Ukraynalı pilot, Xoçalı soyqırımının ilk şahidi,
jurnalistləri qətliam ərazisinə aparmış Leonid Kraveç 24 il əvvəl
fevralın 27-də Gəncə şəhərindən Ağdama, oradan isə Xocalıya
uçub.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD)
təşkilatçılığı ilə Azərbaycana təşrif buyurmuş Leonid Kraveç və
xanımı Alla Kreveç hələ Ukraynada UABD-nin sədri Hilmət Cavadova
əsas istəklərini bildiriblər: "Biz Gəncəyə getmək, orada
yaşadığımız evə baş çəkmək, qonşularımızla görüşmək
istəyirik"...
24 ildən sonra Gəncə yolu
Fevralın 27-də səhər saatlarında yola tərpəndik. Kraveç 24 il
əvvəl fevralın 27-də olduğu kimi yenə də jurnalistlərlə idi. Onu
Hikmət Cavadovun rəhbərlik etdiyi juralistlərdən ibarət 12 nəfərlik
qrup müşayət edirdi. Yol boyu Xocalıdan danışdıq... Kraveç ötən
günlər ərzində Bakıda keçirilmiş tədbirlərdə, mətbuat konfransında
o müdhiş hadisə barədə dəfələrlə söhbət açmasına baxmayaraq,
maşında ona ünvanlanan suallara da yorulmadan cavab verirdi.
Danışarkən onun tez-tez pəncərədən boylanması diqqətimizdən
yayınmadı. Səbəbini özü izah etdi:
-Mən Gəncəni unutmamışam. Şəhərin girişində böyük bir abidə var
idi. Səbirsizliklə Gəncəyə çatmağımızı gözləyirəm. Çox
həyəcanlıyam. Pəncərədən baxıram, amma hələ ki, tanış gələn ərazi
görmürəm. Gəncə bizim ailəmiz üçün çox doğma şəhərə çevrilmişdi.
Gənclik illərimiz bu şəhərdə keçib. Uşaqlarımız ilk addımlarını
Gəncədə atıblar. Baxçaya Gəncədə gediblər. Xanımım bu şəhərdə
müəllimə işləyib. Orada bizim çoxlu dostlarımız, mehriban
qonşularımız var idi. Mən tez-tez uçuşlarda olurdum. Müharibə
başlayanda isə demək olar ki, hər gün Qarabağa uçurdum.
Qonşularımız ailəmə qayğı göstərir, problemləri yarananda dəstək
olurdular. Bütün bunları biz heç vaxt unutmarıq. İndi ikimiz də çox
həyəcanlıyıq. Bilirsiz, biz çox arzu etmişik ki, nə vaxtsa Gəncəyə
gedək, oradakı dostlarımızla görüşək. 24 ildir ki, onlardan
xəbərimiz yoxdur. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevaya Xocalı ilə bağlı təşkil etdiyi tədbirlərə, bizim
Azərbaycana gəlişimizi təşkil etdiyinə görə isə Ukrayna
Azərbaycanlıları Birləşmiş Diasporuna çox təşəkkür edirik. Bizi
arzumuza çatdırdılar.
Bizi Gəncəyə aparan mikroavtobus yolda bir neçə dəfə dayanmalı
olurdu. Hər dəfə maşından düşərkən Leonid Kraveç ləngiməməyimizi
xahiş edirdi: "Uşaqlar, tez qayıdın, bizim vaxtımız azdır..." O,
bunu 24 il əvvəl Fevralın 27-də Çingiz Mustafayevə və onunla birgə
Xocalıya apardığı çəkiliş qrupuna demişdi. Onda helikopterin
ermənilər tərəfindən vurula biləcəyindən, soyqırımı əks etdirən
videogörüntüləri dünyaya çatdıra bilməyəcəklərindən, meyitləri
Ağdama çatdırmayacaqlarından ehtiyatlanırdı. Bəs indi hara və və
niyə tələsirdi? Ax hər şey səfər proqramına uyğundur. Çatacağımız
və geri dönəcəyimiz vaxta qədər hər şey əvvəlcədən hesablanıb. Bu
tələskənliyin səbəbini də özü izah etdi:
-Biz Gəncədə mümkün qədər çox vaxt keçirmək, oradakı dostlarla,
qonşularla daha çox ünsiyyətdə olmaq istəyirik. Axşam qayıtmalı,
süb tezdən isə hava limanında olmalıyıq. Ona görə tələsirik ki,
Gəncədə vaxtımız çox olsun.
Keçmiş pilotun Nizami arzusu
Bu da Gəncə. 2016-cı il fevralın 27-i. Düz 24 əvvəl fevralın
27-də Leonid Kraveçin idarə etdiyi helikopter məhz buradan göyə
qalxaraq əvvəlcə Ağdama, oradan isə Xocalıya istiqamət götürmüşdü.
Məhz həmin riskli reysin nəticəsində ermənilərin Xocalıda törətdiyi
vəhşilikləri bütün dünya gördü. Leonid Kraveç məhz buna görə
tələsmişdi...
Leonid Kraveç bu dəfə hamıdan tez maşından düşdü. Gəncə
torpağına ayaq basan kimi dərindən köks ötürüb: "Uşaqlar, buranın
torpağı da, havası da mənim üçün çox əzizdir" dedi. Gözlərindənki
intizardan əsər-əlamət qalmamışdı. Sanki çiyinlərindən ağır bir yük
götürmüşdülər:
-Bax, əvvəllər burada abidə var idi. İndi buralar çox dəyişib,
gözəllşib. Bir qədər irəlidə isə Alliminium Zavodu var idi.
Əli ilə həmin əraziyə işarə edir. Sanki xəzinə yerini
göstərirmiş kimi sevincək tərzdə jurnalistlərin diqqətini həmin
istiqamətə yönəldir:
-Baxın, baxın, onu buradan görmək olur. Amma solda görünən o
yaşayış binaları əvvəllər yox idi. Boş bir sahə idi. Aman Allah,
buralar necə də gözəlləşib. Yəqin şəhərin mərkəzi buradan da
gözəldir.
Gəncəyə səfərimiz Nizami Gəncəvinin məğbərəsini ziyarətlə
başladı. Leonid Kraveçin məqbərədə jurnalistlərə dedikləri də çox
maraqlı idi:
-Baxmayaraq ki, mən bir müddət bu şəhərdə yaşamışam, lakin
vaxtım olmayıb ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin
məqbərəsini ziyarət edim. Hər dəfə məqbərənin yanından ötəndə
qərarlaşdırırdım ki, bir gün mütləq vaxt edib bura gəlim. Buna
baxmayaraq Məqbərəni ziyarət edə bilmədim. Görünür qismət bu günə
imiş. Amma Sizə bir söz deyim, bizim Lvovdakı evimizin divarından
Nizami Gəncəvinin şəkli əks olnmuş xalca asılıb. Bu, bizim evimizdə
Gəncəyə, Azərbaycana sədaqətimizin rəmzidir.
"Siz həmişə fərqlənirsiz..."
Şəhər İcra Hakimiyyətinin əməkdaşları və Mədəniyyət İdarəsinin
rəhbər şəxslərinin müşayətilə Nizami Gəncəvi və Məhsəti Gəncəvi
muzeylərinə də baş çəkdik. Mədəniyyət və Turizm İdarəsinin müdiri
Sənan Hacıyev burada ukraynalı qonaqlara Gəncə şəhər İcra
Hakimiyyəti adından müxtəlif hadiyyələr, Gəncənin və Azərbaycanın
tarixini, simvollarını əks etdirən müxtəlif suvenirlər və kitablar
təqdim etdi. Alla Kraveç bu isti qarşılanmadan təsirləndiyini
gizlətmədi:
-Biz azərvaycanlıların qonaqpərvərliyinə bələdik. Siz dogrudan
da başqalarından seçilirsiniz. Qonağı həmişə əziz tutursunuz.
Leonid Kraveç də azərbaycanlı xarakterinin özəlliklərindən
danışdı:
-Mən Azərbaycandan başqa, Gürcüstan və Ermənistanda da xidmət
etmişəm. Lakin heç bir yerdə belə istilik görməmişəm.
Azərbaycanlılar həmişə öndə olub, həmişə fərqləniblər. Sizin
qonaqpərvərliyiniz, mehribanlığınız müqayisəyəgəlməzdir.
İcra başçısı ilə görüş
Gəncədə növbəti dayanacağımız Heydər Əliyev Mərkəzi oldu. Elə
burada da Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə
görüşdük. Cənab başçı ukraynalı qonaqları və jurnalistləri çox isti
qarşıladı. Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə Gəncədə
də müxtəlif tədbirlərin keçirildiyini deyən E.Vəliyev bu ərəfədə
ukraynalı pilotun Gəncəyə səfər etməsini əlamətdar hadisə kimi
qiymətləndirdi. L.Kraveç Gəncənin çox ağır günlərinə şahidlik
eydiyini, hazırda isə tamam başqa bir şəhərlə qarşılaşdığını
bildirdi: "Sevinirəm ki, Gəncə belə gözəlləşib. Bura gələrkən yol
boyu xeyli yeni binalar, parklar gördük. Amma o vaxt şəhərin
vəziyyəti çox ağır idi".
E.Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin Gəncəyə
göstərdiyi diqqətdən söz açaraq, görülmüş işlərin də məhz bu
diqqətdən irəli gəldiyini dedi.
UABD-nin sədri Hikmət Cavadov yüksək səviyyəli qarşılanmaya görə
E.Vəliyevə təşəkkürünü bildirərək Gəncədəki dəyişikliklərin onu da
sevindirdiyini bildirdi: "Əslində indi biz də Azərbaycanda qonaq
sayılırıq. Hər dəfə vətənə yalnız bir neçə günlük gəlirik və
şəhərlərimizi gəzməyə vaxtımız olmur. Gəncənin yeni bir görkəm
aldığını eşitmişdim. İndi bütün bunları öz gözlərimlə gördüm. Belə
iri miqyaslı işlərə görə ölkə rəhbərliyinə və Şəhər İcra
Hakimiyyətinə təşəkkür edirik. İndi Gəncə Bakıdan geri qalmır.
Qonaqlarımız da şəhərin gözəlliyinə heyran qalıblar. Sağ olun ki,
Gəncəyə belə qayğı göstərirsiz".
E.Vəliyev ukraynalı qonaqları müşayət edən jurnalistlərlə də
söhbətləşərək onları Gəncədə görməkdən məmnun olduğunu dedi.
Xocalı reysinin start götürdüyü yer
Heydər Əliyev Mərkəzindən birbaş Leonid Kraveçin 24- il əvvəl
xidmət etdiyi hərbi hissənin ərazisinə yollandıq. Kraveç Xocalıya
uçmaq üçün öz helikopterini məhz oradan havaya qaldırmışdı. İndi
həmin ərazinin bir hissəsində Azərbaycan Müdafiə Nazirliyinin hərbi
hissəsi yerləşir. Helikopterin start götürdüyü meydança isə yeni
tikililər üçün nəzərdə tutulan hissəyə düşüb. Ərazidə söküntü
işləri aparılır və köhnə hərbi hissədən qalmış binaların bir neçəsi
artıq uçurulub. Qarşıdakı mərhələdə həmin yerdə Azərbaycan Silahlı
Qüvvələri üçün müvafiq binalar tikiləcək. L.Kraveç yarımuçulu
vəziyyətdə olan binalardan birini göstərərək, "Bax, bu binada bizim
"Polyot" adında kafemiz yerləşirdi. Hər dəfə uçuşdan qayıdandan
sonra dostlarla orada görüşüb söhbətləşərdik" dedi.
Keçmiş pilot bir qədər də irəliləyib ətrafa göz gəzdirdi. Sanki
nəsə axtarır, nəyinsə yerini müəyyənləşdirməyə çalışırdı. Qayıdıb
maşına əyləşəndə isə onun gözlərinin yaşardığını gördük. Yamanca
kövrəlmişdi...
Xanımı Alla Kraveç dedi ki, o da bu ərazidə çox olub:
-Bura tez-tez Leonidə baş çəkməyə gəlirdim. Hətta bir neçə dəfə
buradan hərbi təyyarə ilə Ukraynaya uçmuşam. Leonid hərbi
tapşırıqdan gec gələndə özümü yetirirdim bura. Səbəbini soruşurdum,
son xəbərləri öyrənirdim. İnanın, həyatımız nigarançılıq içində
keçib. Müharibə illərində isə daha ağır günlərimiz oldu. Leonid az
qala hər gün Qarabağa uçurdu. Mən də iki körpə uşaqla onun yolunu
gözləyirdim. Burada kimsəmiz yox idi. Sağolsunlar, qonşular
təskinlik verir, bizə hər cür kömək edirdilər. Günüm Leonidə dua
eləməklə keçirdi. Eyvana çıxıb səmaya baxırdım. Hərbi Hissə tərəfə
boyanırdım ki, bəlkə vertolyotun qayıtdığını gördüm. Bir dəfə
Leonid cəbhə bölgəsindən qayıtdığını bildirmək üçün vertolyotu çox
yaxın məsafəyə endirərək binamızın üzərindən keçmişdi. Hər dəfə o
Qarabağa uçanda içimə qorxu dolurdu . Elə bilridim daha
qayıtmayacaq...
Köhnə qonşularla görüş
Növbəti dayanacağımıza getmək üçün maşına əyləşdik. İki nəfərin
yeri isə boş idi. "Cəhənnəmi görmüş pilot" sənədli filminin
rejissoru Elmar Məlikov və onu müşayət edən operator ərazidə
çəkiliş aparırdı. Bir neçə dəqiqə gözləyəndən sonra yenə Leonid
Kraveçin səsi eşidildi: "Uşaqlar, tələsin, vaxtımız azdır..." Bu
dəfə o, Gəncədə yaşadığı binaya, qonşuları ilə görüşə
tələsirdi.
Mikroavtobus Gəncədə hamının "Azərittifaq" adlandırdığı
ərazidəki binanın qarşısında dayandı. Çəkiliş qrupunu görən
insanlar binanın qarşısına toplaşdı. Leonid Kraveç maşından düşən
kimi əlini ikinci mərtbədəki mənzilə tələf uzadıb, "Bura bizim
evimiz olub" dedi. Qalxdıq, qapını döydük, lakin heç kəs açmadı.
Qonşular bildirdilər ki, mənzilin sahibləri hazırda başqa
ölkədədirlər. Kraveçin ailəsinə o vaxt bu mənzili dövlət ayırıb.
Beş ilə yaxın həmin mənzildə yaşayıblar.
Yaşlı nəslin nümayəndələri ukraynalı pilotu və xanımını
tanıdılar. Hamı onlarla görüşür, qucaqlayır, burada yaşadığı
günləri xatırladıqlarını deyirdi. Xəbəri eşidib qonşu binadan gələn
iki nəfərin görüşü isə bizə doğma admların uzun həsrətdən sonrakı
görüşünü xatırlatdı. Leonid Kraveç onları görüb, "Алескер, Шамшир"
deyib qabaqlarına qaçdı. Çox təsirli səhnələr yaşandı. Bu adamlar
bir-birini elə qucaqlayırdılar ki, sanki qardaş qardaşını tapmışdı.
Sonradan öyrəndik ki, Ələskərlə Şəmşir Leonid Kraveçin yaxın
dostlarıdır. Ailəvi dostluq edib, bir-birinin evinə gedib-gəliblər.
"Lyonya, biz səni çox axtardıq. Lakin səndən bir xəbər ala
bilmirdik" – Şəmşir əməlli-başlı kövrəlmişdi. Kraveçin gözlərindəki
işıq, üzündəki təbəssüm onun bu görüşü nə qədər arzuladığından
xəbər verirdi:
-Uşaqlar, mən sizi heç vaxt unutmadım. Siz mənə, ailəmə çox
köməklik etmisiniz. Bura gəlməyi, sizi tapmağı çox arzulamışam.
Təəssüf edirəm ki, o vaxt Gəncəni tələsik tərk etdim və sizinlə
görüşə bilmədim. Bundan sonra sizinlə əlaqəni kəsməyəcəm. Sizə
ünvanımı, nömrələrimi verəcəm. Ukraynaya gələn kimi mənə xəbər
verərsiniz.
Köhnə qonşular ətrafdakı adamları sanki unutmuşdular. Ələsgər
onu evinə qonaq çağırır, Şəmşir qalmağını təkid edirdi. Kraveç isə,
"Uşaqlar tələsirik, vaxtımız azdır" deyirdi...
Alla Kraveçin qonşuları bir-bir xəbər alması da maraqlı idi.
Sanki əziz adamlarını, qohum-əqrabasını soruşurdu:
-Pakizə xala, Nuru dayı, dyadya Pyotr necədir? Sağdırlarmı?
Buradamı yaşayırlar?
Berlini bombalamış dadya Pyotr
Qonaqlar xəbər aldıqları adamlardan birinin dünyasını dəyişdiyi
eşidib kədərləndilər. Pakizə xala və dyadya Pyotr isə sağ idi. O,
birinici mətəbədə, Pakizə xala isə qonşuluqdakı binada yaşayırdı.
Onlar əvvəlcə Pakizə xala ilə görüşməyə yollandılar. Biz isə
Kraveçin ailəsinin yaşadığı binanın qarşısına toplaşmış sakinlərlə
söhbətləşirdik. Elə sakinlərdən öyrəndik ki, "Dyadya Pyotr" deyilən
adam keçmiş zabit, polkovnik leytenant Pyotr Alekseyeviçdir. O,
Berlini bombalamış pilotlardandır. Yaşı 90-nı çoxdan ötüb. Artıq
gözləri də görmür. Dyadya Petya köhnə qonşusu Leonid Kraveçin
gəldiyini eşidib hərbi mundirini geyinmək istədi. Jurnalistlər ona
hərbi görkəm almağa kömək etdilər. Yaxası orden və medallarla dolu
olan Pyotr Alekseyeviç əslən Ukryanadandır. Xanımı isə rusdur.
Böyük Vətən Müharibəsindən sonra xidmət keçmək üçün Gəncəyə (O
vaxtkı Kirovabada) gəlib və həyatını da elə burada qurub.
Qonaqlar Pakizə xala ilə görüşdən qayıdıb Dyadya Pyotrun
mənzilinə keçdilər. Keçmiş hərbçilər qucaqlaşıb görüşdü, hal-əhval
tutdular. Gözləri görməyən Pyotr Alekseyeviç Kraveçdən rütbəsini
xəbər aldı:
-O vaxt deyəsən kapitan idin.
-Hə, düzdür. Amma mayor kimi tərxis olundum.
-Uşaqların necədir? Buradan gedəndə çox balaca idilər.
-Elədir. İndi ikisinin də öz ailəsi var. Avropa ölkələrində
yaşayırlar. Siz necəsiniz? Gəncədə neçə yaşayırsız?
-Hər şey yaxşıdır. Heç nədən şikayətimiz yoxdur.
Görüşüb ayrılarkən dyadya Pyotrun Kraveçə dedikləri isə bizi də
kövrəltdi:
-Ukraynaya məndən salam de...
Xocalı dəhşətinin silinməz izi
Gəncə səfərinin proqramına uyğun olaraq qonaqlar şəhərin Cavad
Xan küçəsindən keçməklə fevralın 17-də Prezident İlham Əliyev
tərəfindən açılışı olmuş Gəncə bulvarında gəzintiyə çıxdılar. Gəncə
çayı boyunca uzanan bulvarın o başında isə bizi Bakıya aparacaq
Mikroavtobus gözləyirdi. Leonid Kraveç maşına çatan kimi üzünü
arxadan gələn jurnalistlərə tutub dedi:
-Uşaqlar tələsin, vaxtımız azdır.
Bax onda biz hamımız başa düşdük ki, Xocalı dəhşəti onun
yaddaşında silinməz iz buraxıb. 24 il əvvəl azərbaycanlı
jurnalistlərin erməni gülləsinə tuş gəlməməsi üçün onları
tələsdirmiş pilot 24 ildir ki, bu hadisənin təsirindən çıxa bilmir.
Erməni güllələrinin səsi, meyitlərin arasından körpə balasınının
donmuş cəsədini tapan polis kapitanının fəryadı 24 ildir ki, onun
qulaqlarından çəkilmir. Bu ifadə həmin gündən Kraveçin dilində
əzbərdir – "Tələsin, vaxtımız azdır".