Vətəndaşların milyonlarla manat pulunu mənimsəyən
"Texnikabank"ın Bakı filialının sabiq rəhbəri Zal Yusifov Ağır
Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum
edilsə də, məhkəmənin qərarının onun əmlakının müsadirə edilməsi
ilə bağlı hissəsi hələ də icra olunmayıb.
Teleqraf.com-un məlumatına əsasən, bu iş üzrə 81
nəfərin zərərçəkmiş şəxs kimi tanındığı bildirilir. Həmin şəxslərə
dəymiş zərərin külli miqdarda - milyonlarla manat olduğu da
bəllidir. Lakin bu günə qədər zərərçəkmişlərə dəymiş ziyan
ödənilməyib.
Artıq xeyli vaxtdır ki, "Texnikabank"ın Bakı filialının rəhbəri
Zal Yusifov tərəfindən vətəndaşlara dəymiş ziyanın ödənilməməsi
hüquqşünaslar və millət vəkillərinin müzakirəsinə səbəb olub. Bu
məsələni müzakirə edən şəxslər dəymiş ziyanın ödənilməsinin vacib
olduğunu deyiblər. Qanunvericilikdə də birbaşa göstərilib ki,
vətəndaşa dəymiş ziyanın ödənilməsi məhkəmələr tərəfindən birinci
planda durur.
Ona görə də dələduzluq cinayətlərini araşdıran hakimlər
təqsirləndirilən şəxsə və onun qohumlarına məsləhət görürlər ki,
vətəndaşa dəymiş ziyanın ödənilməsi vacibdir.
Amma çoxlu sayda vətəndaşların milyonlarla pulunu mənimsəyən Zal
Yusifov dələduzluq yolu ilə ələ keçirdiyi pulları ödəməkdən
yayınır. Dələduz bankirin atası Zakir Yusifov oğlunun cinayət yolu
ilə əldə etdiyi əmlakların üzərinə qoyulmuş həbslərin götürülməsi
üçün adam axtarır. O, bu niyyətini həyata keçirmək üçün qapı-qapı
gəzir. O, digər oğlu Zülal Yusifovun vasitəsilə ilə yuxarı
dairələrlə əlaqə saxlamağa çalışır, hökmün öz xeyirlərinə həll
olunması üçün dəridən-qabıqdan çıxırlar. Ata və oğul bu hərəkətləri
ilə qanunları tapdamaq istəyirlər.
Ali Məhkəmənin sədri Ramiz Rzayev də plenum iclaslarında,
mətbuata verdiyi açıqlamalarda dəfələrlə bildirib ki, vətəndaşlara
dəymiş ziyanın ödənilməsi vacib məsələdir və məhkəmələr bu
istiqamətdə ciddi araşdırma aparmalıdır.
Baş prokurorun müavini, Korrupsiyaya Qarşı mübarizə İdarəsinin
rəisi Kamran Əliyev də yanvarın 15-də keçirdiyi mətbuat
konfransında bildirib ki, ən çox korrupsiya halları bank sektorunda
baş verir.
Burada qeyd etmək yerinə düşər ki, Zal Yusifovun vəzifə
səlahiyyətlərindən sui-istifadə edərək 81 nəfərin külli miqdarda
pulunu mənimsəsə də, onun atası imkan vermir ki, dəymiş ziyanın
ödənilməsi üçün üzərinə həbs qoyulan əmlaklar hərraca çıxarılsın və
satılsın. Vətəndaşlara ziyan 2008-ci ildə dəysə də, illər keçməsinə
baxmayaraq ziyanın ödənilməsi öz həllini tapmayıb. Zakir Yusifovun
bu hərəkətləri nəticəsində çoxlu sayda vətəndaşların hüquqları
pozulur.
Zakir Yusifovun iddiası ilə növbəti dəfə "Texnikabank"ın Bakı
filialının eks-rəhbəri Zal Yusifovun cinayət işi üzrə qərar ləğv
edilib. Ali Məhkəmənin 14 noyabr 2015-ci il tarixli qərarı ilə iş
materialları yenidən Bakı Apelyasiya Məhkəməsinə qaytarılıb.
Cinayət işi apelyasiya instansiyasında hakim Vüqar Məmmədovun
sədrlik etdiyi kollegiyada araşdırılır.
"Texnikabank" işində bir qrup zərərçəkmişin vəkili Aqil Layıcov
bildirib ki, sonuncu məhkəmə prosesində üzərinə həbs qoyulan
əmlakların kimə məxsus olması ilə bağlı müvafiq qurumlara sorğu
göndərilib. Onun sözlərinə görə, əmlakların Zal Yusifov tərəfindən
tikildiyi sübut olunsa, o zaman üzərinə həbs qoyulan əmlakların
müsadirəsi məsələsi müzakirə ediləcək.
Aqil Layıcov qeyd edib ki, sonuncu məhkəmə iclasında cinayət işi
üzrə adı keçən heç bir zərərçəkmiş iştirak etməyib: "Proses
qeyri-müəyyən vaxtadək təxirə salınıb. Sorğulara cavab veriləndən
sonra proses davam edəcək".
"Vətəndaşların əmək hüquqları Liqasının sədri Sahib Məmmədovun
fikrincə, istənilən situasiyada zərər vuran tərəf zərəri
ödəməlidir: "Dəymiş ziyan ödənilmədiyi halda əmlak həbsə qoyulur,
hərraca çıxarılmaqla zərərçəkənlərin ziyanı ödənilir".
"Texnikabank" olayına gəlincə, S.Məmmədov hesab edir ki, qanunda
boşluq olduğundan əmlak və ya mülklərin de-fakto sahibləri ilə
de-yuri sahib fərqli olur: "Məhkəmə faktiki olaraq işin halları ilə
sübut edə bilər ki, "Texnikabank"ın sabiq rəhbərinin atasının adına
olan əmlak məhz dələduzluq yolu ilə əldə edilən vəsaitlər hesabına
formalaşıb. Məhkəmələr bəzən subyektivliyə yol verərək başqa
qənaətə gəlirlər. Əslində məhkəmə sübuta yetirilməlidir ki, mülk
əslində keçmiş bank sahibinindir. Ölkədə korrupsiyaya qarşı
mübarizə gedir. Hesab edirəm ki, hüquqi yolla de-fakto əmlak
atasının adına sənədləşdirildiyi sübut edilsə, qərar icraya yönələ
və əldə olunan vəsait də zərərçəkmişlərə verilə bilər. Əgər atası
mülkün özünə məxsus olması ilə bağlı başqa məhkəməyə müraciət
edibsə, belə məqamda zərərçəkmişlər gözləmə mövqeyində qalır. Hər
kəsin məhkəmədə çəkişmək haqqı var. O da bunun əksini sübut etməyə
çalışır. Zərərçəkənlər şikayət ediblər, istintaqı aparan tərəf
bununla bağlı məsələ qaldırıb, məhkəmə qərar çıxarıb, ona görə də
gözləməkdən başqa yol yoxdur".
Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin hüquq
müdafiəçisi Sədaqət Paşayeva çıxış yolunu Ədliyyə Nazirliyi məhkəmə
qərarlarının icrası Baş İdarəsinə müraciətdə görür: "Əmlakın
müsadirə edilməsi haqda qərarını hansı rayon məhkəməsi çıxarıbsa,
zərərçəkənlər qərarın icrası ilə bağlı şikayət verməlidirlər ki,
məhkəmənin qərarının icrası uzadılır və icra olunmur. Dərhal
qərarın icra olunmaması ilə bağlı cinayət işi açılmalıdır. Konkret
hansı mülk hesabına zərərçəkənlərə dəymiş ziyanın ödənilməsi ilə
bağlı məhkəmə qərarını Ədliyyə Nazirliyi məhkəmə qərarlarının
icrası Baş İdarəsinə həyata keçirməlidir.
Zərərçəkənlər birinci rayon məhkəməsindəki ədliyyə polisinə
yaxınlaşmalıdırlar, ədliyyə polisi icra olunmayan məhkəmə qərarı
ilə bağlı protokol tərtib etməli və prokurorluq cinayət işi
açmalıdır ki, qərar dərhal icra olunsun. Qarşı tərəfin məhkəməni
uzatması üçün heç bir səbəbi olmamalıdır. Ortada konkret məhkəmə
qərarı varsa, bunun icrası ilə bağlı məsələnin üzərinə
gedilməlidir. "Texnikabank"ın sabiq rəhbərinin atasının nə
deməyindən asılı olmayaraq qərar icra olunmalıdır. Məhkəmə
prosesində əmlakın qiyməti dəyərləndirilib və o, hərraca
çıxarılaraq satılmalı və zərərçəkmişlərin pulu ödənməlidir. Bu fakt
digər bank sahiblərinə də örnək olmalıdır ki, başqaları insanların
pulunu mənimsəməsin".
S.Paşayevanın sözlərinə görə, banklarla bağlı bu kimi hallar
saysız-hesabsızdır: "İnsanlar hüquqlarını yaxşı bilmir. Bəzən bir
neçə səhifədən ibarət müqavilə kağızları verirlər, insanlar bəzən
müqaviləni oxumadan imzalayırlar və aldadılırlar. Sovet dövründən
çıxmış insanlardır, maarifçilik aşağıdır. Belə bir vəziyyətdə bank
sahibləri insanlardan istifadə edərək onların pulunu
mənimsəyirlər".