Rəsmi Kreml antirusiyaçılığı təşviq edən xətdən imtina etməlidir, yoxsa proseslər əks nəticə verəcək.
Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında Milli Məclisin üzvü Zahid Oruc deyib.
Onun sözlərinə görə, iyunun 27-dən başlayaraq Azərbaycanın bütün hakimiyyət orqanları, eləcə də hüquq-mühafizə sistemi, həmçinin kütləvi informasiya xalqın ümumi rəyini ifadə edir:
"Azərbaycan Rusiyanın bir şəhərində başlayan, hər hansı regional qurumun qərarını deyil, daha çox Kremlin dəst-xəttini xatırladan despotizm, vandallıq, terror, güc tətbiqi ilə məhz milli, etnik və dini əlamətinə görə kütləvi cəzalandırma əməliyyatlarına qarşı müqavimət göstərir. Azərbaycan dövlətinin bütün strukturları həmin gücü tətbiq edənlərin iradəsini qırmaq üçün səfərbər olublar. Azərbaycan tərəfinin haqlı notasının, Baş Prokurorluq tərəfindən açılan cinayət işlərinin bundan sonrakı dönəmdə də Rusiya-Azərbaycan münasibətlərində çox ağır imtahanlara dövlətimiz tərəfindən hazırlıqların görüldüyünü deməyə əsas verir".
Z.Oruc həmçinin diaspor rəhbəri, sahibkarlara, xüsusilə də böyük imkanlara malik olan azərbaycanlılara qarşı aparılan əməliyyatlara diqqət çəkib:
"Yekaterinburqda yeni Xocalı əməliyyatları aparan və Kremlin qəddar əmrlərini həyata keçirən qüvvələr görürük. Düşünürəm ki, xüsusilə də Vətən müharibəsində Rusiya əsgərini qarşımızda görməməyi müəyyən qədər ənənəvi Pyotr siyasətindən kənara çıxmaq kimi dəyərləndirirdik. Rusiyanın loyallığını, müəyyən qədər neytrallığını, həm də Azərbaycan dövlətinin, xüsusilə bölgədə Moskva əleyhinə hər hansı beynəlxalq sövdələşmələrə getməməyini, regionda təhlükəsizlik arxitekturalarını qurarkən bölgə dövlətlərinin maraqlarına zərbə vurmamaq xəttinin daha çox nəticəsi olaraq qiymətləndirirdik. Azərbaycan dövləti bütün iradəsi, siyasi gücü, iqtisadi tədbirləri, qitələrarası transmilli layihələri ilə Rusiya dövlətini neytrallaşdırmağı bacarıb. Lakin görünən mənzərə odur ki, qlobal və kollektiv Qərb təhlükəsi ideologiyası ilə onlara hücum edən və bu işğallara ideoloji baxımdan haqq qazandıran qüvvələr Qafqaz üzərində hökmranlığa cəhdə qayıdırlar. Açıq şəkildə bunu söyləmək mümkündür ki, biz qələbəmizin Rusiya elitasında müxtəlif faşist təmayüllü qüvvələr tərəfindən qətiyyən həzm olunmadığını hər zaman görməkdəydik".
Milli Məclisin üzvü vurğulayıb ki, indiki halda iki ölkə arasında münasibətlərin gərginləşdirilməsində maraqlı olan qüvvələr yeni əlavə təzyiq alətlərini işə salmış olacaqlar:
"Mümkündür ki, prosesləri iqtisadi və humanitar, o cümlədən başqa bir müstəvilərə də keçirməyə çalışsınlar. Lakin Azərbaycan nə 90-cı illərin, nə ötən əsrin əvvəlləri ilə müqayisə olunmayacaq dərəcədə güclüdür. Əgər bu təzyiqlərin arxa planı Azərbaycanı hansısa iradəsi ziddinə proseslərə razı salmaqdırsa, bu, tam əks nəticə verəcək. Bu addımlar dövlətimizə hansısa dərs vermək istəyənləri fikrindən daşındırmalıdır. Nə qədər gec deyil, Kreml tərəfindən bu hadisələrə rəsmi və açıq münasibətlər bildirilməlidir".