Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət
İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman
imzalayıb.
Axar.az xəbər verir ki bu barədə Prezidentin rəsmi saytı məlumat
yayıb.
Fərmanda qeyd edilir: Dövlət qulluğu üçün kadrların seçilməsini
və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr
tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na
əsaslanaraq, təhsil müəssisələrinə tələbə qəbulunu beynəlxalq
təcrübəyə uyğunlaşdırmaq məqsədi ilə, Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq
qərara alıram:
1. Azərbaycan Respublikasında dövlət qulluğu üçün kadrların
müsabiqə əsasında seçilməsini, ümumi təhsil pilləsində
təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta
ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali
təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil
və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər
Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qəbul
imtahanlarının keçirilməsini təşkil etmək məqsədi ilə Azərbaycan
Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs
yaradılsın.
2. "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik
hüquqi şəxsin Nizamnaməsi" təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik
hüquqi şəxsin təsisçisinin aşağıdakı səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti həyata keçirir:
3.1. Nizamnamənin təsdiqi;
3.2. nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
3.3. icra orqanlarının (kollegial və ya təkbaşçı) yaradılması,
onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə
vaxtından əvvəl xitam verilməsi.
4. Müəyyən edilsin ki:
4.1. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin
idarəetmə orqanı 7 nəfər üzvdən ibarət Direktorlar Şurasıdır.
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar
Şurası sədrinin, sədr müavinlərinin və digər üzvlərinin vəzifəyə
təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə
vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının
Prezidenti tərəfindən həyata keçirilir;
4.2. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin ilkin
nizamnamə fondu Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti
hesabına formalaşır və 1 (bir) milyon manatdır.
5. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət
qeydiyyatına alındığı andan Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan
Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilsin
və onların istifadəsində olan dövlət əmlakı Azərbaycan
Respublikasının Dövlət İmtahan Mərkəzinin balansına verilsin.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
6.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması
ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
6.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
6.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
6.4. bu Fərmanın 5-ci hissəsi nəzərə alınmaqla, Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə
Komissiyanın və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasının istifadəsində olan dövlət əmlakının
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin balansına
verilməsini təmin etsin;
6.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
8.1. bu Fərmanın 4.2-ci bəndinə uyğun olaraq, Azərbaycan
Respublikasının Dövlət İmtahan Mərkəzinin ilkin nizamnamə fondunun
formalaşdırılması ilə bağlı məsələləri həll etsin;
8.2. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin ilkin
mərhələdə fəaliyyətini Azərbaycan Respublikasının 2016-cı il dövlət
büdcəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası üçün nəzərdə tutulmuş xərclər
hesabına təmin etsin.
9. Ləğv edilənədək Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə
Dövlət Komissiyası tərəfindən qəbul edilmiş normativ hüquqi
aktlarda dəyişikliklər etmək, həmin aktların qüvvəsini dayandırmaq
və ləğv etmək səlahiyyəti Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə verilsin.
10. Azərbaycan Respublikası Vergilər Nazirliyi Azərbaycan
Respublikasının Dövlət İmtahan Mərkəzinin dövlət qeydiyyatı ilə
bağlı zəruri tədbirləri həyata keçirsin.