə olunmasına imkan vermir.
26 sentyabr 2015-ci il tarixində Ermənistan prezidenti
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionuna Ermənistanın
bir hissəsi kimi istinad edilən bəyanat verib. Biz qəti şəkildə bu
yalan və təcavüzkar bəyanatı rədd edirik. Bu bəyanat Ermənistanın
BMT Nizamnaməsi və beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə
məhəl qoymadığını bir daha sübut edir və Ermənistan tərəfindən
Azərbaycana qarşı təcavüzün törədilməsinin ən yüksək səviyyədə daha
bir etirafıdır. Bu Ermənistan rəhbərliyinin sülhə konstruktiv
yollarla nail olunması prosesindən nə dərəcədə uzaq olmasının
göstəricisidir. Bu bəyanatda Ermənistan prezidenti hətta ölkəsinin
dünyanın ən hərbiləşdirilmiş regionu olmasından fəxr etdiyini
bildirir.
Bunların fonunda Ermənistanın etimad quruculuğu tədbirləri
barəsində möhtəkirliyi yalandan başqa bir şey deyil. Ermənistanın
tarixi təhriflər əsasında qonşu dövlətlərə qarşı açıq-aşkar ərazi
iddiaları, Azərbaycana qarşı təcavüzü, onun ərazilərini işğal
etməsi və etnik təmizləmə aparması, münaqişənin gedişində
törədilmiş cinayətlərə görə məsuliyyəti təkidlə inkarı,
Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni
icması arasında birbaşa təmaslara qarşı çıxması və itkin düşmüş
şəxslər məsələsi üzrə ciddi əməkdaşlıqdan yayınması etimadın
olmamasının əsl səbəbləridir.
Effektiv etimad quruculuğu tədbirləri üçün ən vacibi və ilk
növbədə təxirə salınmadan Ermənistanın silahlı qüvvələrinin işğal
olunmuş Azərbaycan ərazilərindən çıxarılmasına dair plan həyata
keçirilməlidir. Qoşunların təmas xətti boyunca insidentlərin
araşdırılması mexanizminin yaradılması barəsində ideyalara gəlincə,
qeyd etməliyik ki, bu insidentlərin baş verməsinin əsas səbəbi
Ermənistanın silahlı qüvvələrinin qeyri-qanuni şəkildə işğal
olunmuş Azərbaycan ərazilərində mövcudluğudur. Əks təqdirdə, bu
ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin prezidentlərinin də
dəfələrlə qəbuledilməz və qeyri-davamlı olduğunu bəyan etdikləri
status kvonun saxlanmasına xidmət edəcək.
Dağlıq Qarabağ regionu hər zaman Azərbaycanın ayrılmaz tərkib
hissəsi olub və olmaqda da davam edəcək. Biz heç bir zaman öz
ərazilərimizin işğalı ilə barışmayacağıq. Münaqişə yalnız
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində
onun suverenliyi və ərazi bütövlüyü əsasında həll edilə bilər.
Azərbaycan ərazilərinin hərbi yolla işğalı həll yolu deyil və heç
vaxt Ermənistan tərəfindən arzu olunan siyasi nəticə verməyəcək.
Ermənistan bu reallığı nə qədər tez dərk etsə, münaqişə o qədər tez
həll edilər və regiondakı ölkələr və xalqlar əməkdaşlıq və iqtisadi
inkişaf perspektivlərindən faydalanar.
Azərbaycan münaqişənin danışıqlar yolu ilə tezliklə
nizamlanmasında ən maraqlı tərəfdir. Buna baxmayaraq, danışıqlar
yolu Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən
tamamilə və qeyd-şərtsiz çıxarılması ilə nəticələnməsə, Azərbaycan
BMT Nizamnaməsinin 51-ci maddəsi ilə təsbit olunmuş hüququndan
istifadə edərək, beynəlxalq səviyyədə tanınmış sərhədləri
çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpasını təmin
etmək məcburiyyətində qalacaq.
Azərbaycan BMT üzv dövlətlərinin Azərbaycan üçün mühüm əhəmiyyət
kəsb edən və onun suverenliyi və ərazi bütövlüyünə aid olan
məsələlər üzrə dəfələrlə göstərdiyi prinsipial mövqeyi yüksək
qiymətləndirir. Biz beynəlxalq ictimaiyyətin BMT Nizamnaməsinin
məqsəd və prinsiplərini müdafiə etmək istiqamətində qətiyyətli
mövqeyinə, eləcə də, onun Azərbaycanın ədalətli mövqeyi ilə
həmrəyliyinə güvənirik".