"Avesta" Konserni ilə
Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti arasında
məhkəmə çəkişməsi davam edir.
Report-un
xəbərinə görə, Ali Məhkəmə işi Bakı Apellyasiya Məhkəməsinə
qaytarıb.
"Avesta" Konserninin sahibi İbrahim Nehrəmli "Report"a
açıqlamasında məlumatı təsdiqləyib. O, vergi borcunun "Khazar
İslands" layihəsi ilə bağlı olduğunu deyib:
"Həmin layihə çərçivəsində biz 500 hektar su altında olan
torpaqların 37 hektarını doldurmuşuq. Həmin 37 hektar torpaq artıq
su altından çıxıb. İstifadəli sahə olduğu üçün buna vergi vermək
qanunda göstərilib. Lakin su altında olan torpaqlara vergi düşmür.
Lakin Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti su
altında olan torpaqlara görə də bizdən vergi tutub. Biz də onları
məhkəməyə vermişik. Burada sadəcə anlaşılmazlıq olub. Məhkəmə bunu
həll edəcək. Dediyim kimi, vergi qanunvericiliyinə əsasən, su
altında olan torpaqlara vergi tutulmur. Biz bunu əsas götürərək
nazirliyin departamentini məhkəməyə vermişik. Vergilər Nazirliyi
yanında Bakı Vergilər Departamenti bizim şirkətdən 3 il ərzində 1
milyon 500 min manat pul tutub. Biz də onlara dedik ki, bu yalan
olar, burada vergi məbləği 100 min manat olmalıdır. 1,4 milyon pul
isə artıq ödəmədir. Həmin pulları başqa borclarımıza
yönəldəcəyik".
Xatırladaq ki, "Avesta Konserni" MMC Azərbaycan Vergilər
Nazirliyinin Bakı Vergilər Departamentini məhkəməyə verib. Şirkət
vergi borcunun ləğv edilməsi barədə iddia qaldırıb. 2 saylı Bakı
İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib. Bakı Apellyasiya
Məhkəməsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi
aktı qismən ləğv edib və yeni qərar qəbul edib.