Qobustan rayon sakini, 1963-cü il təvəllüdlü Nadir
Abdulaliyev odlu silahdan açdğı atəşlə bacısı Aybəniz Lətifovanı
güllələyib.
Publika.az xəbər verir
ki, hadisə Abşeron rayonu, Xırdalan şəhərində banklardan birinin
qarşısında baş verib.
Hadisə zamanı güllə yarası alan 1965-ci il təvəllüdlü Aybəniz
Lətifova vaxtında xəstəxanaya çatdırıldığı üçün onun həyatını xilas
etmək mümkün olub. Hadisəni törədən şəxs isə polis əməkdaşları
tərəfindən həbs edilib.
Qeyd edək ki, Nadir Abdulaliyev və zərərçəkən Aybəniz Lətifova
doğma bacı-qardaş olmaqla bərabər, həm də qudadılar.
İki maddəli cinayət işi
Nadir Abdulaliyev Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi
amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) və
228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini,
döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş
sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə
etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə)
maddələri ilə ittiham edilib.
İbtidai istintaq başa çatandan sonra cinayət işi üzrə material
baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət
işi hakim Rauf Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Nadir
Abdulaliyev bildirib ki, bacısı və eyni zamanda oğlu Cavidin
qayınanası olan Aybəniz Lətifova son 7-8 il ərzində əxlaqsız həyat
tərzi sürdüyünə görə aralarında ciddi narazılıqlar yaranıb:
"Dəfələrlə bacıma bu əxlaqsız yoldan əl çəkməsini demişəm. Amma
Aybəniz sözlərimə məhəl qoymayıb".
"Aybəniz bankın yanında..."
Nadir Abdulaliyevin bildirdiyinə görə, 2015-ci ilin fevral
ayının əvvəllərində Aybəniz ona zəng edib: "Aybəniz oğlum Cavid
həbsdə olduğuna görə, qızı Sevdanı özünün saxlayacağını və buna
görə ona pul ödəməli olduğumu bildirdi. Eşitdiyim bu sözlərdən
əsəbiləşdim. Eləcə də əxlaqsız həyat tərzi sürdüyünə görə Aybənizi
cəzalandırmaq qərarına gəldim. Martın 9-da Aybənizə zəng edərək ona
pul verməyə razı olduğumu, lakin həmin pulu bankdan kreditlə
götürəcəyimi bildirdim. Aybəniz səhərisi gün təxminən saat 14
radələrində Xırdalan şəhərində yerləşən "Dəmir bank"ın yanında
görüşməyimizi təklif etdi".
"Atəş açdım və o..."
Təqsirləndirilən şəxsin sözlərinə görə, ertəsi günü Aybənizlə
görüşə gedərkən evində saxladığı silahı da götürüb. Amma
təqsirləndirilən şəxsin dediyinə görə, silahı bacısını vurmaq üçün
götürməyib: "1985-ci ildə Rusiya Federasiyasının Strejevoy
şəhərində yaşayarkən əldə etdiyim və daimi yaşamaq üçün Azərbaycana
qayıdarkən özümlə gətirdiyim tüfəngi və patronları polisə təhvil
vermək qərarına gəldim. Bu məqsədlə tüfəngi gizlətdiyim yerdən
götürdüm və Aybənizlə görüşə getdim. Saat təxminən 14 radələrində
görüş təyin etdiyimiz yerə çatdım. Bacımın artıq orada məni
gözlədiyini gördüm. Bu zaman Aybənizə yaxınlaşaraq bildirdim ki,
əxlaqsız həyat sürməyin bir tərəfə, indi də məndən pul istəyirsən?
Bacım həm əxlaqsız həyat tərzi sürdüyünü etiraf etdi, həm də məndən
pul istədiyini dilə gətirdi. Həmin an əsəbiləşdiyimdən tüfənglə
Aybənizin ayaqları altına bir dəfə atəş açdım. Bunu görən Aybəniz
qorxaraq yaxınlıqdakı ticarət mərkəzi istiqamətində qaçmağa
başladı. Mən də onun arxasınca qaçaraq daha bir dəfə atəş açdım.
Yenə də güllə Aybənizin ayaq nahiyəsinə dəydi. Həmin vaxt ətrafdakı
tanımadığmı şəxslərdən biri tüfəngi əlimdən aldı. Bundan sonra
hadisə yerinə gələn polis əməkdaşları məni Abşeron rayon Polis
Şöbəsinə apardılar".
Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Aybəniz Lətifova
qardaşının ifadəsindən fərqli danışıb. Onun sözlərinə görə, 2014-cü
ilin avqust ayında qızı Sevdanın əri və eyni zamanda qardaşı
Nadirin oğlu olan Cavid Abdulaliyev məhkum olunub: "Bundan sonra
qızımı və nəvəmi saxlamaqda çətinlik çəkdim. Bunun üçün dəfələrlə
qardaşıma oğlunun ailəsinin dolanması üçün maddi köməklik
göstərməsini xahiş etmişəm. Lakin hər dəfə bu xahişimdən sonra
Nadir əsəbiləşib".
"Ayağımdan vurdu"
Zərərçəkimişin sözlərinə görə, martın 9-da Nadir ona zəng edərək
pul verməyə razılaşdığını, lakin pulu bankdan götürmək lazım
olduğunu deyib. Aybəniz Lətifova qeyd edib ki, qardaşına bankdan
pul götürməsi üçün də zamin duracaq: "Bu məqsədlə ailə başçımı
itirməyə görə aldığım müavinətə dair arayışı da götürərək Xırdalan
şəhəri, M.Hüseynzadə küçəsində yerləşən "Mega sity Abşeron" MMC-nin
önünə gəldim. Təxminən 15-20 dəqiqə sonra Nadir də oraya gəldi.
Orada Nadir məndən pul istədiyimi soruşdu. Mən də pul istədiyimi
deyən zaman Nadir dublyonkasının altından tüfəng çıxardaraq bir
dəfə atəş açdı. Nadirin məni öldürəcəyindən qorxuya düşdüm və
qarşıdakı ticarət mərkəzinə tərəf qaçmağa başladım. Bu zaman Nadir
ikinci dəfə atəş açdı və güllə ayağımdan dəydi. Həmin an yerə
yıxıldım. Bundan sonra tanımadığı bir şəxs məni xəstəxanaya apardı.
Qardaşımdan şikayətim yoxdur".
Məhkəmənin hökmü ilə Nadir Abdulaliyev 12 il müddətinə
azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Baş Prokurorluq
apelyasiya protesti verib. Prokurorluq Nadir Abdualiyevin daha ağır
cəza ilə cəzalandırılmasını istəyib.
Nadir Abdulaliyevdə apelyasiya şikayəti verib. O, əməlinin
Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya
xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurma) və 228.1-ci
maddələrinə tövsüf olunmasını istəyib.
Tərəflərin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya
Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Nazim Mövsümovun
sədrlik etdiyi kollegiyada araşdırılıb.
Apelyasiya protestini və şikayətinin dəlillərini araşdıran hakim
kollegiyası sonda qərar elan edib. Qərara görə, tərəflərin
şikayətləri təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin
hökmü qüvvəsində saxlanılıb.