ANS-lə Milli Televiziya və Radio Şurası arasında məhkəmə
çəkişmələri davam edir. Yanvarın 26-da Bakı Apellyasiya
Məhkəməsində ANS-in Teleradio Şurasına qarşı daha iki şikayətə
baxılıb.
ANSPRESS xəbər verir ki, ANS Müstəqil Yayım
və Media Şirkətinin bir müddət əvvəl Səbayel Rayon Məhkəməsinə
müraciət edərək, Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin
teleşirkətə inzibati tənbeh vermə haqqında 13 oktyabr tarixli
qərarlarının (reklam haqqında qanunun pozulmasına görə ANS
cərimələnmişdi – red.) ləğv olunmasını istəmişdi. Lakin ANS-in bu
iddialarının heç biri təmin olunmamış və qərar qüvvəsində
saxlanılmışdı. Hər iki qərardan apellyasiya şikayəti verilib.
Bakı Apellyasiya Məhkəməsinə daxil olan eyni məzmunlu iki
şikayətin biri hakim Qədim Babayevin, digəri isə Sahibxan
Mirzəyevin icraatında idi. ANS məhkəməyə məktub göndərərək,
Mirşahin Ağayevin səhhətindəki problemlərlə əlaqədar işə
baxılmasının təxirə salınmasını istəyib. Lakin hakimlərin heç biri
bu səbəbi məhkəmənin təxirə salınması üçün yetərli əsas hesab
etmədi.
Hər iki məhkəmə prosesində ANS-i təmsil edən Ramin Əliyev
çıxışında bildirdi ki, qərar verilərkən qanunvericiliyin tələbləri
gözlənilməyib:
"Qanuna görə, inzibati xəta aşkar olunan kimi tədbir görülməli,
protokollaşdırılmalıdır. Amma bizə yalnız Teleradio Şurasının
iclasının protokolundan çıxarış təqdim olunub. İnzibati pozuntunun
başvermə tarixi göstərilməyib. Birinci instansiya məhkəməsi də
bunları araşdırmayıb".
Hakimlər bildirdi ki, iş materialları arasında inzibati xəta ilə
bağlı protokol yoxdur.
ANS-in hər iki şikayəti təmin edildi - Səbayel Rayon
Məhkəməsinin qərarları ləğv edildi və bu işlər bir daha ətraflı
araşdırılma üçün yenidən ora qaytarıldı.
Xatırladaq ki, MTRŞ-nin yanvarın 22-də keçirilən iclasında ANS
televiziyası tərəfindən "Televiziya və radio yayımı haqqında"
Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə
əlaqədar inzibati icraata dair işə baxılıb. ANS televiziyasının
efirində yayımlanan "Hesabat" analitik-informasiya proqramının 27
dekabr 2015-ci il və 17 yanvar 2016-cı il tarixli buraxılışlarında
televiziya yayımının əsas prinsiplərinin və proqrama verilən
tələblərin pozulması - proqramlarda informasiyanın tərəfsizliyi,
qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə
əməl olunmadığını, işgüzar nüfuzun ləkələnməsinə yol verildiyini,
faktlar və hadisələrin ədalətli şərh olunmadığını, birtərəfliliyə
yol verildiyini nəzərə alaraq, Şura "Televiziya və radio yayımı
haqqında" Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə uyğun
olaraq ANS televiziyasının efirində "Hesabat" analitik-informasiya
proqramının yayımı 24 yanvar 2016-cı il tarixdən etibarən 1 ay
müddətinə dayandırıb.
Həmin gün ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru,
"Hesabat" verilişinin aparıcısı Mir Şahin Ağayev mətbuat konfransı
keçirib.
Yanvarın 24-də isə MTRŞ "Hesabat" verilişinin bərpası ilə bağlı
qərar verib.