Rauf Arifoğlu AXCP və Müsavatın, Mustafa Hacıbəyli
"Azadlıq" və "Yeni Müsavat"ın birləşməsini təklif etdi, Fuad
Qəhrəmanlı "heç bir zərurət yoxdur" dedi.
"Müsavat partiyası mövqeyində dəyişiklik edəndə, AXCP də bu
məsələni geniş şəkildə müzakirə edəcək".
Bu sözləri "Axar.az"a açıqlamasında Azərbaycan
Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı
"AXCP-Müsavat partiyalarının birləşməsi" məsələsi təklifini verən
Rauf Arifoğlunun fikirlərinə münasibət bildirərkən dedi. O,
vurğuladı ki, Müsavat və AXCP partiyalarının birləşməsi o vaxt
aktual idi ki, siyasi sifariş var idi:
"Xalq Cəbhəsinin qurultayında bu məsələ müzakirə olunmuşdu.
Müsavat partiyasıyla qeyd-şərtsiz birləşməklə bağlı qərar qəbul
edilmişdi. Təəssüf ki, AXCP-nin bu cavabına Müsavat partiyasından
adekvat cavab gəlmədi və bundan sonra məsələ gündəmdən çıxdı.
İndiki halda situasiyada hər hansı bir dəyişiklik yoxdur".
Fuad Qəhrəmanlı partiyaların Milli Şuradakı əməkdaşlıqlarını
xatırladaraq, belə bir birləşməyə ehtiyac olmadığını dedi:
"Bu məsələni yalnız o halda
müzakirə etmək olar ki, Müsavat partiyası mövqeyində hər hansı bir
dəyişiklik etdiyini açıqlasın.
Həm də ki, Milli Şura adlı qurum var və onun mövqeyi də
bəllidir. Artıq Milli Şura çərçivəsində AXCP və Müsavat partiyaları
əməkdaşlıq edirlər. Buna görə də indiki halda bu məsələnin müzakirə
olunmasına heç bir zərurət yoxdur".
"Yeni Müsavat" və "Azadlıq" birləşsin
Rauf Arifoğlunun təklifindən
sonra Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli də "Yeni
Müsavat" və "Azadlıq" qəzetlərinin birləşməsini təklif
edib.
Rauf Arifoğlu: "Bir az
zarafat elədik."
Bu təklifə qəzetin baş redaktoru Rauf Arifoğlu da öz
münasibətini "Axar.az"a bildirib.
Partiyaların birləşməsini məsələsinə aydınlıq gətirən Rauf
Arifoğlu bu təklifin gərçək müəllifi olmadığını deyib:
"Partiyaların birləşməsi heç mənim də təklifim deyil. Bir az
zarafat elədik. O təklif Sərdar Cəlaloğlunundur. 2-3 gün əvvəl
müsahibəsinin başlığına çıxartmışdılar. Eyni cümlələrlə təkrar
etdim. Ondan əvvəl də Azər Rəşidoğlu bu təklifi yazmışdı. Başqaları
da deyiblər, yazıblar, səsləndiriblər. Mən də sadəcə təkrar etdim.
Reaksiyalar olduqca maraqlıdır. Deyəsən, bizi daha çox ciddiyə
alırlar. Lakin hesab edirəm ki, maraqlı, faydalı, müzakirəyə layiq
təklifdir. Ancaq buna görə israr edib, kiminləsə üz-göz olmaq
fikrim də yoxdur. Təşkilatlar birləşərsə, çox yaxşı. Müxalifətdə
super partiya yaranar. Birləşməzsə də, heç birləşməsinlər, mənə
nə?"
Birləşmək məsələsindən danışan Rauf Arifoğlu "Müsavat" qəzetinin
onun şəxsi mülkü olduğunu da dedi:
"Qəzetlərə də, partiyalara da ictimaiyyətin hər bir nümayəndəsi
fikir bildirə bilər. Burada qəbahət görmürəm. Qəzetlərin birləşməsi
təklifi də, heç şübhəsiz, sağlam niyyətdən doğub, bizim ağır
durumumuzu düşünərək, səsləndirilib. Baxmayaraq ki, "Yeni Müsavat"
mənim xüsusi mülkiyyətimdir, özəl şirkətdir. Lakin kim istəyirsə,
bu qəzetin ünvanına təklif, tərif, tənqid söyləyə bilər. Partiyalar
xüsusi mülkiyyət deyil, şirkət də deyil, orada istehsal prosesi də
getmir. Lakin hər ikisi - həm qəzet, həm də partiya ictimai
diqqətin obyektlərindəndir. Mən o təklifi xoşgörü ilə qarşıladım.
Həm də dünya tarixində də media quruluşlarının birləşməsinə dair
çoxsaylı nümunələr var. Nə bilmək olar, bəlkə də bu ideya
Azərbaycanda super ümummilli qəzetin formalaşdırılmasının gerçək
düsturudur".