Yuxarı

Bütün qazancını təhsilə verən kişi...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm və təhsil məsələlərini müzakirə və mühakimə mövzusuna çevirmək cəhdləri günümüzün paradoksal reallıqları sırasında ilk yeri tutur. Xüsusilə orta təhsil müəssisələrinin daha çox zərif cinsin nümayəndələri tərəfindən təmsil olunması münasibətlərdəki elastikliyi ikiqat artırır; emosionallığı ünsiyyətin aparıcı elementinə çevirir; öz axarında reallığın həqiqi görüntüsünü, soyuq ağılı, çevik düşüncə tərzini və məntiqi epizodik qütbə sıxışdırmağa çalışır; bununla da az qala hər kəs üçün təhsil haqqında danışmaq və müzakirə aparmaq imkanını əlçatan edir. Əhali tam heyətdə təhsillə sıx təmasdadır...

Duruma maksimum aydınlıq gətirən və hər iki qütbün xarakterik cəhətlərini özündə ehtiva edən məqamın indi ancaq bir adı var: “Şərq ölkəsi sindromu!” Kəskin mizantropiya elementləri fonunda! Burada kişi özünü həmişə qadından güclü sayır. Qadın həmişə özünümüdafiədədi, rəqibini nəinki həmişə öz yerində oturtmağa, bir az da geriyə itələməyə, bəzən hətta alçaltmağa çalışır. Mexaniki reflektor effekti, həm də qeyri-şüuri – yerim darısqaldı, bir az o tərəfə çəkil! İnsanları bir-birinə yadlaşdıran və düşmənə çevirən prosesin start nöqdəsi. Hamı həmişə yerinin darlığından gileylənir – hamını həmişə geriyə itələməyə çalışır, demək. İstiqamət – “fikirlərimiz üst-üstə düşmür”, “fərqli adamlarıq” kimi asan bəhanələrlə ayrılıqların meydan suladığı finişə doğru. Çarpaz yolların sonunda barışdan uzaq düşmüş, fərdi və ictimai anlamda qələbə şansını itirmiş məğlub toplum. Ailədən tutmuş cəmiyyətə qədər – hər yerdə izlənilən və əksər hallarda faciə ilə nəticələnən mübarizədir, gizli və aşkar şəkildə altşüurda oturuşmuş. Əksəriyyət ya öz qüsurunu görmür, ya da ona doğru uzanan əli. Axı ağır döyüş gedib – hələ də qanı axan yaraların kökü dərindədi, qaysaqlamaq bilmir!..

Daha çox maddiyyata yuvarlanmış alternativsiz bir mühitdə kimisə üst qata çıxaran önəmli “uğur” elementləri haqqında ayrıca danışmağa ehtiyac duymuram; həm müstəntiq kimi görünmək – ittiham etməkdən uzağam, həm də xırdaçılıqdan xoşum gəlmir; vəziyyət gün kimi aydındır.

Fabulasında son dərəcə mürəkkəb konstruksiyalı təhsil institutunun üzdə olan və ilk baxışdan hamı üçün aydın və sadə görünən cəhətləri özü haqqında çox vaxt obyektiv və dolğun təəssürat formalaşdırmır. Statusundan asılı olmayaraq, bəzi təhsil əməkdaşlarının yol verdiyi qüsurlar isə dərhal müxalif düşərgəni tətikləyir, üstümüzə qaldırır və görülən işin mahiyyətinə sarsıdıcı zərbə endirir. Kölgəsində böyük bir ləyaqətli müəllim ordusu – həm haqq etmədiyi şübhə ilə üz-üzə qalan, həm də gözə görünməyən. Bağlı qapılar arxasında nələr baş verdiyindən xəbərsiz olduğumuzu düşünənlər, sizi bər-bəzəkli nitqinizdən çox, davranışlarınız ələ verir, hərəkətləriniz satır – su qiymətinə; həm də gələcəyimizlə birgə. Və cəmiyyətdə həyatımızın strateji xətti haqqında o qədər saxta təəssürat formalaşdırır ki...

Bəsitlik – danışmaq və mühakimə etmək həvəsini ikiqat artırır. Konformizm – bir qüsurlu düşüncənin digər qüsurlu düşüncəni öz arxasınca daşıyan qoşqusu – lokomotivi halında. Mütləq əksəriyyət öz baxış bucağı altında vəziyyətin “iki üstəgəl iki” qədər asan olduğunu düşünür. Amma ya real, ya da qəsdən ortaya atılan süni problemlərə münasibətdə özünü dərhal təcrid edir və təhsildən kənarda – həm haqlı, həm də üstün tərəf kimi görür. Özü də övladının təlim-tərbiyəsini etibar etdiyi məktəb və müəllim haqqında axşam qarabaqara danışdıqlarını səhər elə rahat yaddan çıxarır ki; vicdan əzabı çəkmədən...

Arada ənənəvi klassik mövqedə dayanan, vəziyyətdən öz şəxsi ambisiyası naminə maksimum yararlanmağa çalışan seqment də var. Meydanda at oynadanlar isə yenə də əsil mahiyyət və məna haqqında fikirləşmək və gücü çatan qədər obyektiv mövqeyə yaxınlaşmaq şansını əldən verənlər, danışan alətlərdi – cəmiyyətin daha böyük anlamda, daha geniş əhatə dairəsində düşünmək problemi yaşayan aparıcı qismi. Belələrindən ötrü fundamental kəşflərilə dünyanın obrazını dəyişən dahi Eynşteyndən çox, ona dil göstərən “kloun” Eynşteyn maraqlıdı, doğmadı....

Lakin sarkazm dolu kortəbii və tələmtələsik dəyərləndirmələrə baxmayaraq, onlar da həmişə haqsız deyillər. Yəni problemi qəlizləşdirən, məntiqi, alqoritmi küncə sıxışdıran əsas məqamın kökünü özümüzdən uzaqda – dərində axtarmağa ehtiyac yoxdur, diqqətimizi gözümüzün önündə dayanan, xırda və əhəmiyyətsiz saydığımız məqamlara fokuslasaq yetər. Yoxsa nə qədər baş sındırsaq da, şərti düzgün qoyulmayan istənilən məslənin həll yolu bütün variantlarda bizi doğru cavabdan uzaqlaşdıracaq.

Pozitiv nəticə ilk növbədə pozitiv yanaşma tələb edir. Gəlin neqativləri özümüzdən uzaqlaşdıraq və düşüncələrimizə ümid, inam və sevgi kimi ali hisslərlə məna verək. Məsələn, belə düşünək: hər gün daha çox artan kənar müdaxilələr əslində təhsillə bağlı etimaddan və ciddi gözləntilərdən qaynaqlanır. Həm qürurverici, həm də daha geniş spektrdə daha dərin məsuliyyətə və təftişə ehtiyac yaradan haldı. Haqqında araşdırmalar aparılmalı, daha təcrübəli auditoriyalarda daha ciddi tribunalardan danışılmalıdı. İlk növbədə münasibətlərimizə aydınlıq gətirməli, vəzifələrimizi müəyyənləşdirməliyik.

Öncə özümdən başlayacam. Təhsil məndən ötrü döyüş postudu. Mən döyüş tapşırığını yerinə yetirirəm! Ən ümdə vəzifəm ailəmin təhsil paradiqmasını qorumaqdır. Çünki təhsilə böyük önəm verən bir kişinin evində doğulmuşam. Bütün qazancını təhsil kapitalına çevirməkdən fanatikcəsinə həzz alan bir kişinin. O, adi kənd təsərrüfatı mütəxəssisi idi, amma təhsilə münasibətində adi deyildi, ali idi. Bunu hələ sağlığında onun özünə də dəfələrlə xatırlatmışdılar: “Biz hər il özümüzə bir maşın alanda, sənin bir ildə üç oğlun ali təhsil alırdı!..”

Atamın təhsilə münasibəti yalnız öz ailəsi çərçivəsində məhdudlaşsaydı, ayağımı cızdığı sərhəddən bir addım da kənara atmazdım. Məni cəmiyyətin daha geniş və daha fərqli qatlarınadək daşıyan özəl təhsil hadisələri var həyatımda. Yalnız birindən danışacağam, kəndçimizin dili ilə: ”Həmin il oğlum rayonda hamıdan yüksək bal toplamışdı. Soyuq və etinasız valideyn olduğumu bildiyinə görə idi yəqin, atan məni yanına çağırtdırıb soruşdu ki, heç cıdırda olmusan? Yalmanına yata-yata bütün rəqiblərini geridə qoyan atları görmüsən? Qalib atları... həmişə ürəyimə sıxmaq istəmişəm. Sənin oğlun da o atlardandı!..”

Yəni indiyədək oxuduğunuz və indən belə öhdənizə buraxacağım bütün yazılarım şəxsən məndən ötrü genetikadan gələn irsi və strateji təşəbbüsdür. Onu hər hansı iddia, yaxud təmənna ilə bağlamaq cəhdinə qarşı başlanğıcda və sonda kifayət qədər bəsit, amma ciddi və səmimi alternativim – vətəndaşlıq yanğısı kimi alınmaz qalam var. Söhbətin elm və təhsildən getdiyi yerdə yalnız VİCDAN danışmalıdır! CÜZDAN yox!..

P.S. Sonda yazımın kameral təsvirini məşhur bir qarmon ifaçısının dilindən eşitdiyim əhvalatla diqqətinizə çatdırıram: “Babam balıqçı idi. Qış günü dənizdə soyuqdan donubmuş. Özünü zorla evə çatdırır. Görür soba qalanıb. Nənəm xəmir yoğurur. Çörək bişirirmiş. Tez özünü qarısının böyrünə verib əlini ocağa tutur. Nənəm də hər kündə yaydıqca babamın üstünə çəmkirir: “A kişi, bir az o yana çəkil, görmürsən, yerim darısqaldı!” Axırda yazıq əlacsız qalıb yorğanına bürünür. Amma o gündən babamı gördüm deyən olmur. Bir də altı aydan sonra nənəmə məktub yazır: “Qarıcığım, hazırda Sibirdəyəm. Əgər yerin darısqaldısa, bir az da o yana çəkilim!..”

P.P.S. İçi mən qarışıq, hamımız gülürük. Həyatımız belə gülüşlərlə doludu!..

Alt qatında soyuq(luq) – insanı yalnız şaxtadan istiyə qovmur!

Soyu(qlu)ğun insanı istidən şaxtaya qovması da var!..

Tarix
2024.03.27 / 08:30
Müəllif
İbrahim Rüstəmli
Digər xəbərlər

Səməndər Rzayevin ölüm yatağında son sözü...

Oğlunu müharibədən saxlatmaq üçün pul tökdü, axırda...

Ayağı sürüşkən adamlar...

Baldızını qaçıran “bəy”, qaynı ilə gedən “gəlin”...

Sən öz halınla sahibinin ayaqqabısısan...

Məndən düşmən yaratmağa tələsməyin

Deyəsən, meydanda tək qalmışıq...

Mən özgürlüyümü qoruyuram, ətrafımdakılar isə…

Mən kloun deyiləm, Çarli!

Anamın xəstəxanadan gətirildiyi gün...

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla