Yuxarı

Vəzifəliləri tutdular, o isə anasının qəbri üstə özünü vurdu

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər gün rastlaşdığımız adi hörümçək torunun ipək kimi yumşaq bir vurğu ilə münasibətlərimizdəki bağları xatırlatdığını hələ də ağlımıza gətirməmişiksə, gərək daha artığına ümid bəsləməyək.

Axı ehtiraslı və sərt toxunuşla evimizin künc-bucağında yurd-yuvasını uçurub-dağıtdığımız, öldürdüyümüz həşəratdır o. Gözünü açmağa macal tapmır. Nə düşünə bilir, nə də danışa. Amma bizi həyatda saxlayan sanballı fikirlərlə yaxın qohumluğu var; həm də başa düşülməkdən çox, duyulmağa, hiss olunmağa möhtacdır...

Gəlməyəcəyini bilə-bilə yolunu gözlədiyin adamlar kimidir cavabsız suallar: tənhalığı və sükutu kimdən öyrəndi, niyə sevdi, görəsən, ilk asma körpünün iddiasız və imzasız (!) (ideya) müəllifi?!.

Türkiyədəki asma körpü çatlayanda Yaponiyadakı mühəndisin də ürəyi çatlamışdı. Asma körpünün müəllifi özünü asmışdı. Bəlkə, torpaq qaçmışdı ayağının altından, ayağının altındakı masadan qabaq. Bəlkə də...

Amma heç kim həyat(ın)dan könüllü getmir. İntihar – mütəşəkkil ansamblın qabaqcadan nota köçürülmüş ittihamı və xorla oxunmuş hökmünün icrasıdır. Bir-birini tamamlayan “çalğı” alətlərinin qeyri-adi həssaslığı – olaya fövqaladə canfəşanlıqla təbii rəng qatan işbirliyi. Həm də mükəmməl!..

Kütlənin vurub-yıxmaq, uçurub-dağıtmaq istedadı fitridir. Biri var təbiətdən gəlsin, biri də var insan təbiətindən – hətta okeanın o başından qan qoxusunu duyan qorxunc akulaları sevdirər. Ruhi təmas, fantom vəhdət, virtual mesaj və notlar – məxfi şifrələr. Ardından ən istedadlı qələm sahibini ehtizaza gətirən və toplumun ruhunu oxşayan ssenariləri – həyatımıza köçürülmüş. Həm də həyatımızdan köçürülmüş!..

...Budur, sən ilgəyi boğazına keçirirsən. Və özündən qabaq cinayətkar(lar)ı axtarmaq, tapmaq həvəsini öldürürsən. Üstəlik, istəyini iki-üç cümləlik imzanla rəsmiləşdirməyin də anşlaqla qarşılanır. Cəsarətli addımın necə rəğbət oyadırsa, gurultulu alqışlar, yüzlərlə, minlərlə gözdən yaş axanadək kəsilmir. Və sən nəhəng dalğaların sahilə tolazladığı balıq kimi, qaxaca dönmüş bədəninlə çırpına-çırpına, canındakı son damla hərarətini əridə-əridə düşünürsən: görəsən, başqalarını ağladan, həqiqətən, sənin məğlubiyyətindirmi? İndiyədək yan-yörəndən etinasızcasına ötən, həyatını qara quruşa da tay tutmayan adamlar, axı ölümünü niyə ağlasığmaz yatırımla birdən-birə dağ başına qaldırırlar, hə, niyə? Dəyərsiz ömürün dəyərli ölümü olmur axı!..

Axı uğurlarına gözünün ucuyla da boylanmayan birisi indi niyə haldan-hala, sifətdən-sifətə düşsün, cilddən-cildə girsin? Və ruhuna əl salladığın dar macalda hələ bir düşüncələrini də zorlasın: sənə adamların daha çox qələbə anında kövrəldiyini xatırlatsın ki?!.

On il eyni sinifdə oxuduğum dostum vardı. Həm də bir yerdə böyümüşdük. Abır-həyasını qoruyan tək-tük adamlardandı. Son söhbətimizdə qıpqırmızı qızarıb başını aşağı əymişdi: “Sənin üçün dörd əsgər böyüdürəm...” Onda mən də hələ hərbi xidmətdəydim. İndi öz-özümə fikirləşirəm və onun bu sözləri necə və niyə dilinə gətirdiyini, deyəsən, yavaş-yavaş anlamağa başlayıram...

İşlədiyi idarədə özündən yüksək vəzifəlilərin hamısını rüşvət üstündə tutmuşdular. Təkcə dostum qalmışdı. Arada onu da sorğu-suala çəkirdilər. Son dindirmədən sonra cansız bədəni anasının məzarı üstündə tapıldı. Özünü vurmuşdu. Heç kimi duyuq salmadan. Hamı əl-ayağa düşdü. Hər tərəfi ələk-vələk elədilər. Lap axırda evindən qırış-qırış olmuş kağız parçası tapıldı – ovuc içi boyda: “Mən anamın yanına gedirəm!..”

Rəisləri azadlığa çıxanda dostumun ili hələ çıxmamışdı. Anasının məzarı üstündəki sonuncu qan nişanələrini də göz yaşları ilə yuyub getdilər.

Amma dostum onlardan qabaq getmişdi. Və öz gedişi ilə yaşamaqdan boyun qaçırdığı həyata və həyatdakılara zindan kimi ağır suallar vermişdi – ölümündən qabaq ovcunda sıxdığı, ölümündən sonra miras qoyduğu kağız parçasında...

Yoxsa mən indi dostumun ruhu qarşısında bir hakimin rəngbərəng suallarından başını itirmiş müttəhim kimi dayanmazdım ki. Dilim topuq vurur. Danışmaq həvəsim tükənib. Təklənmişəm. Gözüm sinif yoldaşlarımı axtarır.

Uşaqlıq, yeniyetməlik illərimə – məktəb həyatıma niyə qayıdıram, görəsən? Məni çoxdan unudulmuş o qayğısız uzaqlıqlara çəkib aparan kimdir axı?.. “Mənəm, mən! Tanımadın?” “Səni tanımamaq olar, sarışın. Kəndimizin əkin sahəsini yandırdığın gün yadındadır? Necə gizlənmişdinsə, zorla tapdım. O vaxtdan gözüm üstündədir.” “Hə, yadımdadır, sən olmasaydın, məni heç kim tapa bilməyəcəkdi. Biryolluq itib-batacaqdım. O da yadımdadır ki, mən xoşbəxt idim!..” “Təkcə sən yox, bizim hamımız xoşbəxt idik!” Qəfildən üstümə təpinən səsləri dərhal tanıyıram: sinif yoldaşlarımdır. “Bəs sonra nə oldu, uşaqlar?” “Sonra hərəmiz bir tərəfə dağılışdıq. Həyatımıza tanımadığımız adamlar girdilər”. “Bəs sonra?” “Sonra biz onların görmək və sevmək istədiyi adamlara çevrildik. Sizi isə ürəyimizin soyuq və qaranlıq ucqarlarına göndərdik. Başqa yer qalmamışdı axı...” “Bəs sonra? Sonra?!” “Sonra biz öz səsimizi çıxaranda ətrafımızdakıları tanıdıq: ancaq daha onların görmək və sevmək istədiyi adamlar deyildik. Əlimiz üzümüzdə qaldı. Öz xoşbəxtliyimizə görə bir-birimizə nə qədər borclu olduğumuzu da bax onda – üzümüz əlimizin tanıdığı yeganə ünvana çevriləndə anladıq. Amma daha gec idi. Dünya – içində çırpındığımız evimiz boyda olmuşdu, bapbalaca...” “Bəlkə, ondan da balaca, uşaqlar, necə düşünürsüz? Məsələn, məzar boyda! Aramızda ən hündürümüz Fərail idi, deyəsən. Hamımızdan böyük (son) mənzilin sahibi. O da öz birotaqlısında uzun müddət qeydiyyatsız yaşadı. Nə torpağın üstündə vardı, nə də altında. “Bəlkə, atışıb ona bir başdaşı yonduraq?” Təklifin kimdən gəldiyini indi ən azı iki nəfərimiz xatırlayar, məncə. Amma küçə-küçə, ev-ev, adam-adam ötürüldükcə, o səs də eşidilməz oldu...”

İnsan, adətən, keçmişində dalana dirənir. Çünki bu günündən çox, dünəninə aiddir.

Biz onu ötənlərinə daşınan hər səhərində daha az görürük. Çünki həyatda qaldığına görə gerçəyindən çox, xatirələrinə minnətdardır.

O öz xatirələrində bütün ömrü boyu yaşadıqlarından daha artıq yaşayır. Nə varlığı, nə də yoxluğu bilinən fərqliliklərin ümidsiz sükutu ilə. Yaratmadığı gələcəyində yaşamadığı günlər – ölü doğulmuş!..

Az qala hər gün boyat surətini yamsıla-yamsılaya rastımza çıxan tanış mənzərədir. Sabahı da dünəninə açılan insanın barışdığı tale – qarşısındakı kətana baxa-baxa qocalmış tənha rəssam. Bilmirsən, çəkmədiyinə görə fırçası quruyub, yoxsa fırçası quruduğuna görə çəkmir?..

Önündə çırpına-çırpına bir-birinə doğru dartınan rənglər köksü çadar-çadar olmuş torpağa bənzəsə də, kədərli pıçıltısı ilə öz sahibindən daha canlıdır; dinlədikcə düşüncələrində şimşək çaxır, yağış yağır...

Onun Sizif əzabı haqqında təsəvvürümüz də bəmbəyazdır. Naturasında tarixin ən ulu imperiyası – əlahəzrət sonsuzluq! Təkəbbürlü qala divarları önündə hətta qocaman Çin səddinin uşaq kimi iməklədiyini görməyə bilməzsən...

Amma hər gün böyründən keçdiyin ağacı görməyin üçün yolunun üstündə bitməsi hələ azdır. Ölüm rənglərin tükəndiyi yerdə dayanıb, ömürün yox. Göz uzun müddət bir fərqliliklə rastlaşmayınca özünü korluğa vurur. Qaranlığın içində hara gəldi, necə gəldi atdığın hər addım isə səni dilini bilmədiyin adamların yanına – qətli intihara çevirən təhlükəli və qorxunc tənhalığa aparır.

Mənim dostumun hər iki dünyada anasından doğma, anasından müqəddəs, anasından başqa heç kimi qalmamışdı, heç kimi! Heç vətəni də!

“Sənin üçün dörd əsgər böyüdürəm! Sənin üçün!!!”

O öz həqiqətini uşaqlıqdan tanıdığı və güvəndiyi adama hər gün daralan dünyasından verdiyi mesajla anlatmağa çalışmışdı. Ancaq mən yenə də bir orkestrin partutirasında insan(lığ)a qarşı səlib yürüşünün nota köçürülmüş himnindən duyuq düşməmişdim. Maddi olanların təntənəsindən – çiyin-çiyinə, kürək-kürəyə söykəyib aramızdakı körpüləri uçuran amansız həqiqətlərdən xəbərsizdim. Dostum onları mənə anlatmaq üçün özünü vurmuşdu həm də. Onun qətli bizi bir-birimizə doğmalaşdıran və zaman-zaman nazilən bağların hökmü idi: nazilən və qırılan bağların...

İş-işdən keçəndən sonra kövrələ-kövrələ oxuduğum mətni də dostum o dünyadakı anasının bu dünyadakı sinə daşına yazmışdı. Öz qanı ilə:

– Ömür – budağından üzülmüş bir yarpağın torpağadək daşıya bildiyi həqiqətləri boydadır: insan böyüdükcə insanlıq kiçilir.

Dünyada qalmayacağını bilə-bilə dünyada qalanlar üçün yaşanan bir həyatda ölüm indinin işi deyil: çox vaxt cibində çox pulu olan adamın çox vaxt içində adam olmur...

Tarix
2025.07.01 / 07:00
Müəllif
İbrahim Rüstəmli
Digər xəbərlər

Bu tük ölkəsinin səfirliyinin yeni binası açılacaq

Bakıdan gözləmirdik: Nə baş verir? - Moskvadan baxış

Yekaterinburq məhkəməsindən Bakir Səfərovla bağlı qərar

Rusiya Azərbaycana qarşı bu qadağaya hazırlaşır

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...

Bakının Kremlə cavabı yeni başlayır: Hələ 355 “yuva” var

Mustafayev bir saat sonra Rusiya XİN-in binasını tərk etdi - Video

Qardaşların meyitlərinin ekspertiza rəyi açıqlandı

Slovakiya kəlbəcərlini Azərbaycana səfir göndərdi

İlham Əliyev Somali prezidentinə məktub ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla