1918-ci il mayın 29-da İrəvan şəhərinin siyasi mərkəz
kimi ermənilərə verilməsi haqqında Azərbaycan Milli Şurası qərar
verdi.
Axar.az xəbər verir ki, Milli Şuranın iclasına Həsənbəy Ağayev
sədrlik edirdi.
İclasda F.X.Xoyski, M.Cəfərov, M.Hacınski, A.Mahmudbəyov,
F.Köçərlinski, Məlik Yeqanov, R.Vəkilov, H.Şahtaxtinski, A.Axundov,
M.K.Məmmədbəyov, X.Məlik-Aslanov, C.Hacınski, C.A.Ağamalov, Şərifov
iştirak ediblər.
Fətəli Xan Xoyski iclasın açılışında Azərbaycan və Ermənistan
sərhədləri haqda Ermənistan Milli Şurası ilə aparılan danışıqların
nəticələrini elan edib. Məruzəsinin sonunda bildirib ki, Ermənistan
Federasiyasının yaradılması üçün siyasi mərkəz lazımdır.
İsgəndəriyyə şəhərinin Türkiyəyə birləşdirilməsindən sonra
Ermənistan üçün siyasi mərkəz yalnız İrəvan ola bilər. Buna görə də
İrəvanın ermənilərə güzəştə gedilməsi labüddür.
Daha sonra X.Xasməmmədov, M.Y.Cəfərov, Ə.Şeyxülislamov və
M.Məhərrəmov məsələ ilə bağlı çıxış edərək bildiriblər ki, İrəvanın
ermənilərə güzəştə gedilməsi tarixi zərurət olsa da, bizim üçün
qaçılmaz, acı bir həqiqətdir.
Daha sonra məsələ ilə bağlı səsvermə keçirilib.
Milli Şuranın 28 üzvündən 16-sı İrəvanın güzəşt edilməsinin
lehinə, 1 nəfər əleyhinə səs verib, 3 nəfər isə bitərəf qalıb,
digərləri səsverməyə qatılmayıb.
Daha sonra isə ermənilərlə konfederasiya yaradılması məsələsi
müzakirə olunub. Qısa fikir mübadiləsindən sonra məsələ səsverməyə
qoyulub. Səsvermədə iştirak edən hər kəs Azərbaycan və Ermənistan
konfederasiyasının yaradılmasının lehinə səs verib. Fətəli Xan
Xoyski Teymur bəy Makinskinin müştərək yolla Şuraya qoşulmasını
səsverməyə qoyub və bu təklif yekdilliklə qəbul olunub.
Azərbaycan Cümhuriyyəti hökumətinin Baş naziri Fətəli xan Xoyski
mayın 29-da Xarici İşlər naziri Məmməd Həsən Hacınskiyə yazırdı:
"Biz ermənilərlə bütün mübahisələrə son qoyduq, onlar ultimatumu
qəbul edəcək və muharibəni qurtaracaqlar. Biz İrəvanı onlara
güzəştə getdik".
Lakin Milli Şuranın iyunun 1-də keçirilən iclasında həmin
məsələyə yenidən baxılaraq, bu qərara protest elan edildi. Onu
Şuranın İrəvandan olan 3 üzvü imzalamışdı. Milli Şura protesti
müzakirə olunmadan iclas protokoluna əlavə etməyi qərara aldı.
***
İrəvanın ermənilərə güzəşt olunması haqqında qərarın qəbul
edilməsi, onun əsaslandırılması üçün gətirilən bütün dəlillərə
baxmayaraq, siyasi cəhətdən tamamilə səhv addım idi. Erməni
hökuməti Tiflisdən İrəvana köçdükdən sonra İrəvanda və Azərbaycanın
digər tarixi torpaqlarında azərbaycanlılara qarşı soyqırım törətdi.
İrəvan azərbaycanlıları həm daşnak (1918-20), həm də Sovet
(1920-91) hökumətinin məqsədyönlü qırğın və deportasiya siyasətinə
məruz qaldı, İrəvanda azərbaycanlılara məxsus maddi mədəniyyət
abidələri dağıdıldı, onların erməniləşdirilməsi tədbirləri həyata
keçirildi. 1980-cı illərin sonlarından başlayaraq azərbaycanlılar
İrəvan şəhərindən tamamilə çıxarıldı.(Azərbaycan Xalq Cümhuriyyəti
Ensiklopediyası. İki cilddə, II cild, Bakı, 2005, s.56).
Bəs Azərbaycan, Gürcüstan və Ermənistan milli şuralarının
qarşısına hansı şərt qoyulmuşdu? Siyasi elmlər üzrə fəlsəfə doktoru
Zaur Əliyev elmi
araşdırmasında bu məsələlərə aydınlıq gətirib.
Erməni tarixçisi və kahin Hovannes Şahxatunyan yazır: "390 il
(1441-1828) İrəvan xanlığını idarə edən 49 xanın hamısı Azərbaycan
türkü olub. Hətta İrəvan xanlığının ərazisində yerləşən, bu gün də
quldur yuvası kimi fəaliyyət göstərən erməni katolik kilsələrinin
keşişlərini də İrəvan xanları təyin edirdilər. Xanların adları olan
siyahı Erməni Sovet Ensiklopediyasında öz əksini tapıb".
Çikaqo Universitetinin siyasi elmlər kafedrasının professoru
Ronald Qriqor yazır: "İrəvan Batumi konfransına qədər müsəlman
şəhəri idi". (Stephen Holmes, "Collapse Legacies Cultural or State?
The Dilemma probing Postcommunist", in Michael Mandelbaum (ed),
Postcommunism: Four Perspectives (New York): Council on Foreign
Relations, 1996, p. 5.)
Polkovnik S.Burnaşev 1787-ci il 8 iyul tarixli məktubunda
general P.S.Potyomkinə bildirirdi ki, Osmanlı sultanı Azərbaycan
xanlarını həmişə müdafiə edəcək, İrəvan şəhəri Azərbaycana məxsus
olduğundan onun heç zaman Gürcüstanın tabeliyinə verilməsinə razı
olmayacaq. Bundan əlavə, sultan Ərzurum paşasına və digər həmsərhəd
paşalara, nəyin bahasına olursa-olsun, rus qoşunlarının qarşısına
çıxmağı əmr etmişdir. Regionda siyasi durumun gərginləşməsi ilə
əlaqədar Ömər xan, qarabağlı İbrahimxəlil xan və digər Azərbaycan
xanları İrəvanı qəti surətdə gürcülərin təzyiqlərindən xilas etmək
üçün birləşmişlər. (Обозрение российских владений за Кавказом в
статистическом, этнографическом, топогравическом и финансовом
отношениях (ОРВЗ), (Составил Легкобытов). IV. СПб., 1836.)
Əsası rus çarı I Pyotr tərəfindən qoyulan ermənilərin himayə
edilməsi siyasəti sonralar digər rus çarları və Sovet Rusiyası
tərəfindən davam etdirilib. Hələ 1776-cı ildə II Yekaterina
ermənilərin xüsusi himayə edilməsi haqqında əmr imzalamış, 1802-ci
ildə çar I Aleksandr general Sisyanova yazdığı məktubda ermənilərə
münasibətini belə ifadə etmişdi: "Nə olursa-olsun, ermənilər
Azərbaycanın bu və ya digər xanlıqlarında məskunlaşdırılmalı və
onlardan istifadə olunmalıdır".
Bu siyasət sonrakı illərdə də davam etdirildi. 1828-ci il martın
21-də çar I Nikolayın əmri ilə Naxçıvan və İrəvan xanlıqlarının
inzibatı ərazisində müvəqqəti "erməni vilayəti" yaradıldı və İrəvan
(Yerevan) şəhəri paytaxt kimi ermənilərə "hədiyyə" edildi. Elə
həmin ildə İranın Marağa şəhərindən 40 min erməni Dağlıq Qarabağa,
40 min erməni isə İrəvan xanlığının ərazisinə köçürüldü.
İrəvanın güzəşti
İrəvanın Azərbaycandan alınaraq Ermənistana verilməsi ideyası
1912-ci ildə yaranıb. Türkiyə ərazisində dövlət qurmaqla bağlı
onlara verilən vədlərin arxasından böyük dövlətlərin qaçması və
Azərbaycan torpaqlarında paytaxt qurulması söhbəti ermənlərə məhz
bu tarixdə təklif edilmişdi. "Mışak" qəzetinin redaktoru
A.Arakelyan yazırdı: "Elə bir məqam gəlib çatmışdı ki, bütün
sivilizasiyalı dünya, xüsusilə də Rusiya "erməni məsələsi"nin
həllini öz üzərinə götürməliydi. 1912-ci ildə erməni burjuaziyası
və ziyalıları Tiflisdə toplanaraq "erməni məsələsi"nin dünya
siyasətçilərinin diqqət mərkəzində olacağını və Rusiya hökumətinin
ermənilərə xoş niyyətlərini bildirəcəyini nəzərə alaraq, qarşıda
dayanan ümummilli məsələlərin həll edilməsi üçün bir araya gəlməyi
təklif etdilər. Oktyabrın sonunda ermənilərin I ümummilli qurultayı
çağırıldı. Bu qurultaya Tiflisdən, Bakıdan, Naxçıvandan,
Axalkələkdən, İrəvandan, Armavirdən, Batumidən nümayəndələr
gəldilər. Qurultay qərara aldı ki, ermənilərin yaşadığı bütün
ərazilərdən nümayəndələr seçilsin və yeni qurultay çağırılsın.
Qurultayda "erməni məsələsi" ilə əlaqədar daimi işlək orqan
yaradıldı: 7 nəfərdən ibarət müvəqqəti büro seçildi (S.Arutyunyan,
A.Xatisyan, A.Kalantar, A.Arakelyan, A.Poqosyan, O.Tumanyan,
N.Aqbalyan). Büro gündəlik cari işləri və noyabrın 25-də Tiflisdə
keçiriləcək yeni qurultaya hazırlıq işlərini həll edəcəkdi.
("Известия Бакинского Совета" 1912, №: 220).
***
İrəvan quberniyasının xeyli ərazisi Azərbaycan Cümhuriyyətinin
inzibati ərazi vahidi kimi qalırdı. Ermənilər İrəvanı paytaxt kimi
əldə etdikdən sonra Dağlıq Qarabağa və ondan da geniş ərazilərə
iddialarını davam etdirdilər. Hətta Fətəli xan Xoyski 1918-ci il 31
iyulda İstanbulda olan nümayəndə heyətinin başçısı Məhəmməd Əmin
Rəsulzadəyə məktubunda yazır ki, əgər ermənilər Qarabağın dağlıq
hissəsinə iddialarından vaz keçməsələr, onda biz İrəvan şəhərini
onlara güzəştə getməkdən imtina edəcəyik.
O zaman Cənubi Qafqaz Seyminin dağılmasından sonra üç müstəqil
dövlət yaranmayacağı təqdirdə regionun İran, Türkiyə və Rusiya
arasında bölünməsi barədə konkret şərt irəli qoyulmuşdu. Batumi
konfransında tərəflər dil tapa bilməsəydi, öz aralarında
Azərbaycanın bir hissəsi İrana, bir hissəsi Rusiyaya, digər hissəsi
isə Türkiyəyə veriləcəkdi. Gürcüstan Türkiyə və Rusiya arasında
bölünəcək, Ermənistan isə Türkiyəyə veriləcəkdi.
Bu fikrin təsdiqi üçün 1918-ci ilin mayın 28-də Milli Şuranın
səhər toplantısında Erməni Xalq Partiyasının nümayəndəsi
M.Papacanovun çıxışına baxmaq kifayət edər. O, hərbi əməliyyatların
dayandırılması təklifini irəli sürdü. İddia edirdi ki, müvəqqəti
sülh xalqı faciələrdən xilas edə bilər və sülh dövründə "erməni
məsələsi" ümumavropa konqresində öz həllini tapa bilər: "Sülhün
mövcudluğu bizə imkan verər ki, biz kiçik də olsa, öz milli
ərazimizi yaradaq. Bu da gələcəkdə millətimizin inkişafına zəmin
verəcəkdir" (Киракосян Дж. Младотурки перед судом истории. Ереван.
Айастан, 1986, 256 стр).
Avropada gedən müharibədən qalib çıxmış, Paris Sülh Konfransını
çağıran Prezident Vilson və onu müdafiə edənlər 3 Qafqaz
respublikası qarşısında məsələni belə qoymuşdu: siz dövlətinizi
yaradın, sərhədlərini müəyyən edin, paytaxtlarınızı yaradın, biz də
sizin müstəqilliyiniz haqqında düşünək. Azərbaycan tərəfi də
məcburiyyət üzündən torpaqları Ermənistana verdi. Bir mənafeyi
qurban verib başlıca mənafeyi – Azərbaycanın müstəqilliyini elan
etmək, onun taleyini həll etmək üçün bu addımı atmağa məcbur
oldu.
Bu, sübut edir ki, biz şifahi razılaşma ilə güzəştə getmişik.
1918-ci il mayın 29-da Tiflisin Canişin sarayında toplaşan Milli
Şuranın qəbul etdiyi 3 saylı protokolda bu barədə tam təfsilatı ilə
göstərilib. Həsən bəy Ağayevin sədrliyi ilə keçirilən iclasda Milli
Şuranın 44 üzvündən 28 nəfər iştirak edib. Fətəli xan Xoyski
iclasda məruzə ilə çıxış edərək, Milli Şuranın nümayəndələri ilə
erməni Milli Şurasının təmsilçiləri arasında keçirilən danışıqlar
barədə məlumat verib. Deyib ki, Azərbaycan və Ermənistan
federasiyaları öz sərhədlərini müəyyənləşdirməyi qərara alıb.
Xoyski məruzəsini belə bir məlumatla qurtarır ki, Ermənistan
Federasiyasının yaradılması üçün siyasi mərkəz lazımdır. Çünki o
vaxtadək ermənilər özləri üçün indiki Gümrü, o zaman Aleksandropol
adlanan şəhəri mərkəz hesab edirdilər. Amma həmin dövrdən
Aleksandropol Osmanlıların nəzarətinə keçdiyi üçün ermənilər
mərkəzsiz qalır. Ondan da əvvəl isə daha bir hadisə, 1918-ci ilin
martında Leninlə almanlar arasında Brest-Litovsk sülh müqaviləsi
bağlanmışdı. Bu müqaviləyə əsasən, Qars və Ərdahanla birgə
Aleksandrapol da Türkiyəyə verildi. Buna görə də ermənilər İrəvanın
siyasi mərkəz kimi onlara verilməsini xahiş etdilər. Fətəli xan da
öz çıxışında İrəvanın ermənilərə güzəştə gedilməsinin zəruriliyini
bildirib. Hətta deyib ki, İrəvanın ermənilərə verilməsi
qaçılmazdır. Bu mövqeyə etirazlar olsa da, məsələ səsverməyə
çıxarılıb və 16 nəfər İrəvanın verilməsinin lehinə olub. Səsvermə
zamanı yalnız 1 nəfər əleyhinə, 3 nəfərsə bitərəf olub. Ancaq bir
fakta xüsusi diqqət yetirin ki, burada İrəvanın Ermənistan
dövlətinə yox, Ermənistan Federasiyasına siyasi mərkəz olaraq
güzəşt edilməsindən söhbət gedir. Elə həmin iclasda ermənilərlə
konfederasiya yaratmaq haqqında müzakirə açılıb. Qısa fikir
mübadiləsindən sonra Ermənistanla Azərbaycanın konfederasiyada
birləşməsi məsələsi yekdilliklə qəbul olunub.
Mayın 28-də axşam saat 20:00-da Batumidə danışıqlar başlamışdı.
Vehip paşa deyib: "Ermənilərin tələbini az da olsa qane etmək
məcburiyyətindəyik. Hər halda, onlara bir ərazi verməyə
məcburuq".
Ermənilər üçün düşünülən sahə Yeni Bəyazid və Üçmiədzin
bölgələrindən ibarət idi. Türk heyəti 1918-ci ilin may ayının 30-da
ermənilərlə apardıqları danışıqlar nəticəsində bu şərtləri tətbiq
etməyə başladı. Buna qəti etirazını bildirən A.Xatisyan ermənilərə
verilən torpaqların az olduğunu, təklif edilən bu sərhədlərin türk
və erməni xalqları arasında daimi düşmənçiliyə səbəb olacağını
bəyan etdi. O bildirdi ki, Qafqaz müsəlmanlarının yaşadıqları
ərazinin çox az bir hissəsi onlara verilərsə, müsəlmanlarla
münasibətləri düzələcək və müsəlmanların haqları bu ərazilərdə
ermənilər tərəfindən müdafiə ediləcək. Vehip paşa ermənilərə daha
çox ərazinin qala bilməsi üçün Ermənistan ərazisində yaşayan
müsəlman əhalinin Türkiyəyə köçürülməsini təklif etdi. O, "erməni
məsələsi"nin beynəlxalq bir problem olduğunu qəbul edərək, onların
müstəqilliyinin Türkiyə tərəfindən tanınacağını bildirdi.
Ermənilərin bu şərtləri qəbul etməkdən başqa bir çarəsi qalmadı...
(Dövlət arxivi, A.3671, k.2930, d.555, f.15;15-9.)
Batumidə imzalanan bu müqavilə Ermənistanın müstəqilliyini
tanıyan ilk beynəlxalq sənəd idi və Türkiyə Ermənistanın
müstəqilliyini tanıyan ilk dövlət olmuşdu. İmzalanmış müqaviləyə
əsasən, Ermənistanın ərazisi 9 min kv. km, əhalisi 326 min nəfər
təşkil edirdi. Ermənistan ərazisi Basarkeçər quberniyası (Nor
Bəyazid), İrəvan quberniyasının 3/5 hissəsi, Üçmiədzinin bir
hissəsi, İsgəndərunun bir hissəsini əhatə etməklə, əhalisinin 230
min erməni, 80 min müsəlman, 5 min yezidi kürd və 11 min digər
millətlər təşkil edirdi. Ermənistan Respublikası Qafqazda yaşayan
bütün ermənilərin 1/9 hissəsini özündə birləşdirirdi.
Öz müstəqilliklərini elan edən Qafqaz dövlətlərinin hər biri ilə
ayrı-ayrılıqda 4 iyun 1918-ci ildə sülh müqaviləsi imzalandı. Həmin
gün Azərbaycanla Osmanlı hökuməti arasında da müqavilə imzalandı.
Bu müqaviləylə Osmanlı ilə Azərbaycan, Gürcüstan, Ermənistan
arasında sərhəd xətti müəyyənləşdi. Müqavilənin üçüncü bəndinə
görə, Azərbaycan, Gürcüstan və Ermənistan tezliklə sərhədlərini
müəyyən edən protokol imzalamalı və bu barədə Osmanlı Hökumətinə
məlumat verməliydilər. (Arşiv belgelerle ermeni faaliyeti
(1914-1918), c.I, II, Ankara,Genelkurmay Basın Evi, 2005. s. 653,
551)
Ermənistan-Türkiyə danışıqlarında (may 1918 il, Batumi) Türkiyə
tərəfinin bəyanatında maraqlı olan maddələr aşağıdakılardır:
Maddə 5. Ermənistan Respublikası öz əraziləri
daxilində heç bir qanunsuz silahlı dəstələrin formalaşmasına imkan
verməyəcək və bu ərazilərdən qonşu dövlətlərin ərazisinə qanunsuz
silah keçirilməsinin qarşısını alacaq;
Maddə 6. Ermənistan Respublikası ərazisində
yaşayan müsəlman əhalisinin dininə, adət-ənənələrinə hörmət
ediləcək. Müsəlmanlar digər millətlərlə yanaşı, eyni hüquqa malik
olacaq, öz dillərində danışıb, təhsil ala biləcəklər.
Maddə 11. Ermənistan Respublikasının hökuməti
bu Müqaviləni imzaladıqdan sonra Bakı şəhərini tərk edəcək və orada
yerləşən silahlı qüvvələrini bütünlüklə çıxaracaq. Erməni silahlı
qüvvələri şəhərdən çıxdığı zaman Bakı daxilində heç bir çaxnaşmaya
yol verməyəcəkləri barədə öhdəlik götürür.
Azərbaycan üçün ən önəmli olan dördüncü maddədə göstərilirdi ki,
Azərbaycan Respublikası hökuməti tərəfindən tələb edildiyi
təqdirdə, Osmanlı hökuməti ölkədə qayda-qanunu (intizam) və daxili
asayişi təmin etmək və möhkəmləndirmək üçün Azərbaycana zəruri
hərbi yardım göstərməyi öz öhdəsinə götürür.( ATASE, A. 4/3671, K.
2917, D. 302, F. 1-166.)
Amma qısa müddət sonra Batumidə əldə edilən razılaşmanın
şərtləri ermənilər tərəfindən pozuldu – azərbaycanlılara qarşı
soyqırım siyasəti davam etdirildi. "Azərbaycan" (rusca) qəzeti 29
iyun-1 iyul 1919-cu il tarixlərində dərc edilmiş "Ermənistanda
müsəlmanların vəziyyəti" məqaləsində İrəvan şəhərinin azərbaycanlı
əhalisinin faciəli vəziyyəti haqqında yazırdı:
"Ermənistan Respublikasında müsəlmanların vəziyyəti faciəvidir.
İrəvanda gözəl evlərin və bağların böyük əksəriyyəti müsəlmanlara
məxsus idi… Türk qoşunları İrəvana yaxınlaşdığı zaman şəhərin
müsəlman əhalisi nədənsə qorxaraq şəhəri tərk etmişdi. Onların
malına, mülkünə Türkiyədən olan erməni qaçqınlar sahib çıxmışdılar.
Ermənistan hakimiyyətini qəbul edən müsəlmanlar şəhərə geri
qayıdarkən yollarda erməni silahlıları tərəfindən tamamilə qarət
edilmişdilər… Varlı bağlara, gözəl evlərə malik müsəlmanları erməni
qaçqınlar öz evlərinə buraxmadıqlarından qışdan bu yana məscidlərdə
sığınacaq tapmışlar… Ermənistan hökuməti minlərlə qarət edilmiş,
ac-yalavac, xəstə müsəlmanları açıq havada yaşamağa məcbur edir.
Müsəlmanların çəkdiyi işgəncələri təsvir etmək çətindir. Çoxları
buna dözmür və dəli olurlar… Müsəlmanların evlərini zəbt edən
ermənilər, onlardan külli miqdarda vəsait aldıqdan sonra evlərini
qaytarır və müsəlmanlar bundan sonra sığındıqları məscidlərdən
evlərinə qayıda bilirlər. Ermənistan hökuməti qəsdən və düşünülmüş
surətdə erməni qaçqınları müsəlman məhəllələrində və evlərində
məskunlaşdırır".
Bir həqiqət var ki, Batum müqaviləsində İrəvanın güzəştə
gedilməsi və ermənilərin hər hansı öhdəlik götürməsi ilə bağlı
razılaşma əksini tapmayıb: İrəvan erməni Milli Şurası ilə
Azərbaycan Milli Şurası arasında centlmen razılaşması əsasında
verilib. 1918-ci ildə erməni cümhuriyyəti yaratmaq üçün paytaxt
olmadığına görə Azərbaycan Milli Şurası İrəvanı güzəştə gedib.
Bunun müqabilində erməni Milli Şurası Yelizavetpol quberniyasının
dağlıq hissəsinə, indiki Dağlıq Qarabağa olan iddialarından imtina
haqda öhdəlik götürüb. Batum müqaviləsində həmin razılaşmanı özündə
ehtiva edən hər hansı bir maddə yoxdur.
Bir faktı da unutmaq lazım deyil. Üzeyir Hacıbəyovun ingilis
generalı Tomsonla danışığı. Bu tarixi əhəmiyyətə malik olan dialoq
AXC-nin o zamankı daxili siyasətinin milli dəyərlər üzərində
qurulduğunu göstərir:
Üzeyir bəylə Tomson arasında dialoqdan:
- Cənab general, biz Qarabağa 30 minlik qoşun göndərib
torpaqlarımızı azad edəcəyik.
- Bu, mümkün olan iş deyil.
- Qarabağda ermənilər qanuni hökumətə qarşı qiyam qaldırıb. Əgər
İngiltərədə bir dəstə dövlətə qarşı qiyam qaldırsa, nə
edərsiniz?
- Bu bəllidir, biz qiyamı yatırarıq.
- İcazə verin, biz də gedib qiyamı yatıraq, torpaqları azad
edək.
Bundan sonra Tomson deyib, gedin, azad edin. Demokratik
Cümhuriyyət Andranikin, Dronun qoşununu dağıdıb, onları Qarabağdan
çıxartdı, torpaqların azadlığına nail oldu. Ancaq təəssüf ki,
1920-ci ilin aprelində bolşeviklər Azərbaycanı işğal etdilər və
noyabrda Zəngəzuru Ermənistana verdilər.
Lakin yuxarıda qeyd etdiyimiz maddələrə nəzər salsaq, görərik
ki, Ermənistanın müstəqilliyinin tanınması üçün maddələrdə
ermənilərin üzərinə götürdükləri öhdəlikləri özləri də pozmuşlar.
Ermənistan dövlətinin ərazisi Azərbaycanın torpaqları hesabına 20
min kvadrat kilometr artaraq 29,7 min kvadrat kilometrə çatdı. Və
Batum danışıqları zamanı əldə olunmuş razılığa əsasən, ermənilər
Azərbaycana qarşı ərazi iddialarından imtina edəcəkdilər
(Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Siyasi
Sənədlər Arxivi, fond 276, siyahı 9, iş 1, vərəq 47.).
Elə buna görə də Azərbaycan Batumi razılaşmasından imtina edə və
Milli Şuranın 1918-ci ilin 29 may tarixində İrəvanın Ermənistana
verilməsi ilə bağlı qərarını ləğv etməklə bağlı məsələ qaldıra
bilər.
Beləliklə, İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının
ermənilərə verilməsi barədə həm 4 iyun 1918-ci il tarixli Batum
müqavilələri, həm də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının
29 may 1918-ci il tarixli qərarı öz hüquqi qüvvəsini itirib. Buna
görə də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının İrəvan və
ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi
haqqındakı qərarına yenidən baxılması, həmin qərar qüvvədən
salınması ilə bağlı hüquqi baxışlar icra etmək mümkündür.
Başqa sözlə, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may
1918-ci il tarixli qərarı, əslində, öz hüquqi qüvvəsini itirib. Bir
faktı nəzərinizə çatdıraq ki, beynəlxalq müqavilələr bir qayda
olaraq 99 illik bağlanır.