Milli Məclisin oktyabrın 29-da baş tutan plenar iclasında qanun
layihəsinin qəbulu zamanı bir millət vəkilinin digərinin yerinə səs
verdiyi anları əks etdirən video-görüntü yayılıb. Hətta videoda
Sabirabaddan seçilən millət vəkili Ceyhun Osmanlının başqasının
yerinə səs verməsi daha aydın əks olunub. Baş vermiş hadisə
cəmiyyətdə geniş müzakirələrə səbəb olub və hətta narazılıqla
qarşılanıb.
Məsələ ilə əlaqədar millət vəkilləri "Axar.az"a danışdı. YAP-çı
millət vəkili Aydın Mirzəzadənin fikrincə:
"Milli Məclisin daxili nizamnaməsinə görə, deputat qanun
layihəsi zamanı istənilən məsələyə öz səsini verməlidir. Yəni bu
baxımdan ayrı-ayrı deputatların belə hərəkətlərinə Milli Məclisin
İntizam Komissiyası öz rəyini verməlidir".
Milli Məclisin İntizam Komissiyasının üzvü Böyük Quruluş
Partiyasının sədri Fazil Mustafa isə hesab edir ki, bir millət
vəkili digərindən onun əvəzinə səs verməyi xahiş edə bilər:
"Ceyhun Osmanlının kiminsə yerinə səs verməyinə inanmıram. Qaldı
ki, "qanunsuzluq" məsələsinə, bu bir qədər problemlidir. Hər kəs
özü səs verməlidir, amma ola bilər ki, hansısa millət vəkilinin işi
çıxa və ya çay içməyə gedə, həmkarından onun yerinə səs verməyi
xahiş edə bilər".
Ümid Partiyasının sədri İqbal Ağazadə bunu millət vəkillərinin
formalaşmış mövqeyi ilə izah etdi və bunda faciəvi bir şey
olmadığını bildirdi:
"Millət vəkilləri əvvəlcədən bəzi məsələlərə münasibət bildirir,
yəni bu, dünyanın hər yerində belə olur. Dostlarından onların
yerinə səs verməyi xahiş edirlər. Bundan da faciə düzəltmək lazım
deyil. Həm də onların daha əvvəlcədən formalaşmış mövqeyi olur və
gündəlikdəki məsələlərə "hə" və ya "yox" cavabını verəcəyini
əvvəlcədən bilir".
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə isə
millət vəkillərinin hərəkətlərini qanunsuz hesab etdi və onları
diqqətli olmağa çağırdı: "Məncə, bunu şişirtməyə dəyməz. Amma
əlbəttə ki, millət vəkillərinin bu hərəkəti düzgün deyil. Sadəcə,
elə olur ki, bir millət vəkili səsvermə zamanı hər hansı bir vacib
işə görə çölə çıxır və həmkarından onun yerinə səs verməyi xahiş
edir. Düşünürəm ki, diqqətli olmaq lazımdır, çünki bu, qanunsuz
hərəkətdir".
Video: "virtualaz.org"