Bəzi işbazlar müxtəlif qeyri-qanuni üsullara əl atmaqla
gömrük ödənişlərindən yayınmağa çalışırlar. Lakin bu kimi halların
qarşısı gömrük orqanları tərəfindən qətiyyətlə alınır, gömrük
qanunvericiliyinin tələblərinin icrası təmin olunur.
Axar.az Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən
xəbər verir ki, bu yaxınlarda gömrükçülər tranzit gömrük proseduru
altında ölkə ərazisinə gətirilən xeli həcmdə taxta məmulatının
realizə edilməsinin qarşısını alıblar.
Astara Gömrük İdarəsinin gömrük sahəsində hüquqpozmalara qarşı
mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Astara
şəhər sakini Əhədulla Hümmətlinin idarə etdiyi "KAMAZ-5410"
markalı, 07BD314/44ZA346 nömrəli nişanlı yük maşınından həmin
şəhərin sakini Nurulla Nurəliyevin idarə etdiyi "MAZ-54323"
markalı, 07BA677/07ZA147 nömrə nişanlı yük maşınına taxta məmulatı
yüklənərkən hər iki şəxs saxlanılıb, yükləmə-boşaltma əməliyyatı
dayandırılaraq yükə və nəqliyyat vasitəsinə dair sənədlər tələb
olunub.
Sürücü Əhədulla Hümmətlinin təqdim etdiyi yükə və nəqliyyat
vasitəsinə dair sənədlərə əsasən, maşında olan taxta yükü Rusiya
Federasiyasından İran İslam Respublikasına göndərilməsindən ötrü
bəyannaməçi - Bakı şəhərində yerləşən "MARS-SM" MMC tərəfindən
bəyan olunmaqla, 06.01.2016-ci il tarixdə Bakı Baş Gömrük
İdarəsində tranzit çıxış təyinatı üzrə rəsmiləşdirilmiş və tranzit
gömrük proseduru altında İrana göndərilməsindən ötrü Astara Gömrük
İdarəsinə təyinat verilib.
Hər iki yüklü nəqliyyat vasitəsi müvafiq araşdırma aparılması
üçün Astara Gömrük İdarəsinə gətirilib və gömrük nəzarəti altında
saxlanılıb. Daha sonra həmin yük maşınlarında olan taxta
məmulatının çəkisi müəyyən edilib.
Nəticədə, təqdim olunan sənədlərdə yükün çəkisi 31500 kq, ölçüsü
50,8395 m3 göstərildiyi halda, faktiki olaraq yükləmə-boşaltma
əməliyyatı zamanı saxlanılmış iki maşındakı yükün ümumi çəkisi
11700 kq, ölçüsünün isə 17,308 m3 olduğu məlum olub.
Astara Gömrük İdarəsinin əməkdaşları Azərbaycan Respublikasının
ərazisindən keçməklə Rusiya Federasiyasından İran İslam
Respublikasına tranzit gömrük proseduru altında taxta yükü aparan
digər nəqliyyat vasitələrində də oxşar faktları qeydə alıblar.
Həmin nəqliyyat vasitələrinə gömrük nəzarəti zamanı təqdim olunan
yük müşayiət sənədlərində göstərilənlərlə faktiki yük arasında
uyğunsuzluq müşahidə edilib.
Azərbaycan Respublikasının vətəndaşları - Mahir Abbasovun idarə
etdiyi "MAZ-54323" markalı, 42BO539 nömrə nişanlı maşında yükün
çəkisi 33100 kq, ölçüsü 50,179 m3 göstərildiyi halda, faktiki
olaraq ümumi çəkisinin 13000 kq, ölçüsünün isə 31 m3 olduğu, Zaur
Əkbərovun idarə etdiyi "KAMAZ-5410" markalı, 10NV690 nömrə nişanlı
maşında yükün çəkisi 32900 kq, ölçüsü 55 m3 göstərildiyi halda,
faktiki olaraq ümumi çəkisinin 14200 kq, ölçüsünün isə 38 m3
olduğu, Raqib Babayevin idarə etdiyi "KAMAZ-5410" markalı, 42BH674
nömrə nişanlı maşında yükün çəkisi 33100 kq, ölçüsü 50,179 m3
göstərildiyi halda, faktiki olaraq ümumi çəkisinin 13600 kq,
ölçüsünün isə 35 m3 olduğu, Mahir Abbasovun idarə etdiyi
"KAMAZ-5410" markalı, 10XH981nömrə nişanlı maşında yükün çəkisi
33825 kq, ölçüsü 50,179 m3 göstərildiyi halda, faktiki olaraq ümumi
çəkisinin 15000 kq, ölçüsünün isə 38 m3 olduğu aşkara
çıxarılıb.