Təəssüfedici haldır ki, AŞPA Azərbaycan nümayəndə
heyətinin təşəbbüsü və Britaniyadan olan deputat Robert Uolterin
müəllifi olduğu "Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş
ərazilərində zorakılığın artması" adlı hesabatı qəbul etmədi və
bütövlükdə bu məsələnin müzakirəsində gərginlik
yaşandı.
Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının sədri, millət vəkili Azay Quliyev deyib. Deputat bildirib
ki, Ermənistan tərəfi sözügedən layihənin qəbul olunmasının
qarşısını almaq üçün o qədər geniş iş aparıb ki, hətta ATƏT Minsk
Qrpunun həmsədrləri belə ermənilərə lobbiçilik etməyə
başlayıblar:
"Bir daha əmin olduq ki, bu gün bir çox beynəlxalq təşkilatlar
və ayrı-ayrı ölkələrin siyasətçiləri beynəlxalq prinsipləri,
ədaləti deyil, maraqlarında olan məsələləri müzakirə edirlər.
Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qətnamənin qəbul
olunmaması bu reallığı bir daha ortaya qoydu. Buna baxmayaraq,
Azərbaycan nümayəndə heyətinin işini yüksək qiymətləndirirəm.
Xüsusilə bu qətnamənin hazırlanıb təqdim olunması və ayrı-ayrı
komitələrdə müzakirəsinin uğurla təşkil edilməsini çox müsbət addım
hesab edirəm. Ən azı bir daha bütün Avropa Şurası üzvlərinin
diqqəti Azərbaycandakı işğal faktına yönəldildi və əmin olduq ki,
AŞPA Azərbaycan üçün həssas olan məsələlərdə müstəqil qərar qəbul
edə bilmir. Robert Uolterə təşəkkür edirəm ki, o, bütövlükdə belə
bir təşəbbüs irəli sürüb. Qətnamənin qəbulu üçün cəmi 4 səs
çatmadı. Əminəm ki, gələcəkdə Avropa Şurasında təmsil olunan
nümayəndə heyətimiz bu məsələyə yenidən qayıdacaq".
A.Quliyev digər qətnamənin qəbul olunmasını müsbət hal kimi
qiymətləndirib:
"Hesabatda açıq şəkildə göstərilir ki, məhz ermənilərin
işğalında olan bölgədə azərbaycanlıların içməli su ilə təmin
olunmasında ciddi problem yaradılır və bu, beynəlxalq konvensiyanın
ciddi şəkildə pozulması deməkdir, bunun hüquqi və siyasi
məsuliyyəti olmalıdır. İki qətnamədən birinin qəbul olunması yenə
də Azərbayacanın uğurudur".
Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış
sessiyası çərçivəsində bu gün "Azərbaycanın qəsdən sudan məhrum
edilmiş sərhəd rayonlarının sakinləri" qətnaməsi 98 lehinə, 71
əleyhinə olmaqla qəbul edilib (40 deputat bitərəf qalıb), Robert
Uolterin (Böyük Britaniya) "Dağlıq Qarabağ və Azərbaycanın digər
işğal olunmuş ərazilərində zorakılığın artması" qətnaməsi isə 70
əleyhinə, 66 lehinə olmaqla (45 nəfər bitərəf) qəbul edilməyib.