Ana səhifə Gündəm |
Erməni bloger İşxan Verdyanın Qarabağ iqtisadi rayonunda baş verən son hadisələrlə bağlı Axar.az-a müsahibəsi:
- Qarabağ iqtisadi rayonunda hazırkı vəziyyəti necə qiymətləndirirsiniz?
- Əvvəlcə, indi Qarabağda nə baş verdiyini bilmək lazımdır. Siyasi vəziyyətdən uzaqlaşsaq görərik ki, bölgədə həqiqətən böhran vəziyyəti yaranıb. Bəli, insanlar acından ölmür, amma onların rasionu kritik səviyyədə məhdudlaşıb. Əsasən, yerdə nə bitirsə, onunla qidalanırlar: kartof, pomidor, badımcan. Amma ilk əsən küləklərlə bu kənd təsərrüfat məhsulları qurtaracaq. Onda isə həqiqi aclıq başlayacaq. Qarabağa ərzaq Bakıdan göndərilən yardımı qəbul etmək istəməyən faşist düşüncəli şəxslərin ucbatından gəlmir. Çörək çatışmazlığı bununla bağlıdır. İnsanlar səkkiz saat çörək talonu üçün növbədə dayanır. Sonra çörəyin özü üçün o qədər vaxt gözləməli olur. İndi hər ailəyə çox keyfiyyətsiz bir baton çörək verilir. Vəziyyət hər gün daha da pisləşir və məsuliyyət “rəhbərliyin” üzərinə düşür.
“Rəhbərliy”in özü isə çıxılmaz vəziyyətdədir. Bir tərəfdən, Araik Arutyunyan Nikol Paşinyanla sıx korrupsiya əlaqələri ilə bağlıdır, onun iradəsinə tabe olur. Paşinyan da alayarımçıq Qarabağ əhalisinin Azərbaycanın mərkəzi hakimiyyəti ilə dialoq tərəfdarıdır. Digər tərəfdən, Arutyunyan Qarabağda hər şeyə tam nəzarət edən, rəsmi Bakı ilə ermənilərin birbaşa dialoq mümkünlüyünü nəzərdən keçirməyən Rusiya sülhməramlı kontingentinin rəhbərliyinə tabedir: Rusiyanın mövqeyini isə hamı bilir - konfliktin qeyri-müəyyən vaxta uzadılmasının tərəfdarıdır.
- Araik Arutyunyanın “istefası” hansı zərurətdən yarandı?
- Siyasi şpaqatda olan Arutyunyan tezliklə real aclığa görə məsuliyyət daşımalıdır. O, bir neçə dəfə Ağdam yolunun açılmasının mümkünlüyünə eyham vurdu, amma dərhal rusiyapərəst müxalifətdən sərt reaksiya gördü. Bu gün isə Azərbaycan ərzaq yardımı göndərəndən sonra aclığın qarşısının alınması ilə yolun açılması məsələsi vəhdət təşkil edir. Belə olan halda da Arutyunyanın şpaqatı cırıldı. O, revanşist tərəfdə qalaraq Azərbaycandan yük maşınlarının gəlməsinə rədd cavabı verdi. Anlayırıq ki, qərar onun deyil. Amma gələcəkdə məsuliyyəti o daşıyacaq. Arutyunyan batan “Titanik”dəki siçovullar kimi tez tərpənib vəziyyətə nəzarəti revanşistlərə təhvil verib, gəmini tələsik tərk etdi.
- İndiki “rəhbərlik” reinteqrasiyada maraqlı olacaqmı?
- Samvel Şahramanyan haqqında o məlumdur ki, “dövlət təhlükəsizlik orqanları”nın işçisidir. İliyinə kimi çekist olan Samvelin Moskva ilə əlaqələri adi baxışla da görünür. Böhran vaxtı çekistin “hakimiyyətə” gəlməsi əhali üçün heç də yaxşı xəbər deyil. Arutyunyan istənilən siyasətçini “vəzifəyə” təyin edə bilərdi. Lakin o, çekisti seçdi. Bu da Qarabağda yaşayan əhalinin həyat səviyyəsinə qaçılmaz təsir edəcək. Mümkündür ki, biz tezliklə sərt məhdudiyyətlər haqqında eşidəcəyik. Separatçı rejimin tabeliyində yaşayan əhalinin həyatı dəfələrlə çətinləşəcək. Bu, hansı nəticələrə gətirəcək, demək çətindir, amma aclıq içində yaşayan əhalinin səfərbərliyi yaxşı heç nə vəd etmir.
Əlbəttə, əgər təcrübəli kəşfiyyatçı Şahramanyanın Bakı ilə gizli əlaqəsi yoxdursa, onda ermənilərin inteqrasiya məsələsi gündəmdən sadəcə çıxarılacaq. İnsanları qorxutmaq və qəzəbləndirmək siyasəti həyata keçiriləcək. Bu da ərzaq problemi yaşayan insanları Qarabağı tərk etməyə vadar edəcək. Beləliklə, nəhayət, geniş anons edilmiş etnik təmizləmə həyata keçiriləcək. Əlavə etsək ki, Ermənistanda ruspərəst qüvvələr Nikol Paşinyanın istefasına nail olmaq istəyirlər, onda on minlərlə qəzəbli qarabağlının Ermənistana gəlişi həmin qüvvələrin məsələlərini mümkün qədər yüngülləşdirəcək. Yəni belə olan vəziyyətdə Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq ehtimalı çoxdur.
- Bəs, Azərbaycan əleyhinə aparılan anti-təbliğat nə ilə nəticələnə bilər?
- Əgər hər şey yuxarıda göstərildiyi plan üzrə getsə, onda Bakının etnik təmizləmə ittihamı ilə üzləşmə problemləri yarana bilər. Bəli, vəziyyəti erməni tərəfi planlayacaq, amma antiazərbaycan qüvvələr belə xırda detallara varmayacaq. Avropa ölkələri məqsədyönlü və davamlı olaraq, biabrçı faktlara əhəmiyyət verməyərək, antiazərbaycan siyasəti yürüdür.
Buna əyani sübut kimi isə Parisin xanım merinin təşkil etdiyi “TIR şounu”, eləcə də heç bir faktlara əhəmiyyət verilmədən Azərbaycanın mütləq şər kimi təqdim olunmasını, həmçinin onun sonrakı mətbuat konfransını göstərmək olar.
- Baxmayaraq ki, Bakı erməni vətəndaşlarına qarşı ayrı-seçkilik etməyəcəyini, digər vətəndaşları kimi onlara eyni hüquq verəcəyini dəfələrlə dilə gətirib...
- Bakı öz KİV-ləri vasitəsi ilə Qarabağ erməniləri ilə birbaşa danışmağa başlasa, vəziyyəti kökündən dəyişə bilər. Qarabağ erməniləri ilə bağlı Azərbaycanın niyyəti məlumdur. İndi bu niyyəti asan dildə izah etmək lazımdır. Qarabağda daxili təbliğatla asanlıqla neytrallaşdırıla bilən, quru siyasi protokol çıxışlarla məhdudlaşmayan, əhali arasında aydınlaşdırma işi aparılmalıdır. Anlamaq lazımdır ki, Qarabağ erməniləri Azərbaycandan ölümcül qorxurlar. Deməli, inteqrasiyaya uğurlu başlamaq üçün öz potensial vətəndaşlarının beynindən qorxunu götürmək lazımdır. Dəyişiklik o zaman baş verəcək ki, Qarabağda daxili ab-hava dəyişəcək. Azərbaycan Qarabağla bağlı məsələlərdə hər bir halda aparıcı rol oynamalıdır - ona görə ki, Qarabağ Azərbaycandır!
Tarix
2023.09.01 / 09:00
|
Müəllif
Vüsalə İsgəndərova
|