Yuxarı

Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamenti “Rüfət Səfərovun Azərbaycanda saxlanılmasından dərin narahatıq və məsələni yaxından izləyirik” bəyanatını verib. R.Səfərovun saxlanılması konkret baş verən hadisədən qaynaqlanır: o, torpaq alqı-satqısı ilə bağlı münaqişəyə görə saxlanılıb və haqqında dələduzluq, xuliqanlıq maddələri ilə cinayət işi açılıb. Ortada siyasi, yaxud başqa bir səbəb yoxdur. Bu baxımdan, Dövlət Departamentinin məsələyə münasibət bildirməsi və “dərin narahatlıq” keçirməsi anlaşılan deyil. Axı əsas işi yalnız sosial şəbəkədə paylaşımlar etmək və vaxtaşırı bu paylaşımları “hesabat” halına salıb qrant paylayan Qərb təşkilatlarına göndərmək olan R.Səfərov Dövlət Departamentini həyəcanlandıracaq fiqur deyil. Amma və lakin Dövlət Departamenti bu qədər narahat olursa, deməli, arxasında ciddi səbəblər mövcuddur.

Bu kontekstdə Dövlət Departamentinin məlum açıqlamasında xüsusilə diqqət çəkən bir cümlə var: “...o, insan haqları sahəsində fəaliyyətinə görə Dövlət Departamentinin mükafatına layiq görülüb və bir neçə gündən sonra bu mükafatı almalı idi”. Və bu mükafatı ona şəxsən Dövlət Departamentinin rəhbəri Blinken təqdim edəcəkmiş.

Sual yaranır: Azərbaycanda əksəriyyətin adını belə bilmədiyi Rüfət Səfərov hansı titanik fəaliyyətinə görə Bayden administrasiyası tərəfindən mükafata layiq görülüb?

Məsələni araşdıranda ortaya çox maraqlı faktlar çıxır və diqqəti Azərbaycan siyasətində yeni “fiqurlar”ın yaradılması, onların legitimləşdirilməsinə çəkir. Bu, yeni layihə deyil və belə demək mümkünsə, Blinken keçmiş həmkarı Hillari Klintonun gedişini təkrarlamağa çalışır.

Baydenin alternativ axtarışı və “yeni sima” planı

Azərbaycan siyasətində Prezident İlham Əliyevin alternativi mövcud deyil. Son prezident seçkiləri bir daha təsdiq etdi ki, Prezident İlham Əliyevin mövqeləri olduqca güclüdür. Vətən müharibəsindən sonra nəinki alternativi yoxdur, ümumiyyətlə, Əliyevə opponentlik edə biləcək fiqur mövcud deyil. Bunun qaynağı Azərbaycan xalqının ona qələbəni bəxş edən liderinə olan dəstəyidir. Və belə bir vəziyyət xüsusilə Azərbaycana qarşı olan qüvvələr üçün heç də arzuolunan deyil.

Birincisi, xalqın dəstəyi nəticəsində alternativsizlik qazanan Prezident İlham Əliyev xarici təzyiqlərin qarşısında daha güclü mövqeyə malik olur;

İkincisi, xarici oyunçular – ABŞ və digər ölkələr öz maraqlarını Əliyevə diktə edə, onu milli siyasi xətdən kənarlaşdıra bilmirlər.

Hərçənd, Bayden Administrasiyası bu reallıqla barışmaq istəmir və ABŞ kəşfiyyat orqanlarına, eləcə də Azərbaycandakı səfirliyinə yeni-yeni alternativlərin tapılması-hazırlanması tapşırığını verib.

Birinci variant “köhnə alternativin” yenilənməsidir;

Söhbət Əli Kərimlinin “reanimasiyasından” gedir. Bakıda COP29-un keçirilməsi dövründə buna cəhdlər oldu. Əli Kərimlinin Qərb mediasında məqalə və çıxışlarının yayılması, sosial mediada aktivliyinin təmin olunması, “hakimiyyətin alternativi kimi təzyiqlərə məruz qalması” obrazının gücləndirilməsi kimi addımlar atıldı. Lakin nəticə vermədi, özləri də anlayırlar ki, Əli Kərimli daxili və xarici auditoriya üçün maraqsız, belə demək mümkünsə, bitmiş personadır - baxmayaraq ki, hələ onu “no qrant” etməyə tələsmirlər, qrant verirlər.

İkinci variant işə salındı: “yeni sima”nın axtarışı, tapılması və hazırlanması;

ABŞ-ın Azərbaycan siyasi cameəsində “yeni sima” axtarışı yeni hadisə deyil, lakin məhz indi bu planın üzərində daha aktiv şəkildə işləyirlər. Çünki ənənəvi müxalifətin nüfuz qazana bilməməsi fonunda ABŞ-ın illər ərzində qurduğu şəbəkəsi ifşa edilərək, neytrallaşdırılıb. Əgər indiyə qədər ənənəvi müxalifətin zəifliyini öz şəbəkələri və təsir agentlərinin hesabına sığorta edirdilərsə, artıq bu imkanları böyük ölçüdə sıradan çıxıb. Buna görə “yeni sima” axtarışı aktuallaşıb. Məqsəd ənənəvi müxalifətlə bağlılığı olmayan şəxsin ətrafında informasiya resursları, nüfuz agentləri, maliyyə mənbələri quraraq onu hakimiyyətin alternativinə çevirməkdir. Bu, sınaqdan çıxmış metoddur. Rusiyada Navalnı, Belarusda Tixonovskaya layihələri bunun bariz nümunəsidir. Azərbaycanda eyni ssenarinin Bəxtiyar Hacıyev üzərindən həyata keçirilməsi cəhdi var idi. 2012-ci ildə ABŞ-ın həmin vaxt dövlət katibi olan Hillari Klintonun Bakıya səfəri zamanı ənənəvi müxalifətlə deyil, yalnız B.Hcıyevlə görüşü və onunla bağlı şəxsi xahişi məhz bu planın tərkib hissəsi idi. Daha sonra eyni hədəf – yeni “müxalifət lideri”nin ortaya çıxarılması məqsədilə Qubad İbadoğlu “əməliyyatına”, eyni zamanda, ənənəvi siyasətə zidd olsa da, feminist hərəkatından istifadəyə də cəhdlər edildi. Heç bir cəhd nəticə vermədi.

Məhz indi Rüfət Səfərovun “yeni sima” olaraq seçildiyi görünür.

Bəxtiyar Hacıyevin hamisi kimi Klinton çıxış edirdisə, Səfərova himayəni “gedərayaqda” Blinken göstərmək istəyir. Ona mükafatın məhz dövlət katibi tərəfindən təqdim edilməsi planı da bunun nümayiş etdirilməsi məqsədi daşıyır.

Niyə Səfərov?

Rüfət Səfərovun Qərblə münasibətlərinin tarixi onun hələ Səfər Əbiyevin müdafiə naziri olduğu dövrlərə gedib çıxır. O zaman nazirlikdə mətbuat xidmətinə rəhbərlik edən atası Eldar Sabiroğlu Əbiyevin yaxın adamı sayılırdı və onunla birgə korrupsiya sxemlərində adı keçirdi. Eldar Sabiroğlunun siyasi dönük bir şəxs olması, işləri yaxşı gedəndə hakimiyyətə yarınması, problem yarananda isə hamını düşmən gözündə görməsi məlum məsələdir. Məlumdur ki, hamını “düşmən” gözündə görən Eldar Sabiroğlu bu işdə xeyir-dua da verib.

Səfər Əbiyevi bəziləri Rusiyaya yaxın saydığı halda, o, tam əksinə, Qərblə yaxın təmas qurmuşdu. Azərbaycan ordusunun güclənməsinə, Ermənistan ordusunu üstələməsinə imkan verməyən Əbiyev Qərbin bəzi dairələrindən aldığı təlimatlar əsasında işləyirdi. Təsadüfi deyil ki, vəzifədən çıxarıldıqdan sonra Əbiyev məhz Şərqi Avropada Vaşinqtonun əsas kəşfiyyat bazası hesab edilən Çexiyaya üz tutdu və məlumatlara görə, bu ölkənin vətəndaşlığını da aldı.

Rüfət Səfərovun ortaya çıxması da S.Əbiyevin layihəsi idi. Əbiyev nazir olduğu dövrdə ən çox prokurorluq orqanlarından çəkinirdi və Eldar Sabiroğlunun Əbiyevlə əlbir olaraq oğlunu prokurorluq orqanlarına işə düzəltməsi də uzunmüddətli planın tərkib hissəsi idi: prokurorluq orqanlarında “öz adamının” yerləşdirilməsi.

Əbiyev vəzifədə olanda Rüfət Səfərov prokurorluq orqanlarında öz missiyasını yerinə yetirdi, o vəzifədən getdikdən sonra isə missiyası başa çatdı və belə demək mümkünsə, yeni tapşırığı – “siyasi meydana” atılmaq missiyasının icrasına başlandı. R.Səfərovun Bayden administrasiyasının diqqətini cəlb etməsi həm də uzun illər əvvəl qurulmuş əlaqələrlə - Səfər Əbiyev faktoru ilə də bağlıdır.

Məxfi görüşlər və Səfərovun hazırlanması: səhvi harada etdilər?

Əldə etdiyimiz məlumata görə, son vaxtlar ABŞ kəşfiyyat xidmətləri və Azərbaycandakı səfirliyin məsləhətləşmələrindən sonra Rüfət Səfərova xüsusi diqqət göstərmək qərara alınıb və onun siyasi portretinin hazırlanmasına başlanılıb. Səfərovun xarizmatik lider xüsusiyyətlərinin, arxasınca kütləni aparacaq gücünün olmaması, pula meylliliyi, impulsivliyi və s. keyfiyyətlərinə, daha doğrusu, siyasi keyfiyyətsizliyinə baxmayaraq, “pislər arasında” seçim edilib və ona stavka etmək qərara alınıb. Rüfət Səfərovla bağlı qərar verildikdən sonra ABŞ səfirliyinin əməkdaşları ilə onun görüşləri xüsusi məxfi şəraitdə olub, ona hətta adi mobil telefondan istifadə qadağan edilib və xüsusi rabitə imkanı yaradılıb, böyük həcmdə maliyyə ayrılıb.

R.Səfərovun “geniş publikaya təqdimatı” ABŞ-da Blinkenin şəxsən ona mükafat təqdim etməsi ilə olmalı idi. Etibarlı mənbənin dediyinə görə, Səfərova hələlik hökumətlə konfrantasiyaya getməmək tapşırığı verilmişdi. Çünki plana görə, Bayden administrasiyasının mükafatından sonra o, “daha güclü” olacaqdı və Dövlət Departamenti ona tam dəstək verəcəkdi. Bundan sonra onun ətrafında “əfsanə” hazırlanmalı, siyasi portreti, informasiya dəstəyi, maliyyə sxemləri işə düşməli idi. Lakin görünür, bu seçimi edənlər Səfərovun impulsivliyini tam nəzərə almayıb. Torpaq alış-verişi zamanı məişət zəminində baş vermiş hadisə Rüfətin də, Blinkenin də planlarını pozdu. Bayden administrasiyasının R.Səfərovun saxlanmasına isterik reaksiyasının kökündə məhz bu dayanır.

Analitik Qrup

Tarix
2024.12.04 / 18:27
Müəllif
Axar.az
Digər xəbərlər

Qərb ölkələri səfirlərinin bəyanatını rədd edirik - Bakı

Bakının təkliflərinə İrəvanın cavabı... - Çavuşoğlu

Türkiyə planı: Azərbaycanlıların yeni dövləti yaranır? – Xəritə

Lotereya təşkilatçılarının diqqətinə!

Əsəd rejiminin yıxılması İran və Rusiya üçün nə deməkdir?

Bayramov Kallasla İrəvanı müzakirə etdi

Azərbaycana bunun üçün gəlmişəm - Çavuşoğlu

Bizə Azərbaycanla müharibə lazım deyil - Paşinyan

İrəvanla Bakı arasında sülh prosesi... - Simonyan

MM sədri Çavuşoğlu ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla