İrəvanın Moskvadan konkret
addımlar atmaq tələbi Sərkisyan rejiminin son
fəndidir.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə
deyib. Ekspert Ermənistanda baş qaldıran anti-Rusiya aksiyalarının
İrəvana baha başa gələcəyini açıqlayıb:
"Ermənistan siyasi rəhbərliyi illərdir ki, Qarabağda gedən
proseslərin məsuliyyətini Rusiya ilə paylaşmaq niyyəti güdür.
Ermənilər hazırda belə düşünür ki, Rusiya Qarabağ məsələsində
Ermənistana borcludur. Hazırda hər iki ölkənin maraqları toqquşur.
Çünki Moskvanın cari maraqları tamam başqadır. Yəni Rusiya
Azərbaycanla münasibətləri bir çox istiqamətlərdə inkişaf etdirməyi
düşünür. İndiki vəziyyət Rusiyanı qane etmir. Moskva bunu açıq
şəkildə Ermənistan rəhbərliyinə bildirir. Ancaq Sərkisyan
məğlubiyyətinin bütün məsuliyyətini Rusiyanın üzərinə atmaq
istəyir. Maraqların toqquşması bu və ya digər şəkildə Bakıya sərf
edir. Rəsmi Bakı bundan öncə Qarabağ məsələsi ilə bağlı Rusiyanın
rəsmi dairələrinə öz mesajlarını verib. Görünür, indi bu məqam
yetişib".
İ.Vəlizadənin sözlərinə görə, siyasətində müəyyən dəyişikliyə
gedən Rusiyanın ciddi götür-qoy etməsi Ermənistan rəhbərliyini çox
pis sarsıdırb:
"Sərkisyan hazırda erməni cəmiyyətindəki narazılığı əsas
götürərək siyasi manipulyasiya etməyə çalışır. Yəni İrəvan
Moskvadan konkret addımlar atmaq tələbini hər fürsətdə göstərir.
Ancaq bunu Sərkisyan rejiminin son fəndi saya bilərik. Çünki belə
bir vəziyyətdə Rusiya konkret olaraq Ermənistandan üz döndərib.
İrəvanın son qışqırıqları da çox güman ki, Moskva tərəfindən
eşidilməyəcək".
Politoloq bu əsasda önəmli bir məqama da toxunub:
"Çox güman ki, Rusiyadakı güc mərkəzləri Sərkisyanın
hakimiyyətdən getməsi ilə bağlı hansısa variantlar üzərində
düşünürlər. Əsas məsələ isə Ermənistanda hakimiyyətə kimin
gətiriləcəyidir. Ən mühüm siyasi partlayışlar da bundan sonra
olacaq. Moskva reytinqi olduqca aşağı olan Sərkisyanı
dəstəkləməyəcək. Bu dəqiqdir. İstisna deyil ki, hazırda Rusiya
Sərkisyanın yerinə əvəzedici axtarır. Buna qədər Sərkisyan
vəziyyətdən istifadə etməklə yerini bərkitməyə çalışırdısa, indi
heç bir şey edə bilməyəcəyini anlayır. Buna görə də o, Levon
Ter-Petrosyan və digər müxalif liderlərlə ünsiyyətə getməyə məcbur
olub. Məqsədi isə məsuliyyəti onlarla paylaşmaqdır. Hətta ola
bilsin, Sərkisyan keçmiş müxalif liderlərə gələcək koalisyon
hökumətdə kreslo sözünü verib. Ancaq bu plan baş tutmayacaq. Çünki
Ermənistan hakimiyyətində daxili proseslərin kəskinləşməsi qaçılmaz
olacaq. Mümkündür ki, Rusiya hərəkətə keçənə qədər Sərkisyanı elə
hakim dairələrin özləri devirsin".