ATV kanalında yayımlanan
Səhər verilişində Prezident İlham Əliyevin
Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət proqramının icrasının ikinci ilinin
yekunlarına həsr olunmuş konfransda etdiyi çıxışla bağlı reportaj
hazırlanıb.
"Məmurların özbaşınalığı prezidentin diqqət mərkəzindədir.
Prezident dəfələrlə çıxış etdiyi toplantılarda "məmurlar xalqın
xidmətçisidi" deyərək öz sərt mövqeyini bildirib. Bilən düz yola
gəldisə, bilməyən də özünün layiqli ünvanına çatdı...
Neftin qiymətinin yüksələn xətt üzrə inkişafı, böyük məbləğdə
valyuta axını və bütün bunların fonunda bəzi məmurların xalqdan
uzaqlaşması, ciddi şəkildə təbəqələşməni şərtləndirmişdi. Hətta o
səviyyədə ki, bütün hallarda üstdən aşağı baxan məmur balalarının
özbaşınalığı ölkənin birinci şəxsinin müzakirə predmeti olmuşdu.
Prezident dəfələrlə kəskin şəkildə bəyan etmişdi ki, xalqın
xidmətçisi olan məmurların, məhz xalqı xidmətçi gözündə görən ailə
üzvlərinin hərəkətləri bağışlanmayacaq.
Bağışlanmadı da…
Öz postunu övladına görə itirən məmurların cəzalandırılması,
uzaq keçmiş deyil, hətta keçməyib…
Cənablar, indi "get kimə deyirsən, de" ifadəsi aktual deyil və
ya birbaşa məmurun əleyhinə işləyən çılğınlıqdır.
Avropa Oyunlarındakı prezident-xalq yaxınlaşması, hətta selfi
çəkdirmək səviyyəsindəki bu yaxınlıq, sadə vətəndaşla birincinin
arasındakı məsafənin nə qədər az olduğunu göstərdi. Vətəndaş bu
yaxınlığın fonunda ən iri məmurlarla arasındakı böyük baryeri
çılpaqlığı ilə gördü. Ən xırda işləri belə öz ətrafına həvalə edən
böyük təsir rıçaqlarına malik məmurlar törəmə şirkətləri vasitəsi
ilə büdcədən ayrılan pulları sağ əlindən sol əlinə ötürməklə, iş
qabiliyyətinə malik orta təbəqəni tamami ilə neytrallaşdırdı.
Nəticədə nə baş verdi? O baş verdi ki, savadı, iş qabiliyyəti bu
prosesləri həyata keçirməyə imkan verməyən məmur qohumları indi
onların potensial təhlükə mənbəyidir. Yəqin xəbəriniz var,
Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində bəzi icra
hakimiyyətlərində korrupsiya halları aşkarlanıb. Məlum olub ki,
dövlət tərəfindən ayrılan vəsaitlər düzgün istifadə olunmayıb,
büdcə vəsaitlərinin təyinatı dəyişdirilib, əməkhaqqının
hesablanılması zamanı əlavə və artıq ödənişlərə yol verilib.
Gözlənilir ki, prezident yaxın vaxtlarda əhalini daha çox narazı
salan icra başçıları haqda ciddi cəza tədbirləri görəcək. Prezident
çox ciddi şəkildə buna işarə etdi:
Cənablar, itirilmiş ümid boşuna yaşanan ömür deməkdir. Sonda
ölməli olan bu hissə heç kimin toxunmağa haqqı yoxdur. Əksinə,
praqmatik baxış daha sağlam gələcək vəd edir.
Qeyd edək ki, prezidentin çıxışında diqqəti cəlb edən
məsələlərdən biri də onun ixtisarları dayandırmaq barədə çağrışı
oldu. Bu da təbii ki, oliqarx məmurlara işarə idi. Məsələ ondadır
ki, neftin düşməsindən və 2-ci devalvasiyadan sonra müəyyən
dərəcədə maliyyə problemləri ilə üzləşən şirkətlər ixtisarlara
başlayıb. Özü də ixtisarların ən cox oliqarx məmurların və ya
onlara yaxın şəxslərin şirkətlərində aparıldığı deyilir. Görünən
mənzərə bilirsiz nədir? Çox ciddi islahatlar gedir, sanki hər şey
yenidən qurulur...
Ötən gün ciddi bir addım atıldı. Prezidentin sahibkarlar üçün
daha əlverişli şəraitin yaradılması, sahibkarlara dəstək və onlara
göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi haqqında
göstərişlərini nəzərə alaraq, Dövlət Gömrük Komitəsi 27 yanvar
2016-cı il tarixindən mal və nəqliyyat vasitələrinin gömrük
rəsmiləşdirilməsi üçün gömrük bəyannamələrinin tərtib edilməsinə
görə xidmətlərə 70% güzəşt tətbiq edilməsi haqqında qərar qəbul
etdi. Atılan addımların nəticəsizliyinə köklənən şəxslər bunun
təsirini mütləq, həm də həmən görəcəklər".