Azərbaycanın görkəmli yazıçısı Maqsud İbrahimbəyov 81
yaşında vəfat edib.
Axar.az xəbər verir ki, bununla bağlı "Ayb.az" saytında nekroloq
yerləşdirilib.
Maqsud İbrahimbəyov 1935-ci il mayın 11-də Bakı şəhərində ziyalı
ailəsində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra
Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində təhsil alıb
(1955-1960). Eyni zamanda institutun çoxtirajlı "Politexnik"
qəzetində ştatdankənar müxbir kimi çalışıb. Tələbə inşaat
dəstələrinin tərkibində istehsalat praktikasını xam torpaqlarda
tikinti işlərində keçirib (1958-1959).
Azərbaycan Tikinti Nazirliyinin ağır sənaye inşaatı trestində
mehəndis (1960-1962), Moskva Ali ssenaristlər kursunda müdavim
(1962-1964), Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsinin
Azərbaycan üzrə xüsusi müxbiri (1964-1971), Moskva Ali rejissorluq
kurslarında müdavim (1971-1973) olub.
Bədii yaradıcılığa 1960-cı illərdən başlayıb. Nasir, dramaturq,
kinossenarist və rejissor kimi çoxcəhətli fəaliyyəti ilə SSRİ
miqyasında tanınıb. Onun "Mezozoy əhvalatı" pyesi Mədəniyyət
Nazirliyinin keçirdiyi ən yaxşı pyeslər müsabiqəsində birinci yeri
tutub. ."Mezozoy əhvalatı", "Bayquş gəlmədi", "Yay tətili", "Bütün
yaxşılıqlar üçün - ölüm!", "Truskavetsə kim gedir?", "Sən nəğməmsən
mənim", "Ona görə ki, mən Ayvar Lidakam" və s. ssenariləri əsasında
filmlər çəkilib.
"Qəza", "Bir az da sevinc", "Eşitmədiyim mahnı", "Qoy o bizimlə
qalsın" və s. adlı kitabları Moskva nəşriyyatlarında kütləvi
tirajla buraxılmışdır. Əsərləri keçmiş SSRİ və xarici ölkə
xalqlarının dillərinə tərcümə olunub. "Bayquş gəlmədi" və "Bütün
yaxşılıqlar üçün - ölüm!" əsərlərinə görə ona 1976-cı ildə
Azərbaycan SSR Dövlət Mükafatı verilib.
Azərbaycan Penklubunun (beynəlxalq yazıçılar təşkilatının)
sədridir. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə
(Beynəlxalq əlaqələr üzrə katib) seçilib (1991). Azərbaycan
Respublikası Milli Məclisinin üzvü idi.