Aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu
mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv
atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və
yaralananlar var.
Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, bu
təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin
təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı
tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində
cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib.
Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni
birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından
möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi
istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə
yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.
Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək
Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi
düşmən qüvvələrindən tam təmizlənib.
Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə
Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə
saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan
yüksəklik də bölmələrimizin nəzarətinə keçib.
Hazırda həmin yüksəkliklər və yeni müdafiə xətti boyu müvafiq
gücləndirmə tədbirləri həyata keçirilir, yeni səngərlər qazılır və
mövqelərdə möhkəmləndirmə işləri aparılır.
Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya
qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o
cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.
Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu
şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata
cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1
ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.
Müdafiə Nazirliyinin rəhbərliyi düşmənlə döyüşlərdə şəhid olan
hərbi qulluqçuların yaxınlarına və ailələrinə dərin hüznlə
başsağlığı verir və səbr diləyir.
Müdafiə naziri döyüşlərdə iştirak edən şəxsi heyətin döyüş
qabiliyyətini, hərbi təcrübəsini və döyüş ruhunu yüksək
qiymətləndirib.
Müdafiə Nazirliyi bildirir ki, atəşkəs rejimi haqqında
razılaşmanın Ermənistan tərəfindən pozulması təkrarən baş verərsə
düşmənə vurulacaq zərbələr daha ağır və sarsıdıcı olacaqdır.