"Rusiyanın Soçi Olimpiadasında xəritədə bu cür
təhriflərdən istifadə etməsi əslində acizliyin bir
göstəricisidir".
Bu sözləri "Axar.az"a açıqlamasında siyasi ekspert Ərəstun
Oruclu dedi.
Rusiyanın Molla Nəsrəddin heç bir fərqi
yoxdur
O, Rusiyanın istənilən halda Azərbaycanı təhqir etmək üçün bu
cür vasitələrdən istifadə etməsini zəiflik adlandırdı: "Burada hər
şey ola bilər. Birinci, bu, texniki nasazlıqla əlaqələndirilə
bilər. Soçi Olimpiadası başlayan gündən burada olan hər bir şey
artıq bütün dünyada gülüş obyektinə çevrilib. Amma açılış mərasimi
möhtəşəm idi. Bunu da etiraf etmək lazımdır. Güclü dövlətin bu tip
mesajlar verməklə öyünməsinə, özünü təsdiq etməsinə ehtiyac yoxdur.
Bu, bir tərəfdən Molla Nəsrəddinin cızıqdan çıxması lətifəsinə
bənzəyir. Rusiya indi belə şeylərlə öyünürsə, demək, onun Molla
Nəsrəddindən heç bir fərqi yoxdur".
Rusiya Qafqazı itirməkdən qorxur
Politoloq Rusiyanın olimpiadaya siyasi don geyindirməsini doğru
qəbul etmədiyini dedi: "Birinci, bununla bağlı Soçi Olimpiadasına
nəzər yetirmək lazımdır. Rusiya bunu böyük geosiyasi hadisə kimi
qələmə verdi. Nəticədə bir çox Qərb ölkələrinin rəhbərləri Rusiyaya
gəlməkdən imtina etdilər. Faktiki olaraq Soçi Olimpiadası boykot
olundu. Bu cür idman hadisəsinə siyasi çalar vermək düzgün
deyil".
Ə.Oruclu artıq rəsmi Moskvanın Qafqazdan çıxmaq təhlükəsiylə
üz-üzə qaldığını hiss etdiyini qeyd etdi: "Rusiyanın buradan getmək
təhlükəsi artıq meydana gəlib. Bir də ki, bundan sonra xəritələrlə
belə oyun göstərmək tərəfsiz birinin öz götürdüyü öhdəlikdən
qaçması deməkdir. Hər şey qarşılıqlı olmalıdır. Rusiya razı olmazdı
ki, olimpiada zamanı Azərbaycan-Ermənistan, ya da ki, Gürcüstanla
seperat rejimlər arasında münasibətlər korlansın. Amma bu
qarşılıqlı olmalı idi. Rusiya hər zaman Azərbaycanla təzyiq dili
ilə danışıb. Ermənistanı isə ən yüksək səviyyəli nümayəndələri
səviyyəsində öz "forpost"u adlandırıb. Bütün bunlar da o yanaşmanın
təzahürüdür".
Rus politoloqları konyuktur maraqlara xidmət
edir
Rus politoloqlarının mütləq əksəriyyətinin sırf konyuktur
maraqlara xidmət etdiyini bildirən ekspert onların şərhlərinin
sadəcə təhrif olduğunu söylədi: "Onlar öz şəxsi fikirlərini, öz
təhriflərini, Rusiya hökumətinin maraqlarını təmin edən proqnozları
ortaya qoyurlar. Bu, bir tərəfdən Qərbə rus politoloqları
tərəfindən mesaj ola bilər ki, biz Soçi Olimpiadasını sabit
keçirmək istəyirik və bundan sonra Ukraynadan geri çəkilmək fikri
haqqında danışa bilərik. Ya da ki, sadəcə olaraq, aldadıcı bir
tryukdur. Guya Rusiya sırf bu olimpiadadan sonra geri çəkiləcək.
Amma hər halda, yenə də hesab edirəm ki, rus politoloqlarının böyük
əksəriyyəti açıqlamalarında səmimi deyillər. Diqqət edin, cəbhədə
vəziyyət gərginləşəndə onların hamısı bir ağızdan xorla deyirlər
ki, müharibə başlasa, Rusiya müharibəyə qarışmayacaq. Bax, bu
qeyri-səmimi təhrikçilik mövqeyini əks etdirir. Bir növ Azərbaycan
cəmiyyətini təhrik etmək istəyir ki, narahat olmayın, çəkinmədən
gedin müharibəyə, biz qarışmayacağıq. Bunların hamısının yalan
olduğunu isə hamımız bilirik. Rusiya politoloqlarının
açıqlamalarına mən heç vaxt ciddi yanaşmamışam. Dediklərini səmimi
açıqlama kimi qəbul etməmişəm".
Qeyd edək ki, Soçi Olimpiadasının açılış mərasimində Azərbaycan
və Gürcüstan təhqir edilmişdi. Hər iki ölkənin münaqişə zonalarının
üzəri "ağ duman"la örtülmüş, bir növ müstəqil ərazi kimi təqdim
edilmişdi.