"Anar Nəcəflinin Xəzər TV-dən ayrılmasının təfərrüatı"
adlı yazı televiziya daxilində çaxnaşmaya səbəb olub. Bundan sonra
həyəcan içində olan Xəbərlər departamentinin rəhbəri İbrahim
Ünlübostan yazıda adı hallanan əməkdaşlarla əlaqə yaradaraq onlara
təkzib verməsini istəyib".
"Axar.az"a bu barədə Xəzər TV-nin əməkdaşları
məlumat veriblər. Onların sözlərinə görə, İ.Ünlübostanın təzyiqi
ilə televiziyadan uzaqlaşanların bu problemi öz adları ilə
ictimailəşdirməmələrinin səbəbi digər kanallarda işləmək istəyindən
doğur: "Onlar istəmirlər ki, qalmaqallı jurnalistlər kimi adları
hallansın. Çünki qalmaqalla hansısa televiziyadan ayrılan
jurnalistlərin digər kanallarda işə düzəlmək istəyi problemli olur.
Kanal rəhbərliyi işdən gedəcəyi təqdirdə, növbəti qalmaqal hədəfinə
çevrilmək ehtimalına görə belə jurnalistlərdən uzaq qaçırlar. Digər
tərəfdən, İ.Ünlübostan bir neçə dəfə keçmiş əməkdaşları haqda ona
müraciət edən KİV rəhbərlərinə yanlış referat verib və onların
növbəti iş imkanlarını məhdudlaşdırıb".
Xəzər TV-dəki həmkarlarımızın xəbərinə görə, telekanalın türk
idarəçilərinin əməllərindən xəbər tutan rəhbərlik bunlara son
qoymaq və nəzarəti gücləndirmək üçün 2012-ci il sentyabrında
İnqilab Məmmədovu kanalda yeni yaradılan İctimai-siyasi şöbənin
rəhbəri vəzifəsinə təyin edib. İnqilab Məmmədovun müstəsna
səlahiyyətlərə malik olması televiziya daxilində baş verən
hərc-mərcliyə müəyyən mənada son qoyub. Bu təyinatdan ən çox
hiddətlənən isə İbrahim Ünlübostan olub. Tabeçiliyindəki işçilərin
İnqilab Məmmədovla isti münasibətdə olması departament şefinin
xoşuna gəlməyib. Hətta o, bununla bağlı bir neçə dəfə işçilərinə
xəbərdarlıq da edib.
Xəzər TV-də maşın alveri
Televiziya daxilindən əldə etdiyimiz ən maraqlı məqam isə reklam
müdiri Gökhan bəyin maşın alveri ilə məşğul olmasıdır. Hətta iddia
edilir ki, o, ilkin fəaliyyətə başlamaq üçün telekanala gələn
reklam vəsaitini dövriyyəyə buraxıb. Bundan başqa, telekanal
rəhbərliyinin "Cip" maşın həvəskarı olmasına da maraqlı şərh
verilir: "Onlar Türkiyədə bu şəraitə sahib deyildilər. Orda benzin
bahadır və buna görə də məcbur olub daha az benzin yeyən sedan
maşınları alırdlar. Həm də bu şəraiti Türkiyədə heç yuxularında
görə bilməzdilər. İndi isə hamısı Bakıda "Cip" maşınına
sahibdir".
Xatırladaq ki, səslənən iddialara münasibət bildirmək üçün bir
neçə dəfə İbrahim Ünlübostanla əlaqə yaratmağa cəhd etsək də,
zənglərimizə cavab verilmədi.