Fevralın 12-də geniş tərkibdə görüş başa çatdıqdan sonra
Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Georgi
Marqvelaşvili mətbuata bəyanatlarla çıxış ediblər.
"Axar.az" xəbər verir ki, bu barədə Prezidentin
rəsmi saytı məlumat yayıb.
Prezident İlham Əliyev bəyanatında bildirib: "Biz Gürcüstan
Prezidentinin Azərbaycana səfərinə çox böyük əhəmiyyət veririk.
Şadam ki, bizim çox yaxşı müzakirələrimiz və söhbətimiz oldu. Biz
bir daha münasibətlərimizin strateji xarakterini təsdiqlədik".
Dövlət başçısı qeyd edib ki, xalqlarımız arasında münasibətlər
ölkələrimiz arasındakı əlaqələr üçün əsasdır. Bu gün Gürcüstan və
Azərbaycan iki müstəqil dövlətdir və beynəlxalq təsisatlarda
bir-birinə dəstək verir. Çox güclü siyasi münasibətlərimiz
mövcuddur. Biz BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar
daxilində birgə işləyirik və hər zaman bir-birimizə dəstək veririk.
Ölkələrimizin ərazi bütövlüyü məsələsində biz hər zaman
bir-birimizi dəstəkləyirik. Gürcüstan və Azərbaycanın ərazi
bütövlüyü, eləcə də beynəlxalq hüquq normaları kobud şəkildə
pozulub:
"Bu gün biz, həmçinin iqtisadi əməkdaşlıq perspektivlərini
müzakirə etdik. Hesab edirik ki, iqtisadi əlaqələrimizi, ticarət
dövriyyəsini artırmaq üçün böyük potensial vardır. Ticari
mübadilələr səviyyəsi arta bilər. Eyni zamanda, qarşılılıqlı
sərmayələr üçün yaxşı imkanlar vardır və biz Gürcüstanda sərmayə
qoyuluşunun təfərrüatlarını dəyərləndirəcəyik. Bununla belə,
Azərbaycan şirkətləri Gürcüstanın infrastruktur, enerji və
nəqliyyat sektorlarına artıq sərmayə qoymağa başlamışlar. Bu,
sənaye sektoruna da aiddir. Əlbəttə, bu gün biz enerji
şaxələndirilməsi və enerji təhlükəsizliyi ilə bağlı qarşılıqlı
layihələrimizə aid olan məsələləri də müzakirə etdik".
Azərbaycan Prezidenti deyib ki, enerji sahəsində əməkdaşlığın yaxşı
tarixi vardır. Azərbaycandan neft və qazı nəql edən əsas ixrac boru
kəmərləri Gürcüstan ərazisindən keçir. Bu əməkdaşlıq uzun illər
ərzində çox uğurlu olub: "Əlbəttə ki, biz enerji şaxələndirilməsi
ilə bağlı gələcək planlarımızı da müzakirə etdik. Bildiyiniz kimi,
ötən ilin dekabr ayında XXI əsrin müqaviləsi Bakıda imzalandı. Bu,
Avropada ən iri infrastruktur və enerji layihəsidir.
İnvestisiyaların ümumi həcmi 45 milyard dollar olacaqdır. Əlbəttə
ki, Azərbaycan, Gürcüstan, digər tərəfdaşlar və dostlar bu tarixi
layihəni həyata keçirmək üçün əlindən gələni edəcəklər".
İlham Əliyev vurğulayıb ki, daşımalar ikitərəfli
əməkdaşlığımızın, həmçinin mühüm hissəsidir: "Bu sahədə biz,
həmçinin regionları və qitələri birləşdirəcək layihəni həyata
keçirməkdəyik. Biz, eyni zamanda, humanitar sahədəki əməkdaşlığı,
insanlar arasında təmasları müzakirə etdik. Çox məmnunam ki,
Gürcüstan Prezidenti sabah Azərbaycanın rayonlarına səfər edəcək və
Azərbaycanın gürcü icması ilə görüşəcəkdir. Bir neçə il əvvəl, mən
Marneulidə yaşayan azərbaycanlılarla görüşdüm. Bu cür görüşlər,
həmçinin münasibətlərimizin gələcək inkişafı üçün vacibdir".
Dövlət başçısı qeyd edib ki, Azərbaycandakı gürcülər və
Gürcüstandakı azərbaycanlılar bizim böyük zənginliyimizdir: "Təbii
ki, onların həyatı və fəaliyyəti ikitərəfli əlaqələrimiz üçün
vacibdir. Bildirmək istəyirəm ki, tarixin bütün illəri boyu
gürcülər və azərbaycanlılar hər zaman sülh və dostluq şəraitində
yaşayıblar. Bu gün münasibətlərimiz qardaş, dost və strateji
tərəfdaşlar arasında olan münasibətlərdir. Gürcüstan Prezidentinin
səfəri söylədiyim sözləri bir daha təsdiqləyir".
G.Marqvelaşvili isə bəyanatında bildirib: "Bakıya səfərimizin
çox yaxşı başlanğıcını, apardığımız mühüm görüşü və qəbulu bir daha
qeyd etmək istəyirəm. İlk saatlardan qonaqpərvərliyinizi duyduq.
Bəli, dövlətlərimiz strateji rifaha aparan münasibətlərin qurulması
işində, ölkənin və regionun gələcəyi üçün nümunəvi olublar".
O, qeyd edib ki, həyata keçirdiyimiz layihələr nəinki
dövlətlərimiz, o cümlədən digər regionlar üçün də daha yaxşı
gələcək imkanlarını yaradır. Bu səbəbdən, dövlətlərimiz arasında
müstəsna tərəfdaşlıq, birgə həyata keçirdiyimiz enerji və daşıma
layihələrinə sadiqlik, regionda və onun hüdudlarından kənarda
milyonlarla insana daha yaxşı gələcəyi təmin edəcəkdir:
"Eyni zamanda, qeyd etmək istəyirəm ki, Azərbaycan Gürcüstan
üçün nəinki böyük layihələr, neft və qaz, eləcə də nəqliyyat
sahəsində əməkdaşlıq, o cümlədən mədəniyyət, elm və fərdlər
arasında münasibətlər baxımından olduqca vacibdir. Artıq qeyd
etdiyim kimi, siyasi sahədə tərəfdaşlığımızı həyata keçiririk və
inkişaf etdiririk. Bu, həmçinin bizim üçün çox vacibdir, çünki bu
tərəfdaşlıqla bir-birimizin cəmiyyətlərini və dövlətlərini
zənginləşdiririk".
Gürcüstan Prezidenti vurğulayıb ki, aydındır ki, ərazi bütövlüyü
ilə bağlı ciddi problemlər vardır: "İnanıram ki, biz həmin
problemlərin sülh yolu ilə həllində ən düzgün yoldayıq, düzgün
istiqamətdəyik. Həmin problemlərin həlli yolu dövlətlərimizin
rifahının daha da artırılmasından, çox mühüm birgə layihələrin
reallaşdırılmasından keçir. Dövlətlərimiz arasında yüksək səviyyəli
səfərlərin həyata keçirilməsini səbirsizliklə gözləyirik. Biz
Prezident Əliyevin Gürcüstana səfərini səmimiyyətlə arzulayırıq.
Biz azərbaycanlıların Gürcüstanda və gürcülərin isə Azərbaycanda
həyat tərzinin daha da yaxşılaşdırılmasını səmimi qəlbdən
arzulayırıq. Bu sahədə də biz tərəfdaşlığın müstəsna imkanlarını
nümayiş etdiririk.
Bu gün mən Prezidentə bildirdim ki, Tbilisiyə, Gürcüstana
qayıtdıqdan sonra mən Novruz bayramında azərbaycanlı
həmvətənlərimizlə görüşəcəyəm və bu bayramı onlarla qeyd edəcəyəm.
Bu sahədə biz, həmçinin tərəfdaşlıq edirik və dövlətlərimiz
arasında xüsusi əməkdaşlıq imkanlarını nümayiş etdiririk".