Bu həftənin ən maraqlı hadisəsi, heç şübhəsiz ki, Eynulla
Fətullayevin yaydığı məlumat ətrafında baş verdi. Müəllif Xədicə
İsmayılovanın bir restoranda iki amerikalıya məlumat ötürdüyü
barədə məqalə dərc etdi və məlum oldu ki, bu, adi ötürücülük deyil.
Əgər yazılanlar təsdiqini taparsa, Xədicə İsmayılova, təsdiq
olunmazsa, Eynulla Fətullayev cavab verməli olacaq. Doğrudur, cavab
üçün yazı taxtaları fərqli olacaq, amma cavab mütləq olmalıdır.
Söhbət ondan gedir ki, adları çəkilən şəxslərin Azərbaycan xüsusi
xidmət orqanlarına işlədiyi barədə məlumatlar çox kölgəlidir. Yəni
onların verdiyi effekt heç də yalnız mənfi və ya yalnız müsbət
olmayacaq.
Ən maraqlısı burasıdır ki, adları bu və ya digər şəxsin məxfi
hamiliyində çəkilən heç bir qurum samballı bir təkzib və ya təsdiq
bəyanatı ilə çıxış etməyib. Məsələn, nə Azərbaycanın Daxili İşlər
Nazirliyi Rauf Arifoğlunun 2006-ci ilin avqustundan bu quruma
işləməsi və onu maliyyələşdirməsi barədə, nə Prezident
Adminstrasiyası onu siyasi idarə etməsi haqda yayılan informasiya
ilə bağlı açıqlama verib. Müsavat Partiyası başqanının Rauf
Arifoğlu vasitəsilə hakimiyyət tərəfindən ələ alınması, İsa
Qəmbərin övladlarının Arifoğlunun əliylə maliyyələşdirməsi barədə
yazılanlar da havadadır.
Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılının
"verbovka"sı ilə bağlı məlumata adı tərəf kimi çəkilən Ədliyyə
Nazirliyinin Penitensiar Xidmətinin rəsmi münasibətinin də hələ ki,
şahidi deyilik.
Xədicə İsmayılovanın Şindler siyahısı qədər olmasa da, Eynulla
Fətullayevin sayəsində kifayət qədər məşhurlaşan siyahısında daha
kimlərin adları yoxdur?! Məsələn, 2007-ci ildə həbs olunmuş Eynulla
Fətullayevin gurultulu azad olunması Azərbaycanın xüsusi xidmət
orqanlarının planı hesab edilir. İddia olunur ki, Eynulla hələ
2002-ci ildən Milli Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq edir.
MTN isə bu mövzuda susur.
Elə AXCP-nin sədr müavini Həsən Kərimovun Anti-terror Mərkəzi
ilə birbaşa əlaqədə işləməsi haqda deyilənlərə də lal bir
soyuqqanlı baxış var.
Hüquq mühafizə orqanlarının susduğu ünvanların tam siyahısı
üzərində bir daha gəzişək.
Bildirilir ki, hələ 80-ci illərin sonunda KQB tərəfindən, o
zamankı KQB sədri Vaqif Hüseynovla ələ alınmış bu şəxs SSRİ
dağılandan sonra Rusiya FSB-sinin nəzarəti altına keçib. Maraqladır
ki, nə Vaqif Hüseynov, nə də Rusiya xüsusi xidməti bu məlumata hər
hansı şəkildə münasibət açıqlayıb.
İctimai xadim Erkin Qədirlinin Prezident Adminstrasiyasının şöbə
müdiri Fuad Ələskərovla əməkdaşlıq etməsi və onun vasitəsilə
həbsdən, repressiyadan qorunması barədə məlumata Fuad müəllim nə
özü, nə də aparat bir şey deyir. "Azadlıq" raliostansiyasının
Azərbaycan xidmətinin rəhbəri Babək Bəkirin xüsusi xidmət orqanları
tərəfindən ələ alınması və bu yolla bu xidmətin rəhbəri olmağa
kömək etməsinə isə yəqin ki, artıq okeanın o tayından, ya da ən azı
Praqadan reaksiya gəlməliydi. Amma görünür okean sirr keçirmir.
İttihamlar isə ciddi və təkzib tələb edəcək həddədir.
"Turan" informasiya agentliyinin direktoru Mehman Əliyevin
sahibkar Babek Muradov vasitəsilə xüsusi xidmət göstərməsi,
Mirmahmud Fəttayevin hakimiyyətlə əlaqədə və onun nəzarətində
olması barədəki məlumatlar, REAL hərəkatının üzvləri - Natiq
Cəfərli, Zöhrab İsmayıl, Xalid Bağırov və başqalarının Prezident
Aparatı siyasi təhlil şöbəsinin müdiri Elnur Aslanovla sıx
əməkdaşlıq etməsi mövzusu qızıldan qiymətli olaraq qalır.
Sərdar Cəlaloğlunun Prezident Aparatı İctimai siyasi şöbəsinin
müdirinin müavini Tahir Süleymanov tərəfindən əlaqələndirilməsi də
hələ ki, nə təsdiq nə də təkzib edilir.
Çingiz Qənizadə, Novella Cəfəroğlu, Səidə Qocamanlı, Arzu
Abdullayeva və bir çox başqalarına isə Ədliyyə Nazirliyi ilə millət
vəkili Səməd Seyidova baxır. Elçin Behbudovun iradəsi isə Daxili
İşlər və Milli Təhlükəsizlik Nazirliklərinin idarəsi altındadır.
Burada adı çəkilən şəxs və qurumlar da cavaba tələsmirlər.
Maraqlıdır, Azərbaycanın dinc və sabit havasında birdən-birə
belə bir bomba partlayır. Amma səs çıxmır. Heç bir tərəfdən. Bəzi
həmkarlarımın xəfiyyə və casusluqda adları halanan şəxslər barədə o
düşüncələrini bölüşmürəm ki, guya onlar çıxılmaz hala düşüb. Ola
bilər ki, ilk baxışdan bu belə görünür. Çünki adları çəkilən
bir-iki şəxs, onlar da belə də, ötəri, istisna olmaqla, qardaşlıq
qəbiristanlığını xatırladan siyahının ruhları da inciməyib. Yoxsa
əl-ayağa düşər, öz şəxsi və məslək səngərlərini, vətəndaş
reputasiyalarını qorumaq üçün hansısa tədbirlər görərdilər, kimisə
məhkəməyə verər, bu yolla məlumatın əsl mənbəyini axtarıb üzə
çıxarar, cəmiyyətə tərtəmiz - gül kimi olduqlarını bildirmək üçün
bir yarpız vannası qəbul edərdilər.
Azadlıq xanımı Xədicə İsmayılovanın davranışı da qəribə görünür.
Feysbuk səhifəsində orta məktəbin arxa partası səviyyəsində, "dərsə
girən filankəsdir" səviyyəsində bir cavab verməklə geri çəkilmək?!
Yəni yerin altını və üstünü bildiyini iddia edən təhqiqatçı, Dubay
üzrə peşəkar jurnalistin cavab verməyə arqumenti debildən uzağa
getmir?!
İkincisi, hüquq mühafizə orqanlarının susması. Bu nədən xəbər
verir: Məlumatın qeyri-ciddiliyinə hesablanmış jestdirsə, bu, belə
deyil. Ortada ART QARDEN boyda bir restoran həqiqəti var və Xədicə
xanım özü də belə görüşün olduğunu gizlətmir. Restoranların isə
iaşə xidməti olur, mətbuat xidməti yox. Ona görə də məlumatı yəqin
ki, restoran verməməlidir. Amma kim və nə olursa olsun, ya təsdiq,
ya təkzib, ya da "nə təsdiq, nə də təkzib edirik" deyən tanış bir
diplomatik cümlə deməli idi və deməlidir.
Üçüncüsü: Birləşmiş Ştatların ən azı Azərbaycandakı səfirliyi
səviyyəsində susması. Budamı razılıq əlamətidir?! Birləşmiş Ştatlar
öz Senatının iki əməkdaşını, adı kəşfiyyatçılıqda hallanan Con
Zadrozni və Daniel Vajdiçi - iki vətəndaşını niyə müdafiə etmir?
Axı ortada az qala bir cüt Snouden boyda məsələ var?!
Dördüncüsü: Məsumlar düşünə bilərlər ki, Eynulla Fətullayev bu
gün öz vəziyyətinin çətin olduğunu, müstəqil fəaliyyət göstərə
bilməməsinin əsl səbəblərini açıq izah edə bilmədiyini cəmiyyətə
yalnız bu yolla çatdırmağı qərara alıb. Qalan şəxsləri də bura ona
görə qatıb ki, kim nəyə inanır inansın. Məsələn, mən inanmıram.
Və nəhayət, az maraqlı olmayan daha bir ehtimal. Bəlkə Daxili
İşlər, Milli Təhlükəsizlik Nazirlikləri, Prezident Adminstrasiyası
verəcəyi təsdiq və ya inkar bəyanatıyla öz adamını ifşa edə
biləcəyindən doğrudan ehtiyatlanır? Amma bu da işin xeyrinə olardı.
Ən azı cəmiyyət öz qəhrəmanlarını tanıyardı. Bu təşkilatlar da
vaxtı çıxmış əməkdaşlarını dövriyyədən çıxarardılar.
Xədicə İsmayılovaya gəlincə isə pərəstişkarları ondan "debil"dən
daha artıq cavab gözləyirlər.
İndi isə hər şeyi qoyaq bir tərəfə və necə deyərlər, öz aramızda
qalmaq şərtilə aydınlaşdıraq. Tutaq ki, lap elə yazılanlar
həqiqətdir və adları çəkilənlər Azərbaycanın xüsusi xidmət
orqanları ilə əməkdaşlıq edirlər və ya ediblər. Bu məlumat niyə
amerikalıları maraqlandırır? Onlar bu məlumatı neyləyəcəklər?
Məsələn, Prezident Admintstrasiyası şöbə müdirinin müavininin bir
siyasətçimizə koordinatorluq etməsinin Ağ Evin maraqlarına nə
isti-soyuğu? Əlbəttə, hələ Sovet dövründən qalmış "Filankəs KQB-yə
işləyir" tipli iddiaların yaratdığı xüsusi gözdənsalma fəndi
cəmiyyətdə həmişə müsbət qəbul olunmur və yəqin ki, bu məlumatların
da yayılması ad sahiblərinin məhz burdakı gələcək aqibətlərinə
hesablanıb. Və bir anlıq buna da inanaq ki, milli mətbəximizin
təmsilçisi Xədicə İsmayılova doğrudan da bu məlumatları hansısa
restoranda bir boşqabda Birləşmiş Ştatlardan olan iki müştəriyə
təqdim edib, yəni onlarla əməkdaşlıq edib. İndi nə yaxşıdır: öz
dövlətinə işləmək, yoxsa özgə dövlətlə əməkdaşlıq etmək?! Bu
sualların cavabı isə başqa sualların cavabından asılıdır. O
cavablardan ki, hələ onları almaq üçün lazım olan suallar
verilməyib.
Qonağımız Milli Təhlükəsizlik Nazirliyi Mətbuat Xidmətinin
keçmiş rəhbəri Mirsaleh Axundzadədir. Onunla başqa suallara cavab
axtaracağıq.
Milli Təhlükəsizlik Nazirliyi Mətbuat Xidmətinin keçmiş rəhbəri
Mirsaleh Axundzadə: "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik
orqanlarının agenturası deyilən bir şəbəkə haqqında məlumat tam
məxfidir. Belə məlumatları hər hansı bir şəxsin verməsi mümkün
deyil. Kiminsə belə bir məlumatı verməsi qeyri-qanunidir.
Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanlarının
agentləri tam məxfidir və nə indi, nə də gələcəkdə heç bir məlumat
sızmayacaq. Bu qanunla tənzim olunan bir məlumatdır. Əgər həqiqətən
əməkdaşlıq edən adamlar varsa da, burda heç bir qəbahət yoxdur. Hər
bir sözə görə dövlət qurumunun bəyanat verməsi yersizdir. Buna
ehtiyac yoxdur. Burada ciddi bir problem yoxdur. Xədicə
İsmayılovanın verdiyi siyahı da heç ciddiyə alınmalı deyil".