Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə geniş
kollegiya iclası keçirilib.
Axar.az xəbər verir ki, nazirliyin struktur qurumlarının,
regional və yerli ədliyyə orqanlarının rəhbər şəxslərinin, gənc
ədliyyə işçilərinin, ictimaiyyət və media nümayəndələrinin iştirak
etdikləri kollegiya iclasında Azərbaycan Prezidenti İlham Əliyevin
sədrliyi ilə cari ilin yanvarında keçirilmiş Nazirlər Kabinetinin
2015-ci ilin yekunlarına və ölkənin sosial-iqtisadi inkişafına dair
iclaslarda verdiyi tapşırıqlarla bağlı ədliyyə orqanlarının
qarşısında duran vəzifələr müzakirə olunub.
Nazir F.Məmmədov ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi
hərtərəfli inkişaf strategiyasının Azərbaycan Prezidenti İlham
Əliyev tərəfindən uğurla həyata keçirildiyini, respublikamızın
sabit və təhlükəsiz ölkə kimi davamlı sosial-iqtisadi tərəqqisini
vurğulayıb, dünyada hökm sürən maliyyə və iqtisadi böhranın
iqtisadiyyatımıza və əhalimizin yaşayış durumuna mənfi təsirinin
azaldılmasında dövlətimizin güclü siyasi iradəsini qeyd edib.
Bildirilib ki, dövlətimizin başçısının yeni qlobal çağırışlara
uyğun həyata keçirdiyi köklü iqtisadi islahatlar, qətiyyətli
addımlar qlobal iqtisadi böhranın Azərbaycana təsirini minimuma
endirir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qeyri-neft
sektorunun və azad sahibkarlığın inkişafı, yerli istehsalın
sürətləndirilməsi, insanların sosial müdafiəsinin gücləndirilməsi,
süni qiymət artımının qarşısının alınması və bu sahədə dövlət
nəzarətinin artırılması üzrə kompleks tədbirlərin görülməsi,
korrupsiyaya qarşı mübarizədə, iş adamlarının hüquqlarının təmin
olunmasında, ictimai münasibətlərin müasir tələblərə uyğun
tənzimlənməsində dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi
əhalinin mənafelərinə və sosial-iqtisadi tərəqqiyə xidmət edir.
Nazirliyin yeni istifadəyə verilmiş və müasir
informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş akt
zalında keçirilən iclasda ədliyyə orqanları tərəfindən görülmüş
işlər İKT vasitəsilə əyani təqdimatla müşayiət olunmaqla təhlil
edilib. Qeyd olunub ki, 2015-ci ildə ədliyyə fəaliyyətinin
təkmilləşdirilməsinə dair dövlətimizin başçısının tapşırıqlarının
icrası üzrə mühüm tədbirlər həyata keçirilib.
Diqqətə çatdırılıb ki, 2015-ci ildə nazirlik tərəfindən iqtisadi
inkişafa, əhalinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılmasına
yönəlmiş 780 qanunvericilik aktının layihəsi hazırlanıb, ictimai
həyatın müxtəlif sahələrini tənzimləyən 2670 belə akt hüquqi
ekspertizadan keçirilib. Milli qanunvericiliyin elektron bazasına
2330 sənəd daxil edilib. İl ərzində həmin bazaya vətəndaşlar
tərəfindən 180 mindən çox başçəkmə olub.
Dövlətimizin başçısının vətəndaşların müraciətlərinə qayğı və
həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları diqqətdə
saxlanılaraq 42 mindən çox vətəndaşın müraciətinə baxılıb, 9800-ə
yaxın vətəndaş nazirlikdə, bölgələrdə və "virtual qəbul"
məntəqələri vasitəsilə qəbul edilib, qaldırılan məsələlərlə bağlı
zəruri tədbirlər görülüb.
Notariat orqanlarında aparılan əməliyyatların sayı 3,3 milyonu
ötüb, 344 mindən çox vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib. Bu
əməliyyatlarla bağlı 37 milyon manatadək dövlət rüsumu və haqq
ödənilib. Vətəndaş məmnunluğu doğuran və 7 milyon insanın
faydalandığı Azərbaycanın milli brendinə çevrilmiş "ASAN xidmət"
mərkəzləri çərçivəsində 1,7 milyon əməliyyat ədliyyə orqanları
tərəfindən həyata keçirilib. Vətəndaşlar nazirlik tərəfindən
göstərilən 20 elektron xidmətdən yararlanıblar. "Elektron notariat"
informasiya sistemi də təkmilləşdirilərək bir çox yeni funksiyalar
əlavə edilib.
Dövlət qeydiyyatına alınan qeyri-kommersiya təşkilatlarının
ümumi sayı artaraq 4100-ü ötüb, KİV-lərin sayı isə 5100-ə çatmaq
üzrədir.
Azərbaycan Prezidentinin sahibkarlığın inkişafına əngəllərin
aradan qaldırılması ilə bağlı göstərişlərinə əsasən sahibkarlıq
sahəsində aparılan yoxlamaların reyestri xeyli
təkmilləşdirilib.
Qeyd olunub ki, 2015-ci ildə əvvəlki illə müqayisədə icra
işlərinin sayı 50 faizdən çox artıb. Onlardan 220 mindən çoxunun
icrası təmin edilib. Hüquqi və fiziki şəxslərə 168 milyon manat
vəsaitin ödətdirilməsinə nail olunub. İcra sənədlərini qərəzli icra
etməyən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən
5520 şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib,
o cümlədən 2750 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs
olunub, məhkəmə qərarlarının icrasından qəsdən yayınan 370 şəxs
barəsində cinayət işi başlanılıb. Hesabat dövründə 6238 borclunun
ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, məhkəmə qərarını
icra etmiş şəxslərdən əvvəllər qoyulmuş məhdudiyyət götürülüb.
Məhkəmə ekspertizası mərkəzinə 41 ekspert ixtisası üzrə 27
mindən çox iş daxil olub. Ekspertlər 530 mindən çox suala cavab
verməklə qaldırılmış məsələlərin 99,7 faizini həll ediblər.
Nazirliyin kadr potensialının gücləndirilməsi, o cümlədən
gənclərin işlə təminatı daim diqqət mərkəzində saxlanılıb,
keçirilmiş müsabiqələr nəticəsində 435 nəfər ədliyyə orqanlarına
qulluğa qəbul edilib.
Ötən il penitensiar sistemin və infrastrukturun
müasirləşdirilməsi, cəzaçəkən şəxslərin hüquqlarının qorunması,
saxlanma şəraitinin tibbi təminatın yaxşılaşdırılması üzrə
tədbirlər davam etdirilib. Məhkumların şəxsi işlərinin idarə
edilməsi üzrə vahid elektron məlumat bazasının və xüsusi proqram
təminatının hazırlanması bu sahədə işin səmərəsinin artırılmasında
yeni imkanlar yaradıb.
Ədliyyə fəaliyyətində ictimai iştirakçılığa böyük önəm verilir,
vətəndaş cəmiyyətinin nümayəndələri nazirliyin ayrı-ayrı
istiqamətləri üzrə, o cümlədən penitensiar sahədə tədbirlərə cəlb
olunurlar. Ədliyyə naziri yanında İctimai Komitənin üzvləri
dövlətimizin başçısının humanizm siyasəti nəticəsində qəbul edilmiş
əfv aktlarının icrasında, habelə məhkumların islah olunması
prosesində yaxından iştirak ediblər.
İctimai Komitə üzvlərinin də iclaslarına fəal qatıldığı
məhkumların cəzadan vaxtından əvvəl şərti azad edilməsi üzrə Xüsusi
Komissiya səmərəli fəaliyyət göstərib, məhkəmələrə təqdim olunmuş
2300 məhkumun əksəriyyətinin müraciəti müsbət həll olunub.
Kollegiyada bu il fevralın 12-də Milli Məclisdə dinlənilmiş
bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı illik məruzə
barədə məlumat verilib.
Bildirilib ki, 2015-ci ildə yerli özünüidarə orqanlarının
fəaliyyətinə inzibati nəzarət qaydasında 59 minə qədər bələdiyyə
aktına baxılıb. Onlardan 1700 akt nazirliyin təklifləri əsasında
ləğv olunub və ya dəyişdirilib, təmin edilməyən təkliflərlə bağlı
məhkəmələrdə 19 iddia qaldırılıb. Bələdiyyələr tərəfindən qanunsuz
ayrılmış 1400-dən çox hektar torpaq sahəsi geri qaytarılıb. 65
material hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına
göndərilib, həmçinin qanunvericiliyin tələblərini pozmuş 388
bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokol tərtib
edilib. Parlamentdə müzakirələr zamanı deputatlar tərəfindən
bələdiyyələrin fəaliyyəti və problemlərindən çıxış yolları barədə
təkliflər səsləndirilib, sonda məruzə səsə qoyularaq təsdiq
edilib.
Kollegiyada, həmçinin vurğulanıb ki, 2015-ci ildə nazirliyin
beynəlxalq hüquq əməkdaşlığı genişlənib, o cümlədən Pakistan və Çin
ilə ölkəmiz arasında məhkumların verilməsi haqqında müqavilələr
imzalanıb. Beynəlxalq öhdəliklərdən irəli gələn məsələlərlə bağlı
17 min 500-dək sorğunun icrası üzrə tədbirlər görülüb.
Tədbirdə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə işlərə
toxunulub, Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə
Bakının Sabunçu, habelə Şəki məhkəmə komplekslərinin istifadəyə
verilməsi qeyd olunub. Dövlətimizin başçısının bu sahədə verdiyi
tapşırıqlarının icrası üzrə görülən tədbirlərdən danışılıb.
İclasda, həmçinin ədliyyə fəaliyyətində mövcud nöqsan və
çatışmazlıqlar müzakirə edilib, onların aradan qaldırılmasının
zəruriliyi vurğulanıb. Prezident İlham Əliyevin korrupsiyaya qarşı
mübarizənin daha da gücləndirilməsi, şəffaflığın artırılması,
ictimai nəzarətin genişləndirilməsi ilə bağlı tapşırıqları diqqətə
çatdırılaraq vətəndaş-məmur münasibətlərinin sağlam zəmində
qurulmasının, etik davranış qaydalarına dönmədən əməl etməyin və
vətəndaşlara qayğılı münasibətin hər bir ədliyyə işçisinin ən ümdə
vəzifəsi olduğu xüsusilə qeyd olunub, konkret tapşırıqlar
verilib.
Eyni zamanda, ədliyyə fəaliyyətində işin səmərəliliyinin
artırılması, vətəndaşların müraciətlərinə hər zaman həssas və qayğı
ilə yanaşılması, insanlarla daha çox təmasda olan ədliyyə
qurumlarında vətəndaş məmnunluğunun yüksəldilməsi, məhkəmə
qərarlarının icrası işinin yaxşılaşdırılması, ədliyyə orqanlarında
əmək və icra intizamının gücləndirilməsi, vakansiyaların çevik
doldurulması, maliyyə nəzarətinin yüksəldilməsi, izafi xərclərə yol
verilməməsi üzrə və digər aidiyyəti tədbirlər müəyyən edilib.
İclasda iştirak edən vətəndaş cəmiyyəti institutlarının
nümayəndələri çıxış edərək ölkə rəhbərliyi tərəfindən ictimai
iştirakçılığa xüsusi önəm verildiyini vurğulayıb, görülən işləri
müsbət qiymətləndirib, Ədliyyə Nazirliyi ilə səmərəli qarşılıqlı
fəaliyyətdən məmnunluqlarını ifadə edib, bir sıra təkliflər irəli
sürüblər.
Kollegiyada dövlətimizin başçısının mərkəzi və yerli icra
hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması
haqqında Fərmanının icrası ilə bağlı vəzifələr müzakirə olunub,
nazirlikdə belə şura yaradılıb. Həmçinin ədliyyə fəaliyyətini
tənzimləyən bəzi normativ hüquqi akt layihələrinə baxılıb, bir sıra
qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.