İtaliyanın "La Stampa" qəzetində 21 may tarixində
jurnalist-fotoqraf Roberto Travanın "Dağlıq Qarabağ, sülh gözləyə
bilər" adlı cari ilin aprel ayının əvvəllərində təmas xəttində baş
vermiş hərbi əməliyyatlarla bağlı Azərbaycana qarşı qərəzli və
iftira xarakterli məqaləsi dərc edilmişdi.
Azərbaycanın İtaliyadakı səfirliyindən Axar.az-a verilən
məlumata görə, R.Travanın məqaləsinə cavab olaraq 5 iyun tarixində
"La Stampa" qəzetində səfir Məmməd Əhmədzadənin məsələ ilə bağlı
cavab məktubu bəzi ixtisarlarla dərc olunub.
M.Əhmədzadə Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağın
beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizin ayrılmaz tərkib hissəsi
kimi tanındığını, 20 ildən artıq müddətdə Ermənistan silahlı
qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və onun
ətrafındakı 7 rayonunu işğal altında saxladığını, Ermənistan
tərəfindən həyata keçirilmiş etnik təmizləmə siyasəti nəticəsində
bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün
vəziyyətinə düşdüyünü, işğal olunmuş ərazilərimizdə, məqalədə
yanılış şəkildə "respublika" kimi təqdim edilmiş, əslində isə heç
bir ölkə, o cümlədən Ermənistanın özü tərəfindən belə tanınmamış
qondarma, qeyri-qanuni rejimin yaradıldığını qeyd edib. 2 aprel
tarixində təmas xəttində hərbi əməliyyatların məhz Ermənistan
silahlı qüvvələri tərəfindən başlanıldığına dair dəlillərin
olduğunu qeyd edən M.Əhmədzadə Azərbaycanın mülki əhali arasında
baş vermiş itkilər və mülki obyektlərə dəymiş ziyan, Ermənistan
silhalı qüvvələrində ASALA terrorçu təşkilatının üzvlərinin
döyüşməsi, Azərbaycana qarşı Ermənistan ordusu tərəfindən kimyəvi
silahlardan istifadə edilməsi və nüvə silahından istifadə ilə
təhdid edilməsi faktlarına Travanın öz məqaləsində yer verməməsini
qınayıb.
M.Əhmədzadə bildirib ki, Ermənistan mövzu ilə bağlı geniş
dezinformasiya kampaniyası həyata keçirməkdədir və Travanın
müəllifi olduğu məqalə də həmin kampaniyanın bir hissəsidir. Belə
ki, bu kimi məqalələrdə Ermənistanın Azərbaycan ərazilərini hərbi
cəhətdən işğal etməsi və öz hərbi qüvvələrini həmin ərazilərdə
saxlaması faktının bölgədə gərginliyin əsas mənbəyi olduğu
gizlədilir. Səfir dini amilin münaqişəyə heç bir aidiyyətinin
olmadığını vurğulayıb, habelə əlavə edib ki, Ermənistan
qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal,
tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən çoxsaylı
beynəlxalq sənədlər, o cümlədən BMT TŞ-nin 4 qətnaməsi yerinə
yetirilməmiş qalır.
Qəzetdə Azərbaycan diplomatının cavab məktubunun dərc edilməsi
R.Travanı hiddətləndirib və o, cavab replikası ilə öz mövqeyinə
gülünc arqumentlərlə haqq qazandırmağa cəhd göstərməklə yanaşı,
əsassız iddialarla yenidən erməni tərəfinin müdafiəsinə qalxıb.
Buna cavab olaraq M.Əhmədzadə qəzetin redaksiyasına növbəti məktub
göndərərək Travanın təxribatçı və iftira dolu fikirlərinə münasibət
bildirib və əlavə edib ki, Travanın bir jurnalist olaraq fikir
azadlığının müdafiəçisi olduğu halda qarşı tərəfin fikirlərinə
dözümsüz yanaşması təəccüb doğurur.
Ermənipərəst mövqeyi ilə tanınan R.Travanın adı 2015-ci ildə
Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiyinə görə
Azərbaycan Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslər siyahısına
daxil edilib.
Məqalə və cavab replikaları ilə buradan tanış ola bilərsiniz: