Azərbaycanda dini ayinlər və
mərasimlərin keçirilməsi ilə bağlı qaydalar
sərtləşdirilir. "Dini etiqad
azadlığı haqqında"
Qanuna dəyişiklik layihəsi dekabrın 2-də Milli Məclisin
komitələrinin birgə iclasında müzakirə olunub. Dəyişikliyə əsasən,
xaricdə dini təhsil alan Azərbaycan vətəndaşlarının islam dininə
aid ayin və mərasimləri aparması qadağandır. Bəs, azərbaycanlılar
hansı ölkələrdə dini təhsil alırlar?
Axar.az bu mövzuda araşdırma aparıb.
1991-ci ildən bugünə qədər ölkədən xaricdə 2166 nəfər dini
təhsil alıb. Amma maraqlıdır ki, dövlət xətti ilə xaricdə dini
təhsil alan tələbə yoxdur. Bunu Təhsil Nazirliyi də yaydığı
açıqlamasında təsdiqləyib.
Azərbaycanlıların üz tutduğu dini mərkəzlər əsasən İraqın Nəcəf,
İranın Qum, Məşhəd, Suriyanın Dəməşq, Səudiyyə Ərəbistanının Mədinə
şəhərlərində yerləşir.
Son vaxtlar isə azərbaycanlılar Ələzhər (Misir), Mədinə İslam
Universiteti, İranın Qum şəhərində yerləşən Mustafa
universitetlərində dini təhsil almağa üstünlük verirlər. Ələzhər
islam dünyasının ən qədim universitetlərindən biridir.
Həmçinin Türkiyənin əksər ali məktəblərində ilahiyyat
fakültələri fəaliyyət göstərir ki, qardaş ölkəyə də dini təhsil
üçün gedənlər az deyil.
Tanınmışlara gəlincə, bütün Qafqazın şeyxi Hacı Allahşükür
Paşazadə öz zamanında (1968-ci il) xaric sayılmayan Buxarada
(Özbəkistan) Mir Ərəb mədrəsəsinə daxil olub və dini təhsilini
1975-ci ildə Daşkənd İslam Universitetində başa vurub.
Əbubəkr məscidinin imam-camaatı, sələfi təriqətinin lideri Hacı
Qamət Süleymanov Mədinə İslam Universitetinin məzunu olub.
Cümə məscdinin imam-camaatı Hacı İlqar İbrahimoğlu İranın Qəzvin
Universitetində təhsil alıb. Vikipedik məlumatda onun iqtisadiyyat,
fəlsəfə və ilahiyyat üzrə təhsil aldığı qeyd olunub. "İslam və Qərb
fəlsəfələrinin inteqrasiyası" mövzusunda elmi dissertasiya müdafiə
edib. Gənclik illərində "Nə? Harada? Nə vaxt?" komandasının
kapitanı olub. Birinci dərəcəli şahmat ustasıdır.
Nardaranda baş verən son hadisələrlə bağlı həbs edilən Hacı Tale
Bağırzadə 2005-2010-cu illərdə İranın Qum, 2010-cu ildən 2011-ci
ilin mayınadək İraqın Nəcəf şəhərlərində təhsil alıb…
Azərbaycanda yeganə ali dini təhsil müəssisəsi Bakı İslam
Universitetidir. Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nəzdində
olan Bakı İslam Universiteti 20 ildir fəaliyyət göstərir.
Universitetin İslamşünaslıq və
Şəriət fakültələri var. İndiyədək universitetin 1350 məzunu olub.
Universiteti bitirən tələbələrdən 450 nəfəri xarici ölkələrdə
təhsilini davam etdirib.
Qəribə görünsə də, ölkənin
nüfuzlu din xadimi, hamının xütbələrinə xüsusi önəm verdiyi,
Məşhədi Dadaş məscidinin imam-camaatı, QMİ-nin nümayəndəsi Hacı
Şahin Həsənli Azərbaycan Dövlət Texniki Universitetinin
Maşınqayırma fakültəsini bitirib. O, ikinci təhsili Bakı Dövlət
Universitetinin Tarix fakültəsində alıb.
Bu fakt bir daha təsdiqləyir ki, dini bilikləri mənimsəmək üçün
İran və ya İraqa getmək vacib deyil.