Yuxarı

Deyəsən, meydanda tək qalmışıq...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir söz bir insanın dünyasını dəyişər, bir insan dünyanı...

(II EPİZOD)

Sadaladıqlarımın pedaqogika, psixologiya və fəlsəfə kimi qəliblərdə təqdimatı haqqında ən az düşündüyüm məsələlərdəndi. İndilərdə məni yalnız elm və təhsilin interfeysi maraqlandırır. İki və daha çox bucaq arasındakı əlaqələrin etibarlı özüllər üzərində qurulması bizim müstəvimizdə dayanıqlı komunikasiyanı şərtləndirən əsas amildi. Doğru cavablar bütün tapşırıqların (əməllərin) dəqiq elmlərdə, məsələn, cəbrdə olduğu kimi, riyazi ardıcıllıqla yerinə yetirilməsini – dürüstlüyü tələb edir. Lövhədə medianlardan tutmuş dioqonallara, təpə nöqtələrinə, tənbölənə, daxili və xarici bucaqlaradək (və. s) hər bir elementin repertuarı öz yeri – müəyyənedici statusu ilə əhəmiyyətlidir. İlk baxışdan xırda və məzmunsuz hesab etdiklərimiz, əslində, sırada özündən daha çox yer tutanlarla eyni məxrəci paylaşır və təbiətinə xas gizli fövqəladəliyi – yaratdığı gerçək kəpənək effekti ilə təəccüb doğurur.

Gözümüzə daha böyük görünən səhvlər gözümüzə daha kiçik görünən rəqəmlərdən törəyər...

Ancaq bizim səhnəmizdə baş verənlər çeşid-çeşid fərqli cəhətlərilə dəqiq elmlərdəki reallıqları da xeyli geridə qoyur; hər bir fərdə aid özəl məxfiliyin – cavabını gözləyən fərqli və fərdi sualların yaratdığı fon daha ciddi, daha ağır, daha mürəkkəbdi; hüdud tanımayan rəngarənglik əsl labirint təəssüratı oyadır: hər kəsin öz rəngi – öz məchulu (X) var! O məchulu tapmaq indiyədək nə fəlsəfənin Sokratına, nə fizikanın Eynişteyninə, nə də kimyanın Mendeleyevinə (və. s) nəsib olub. Dünyanı məhvərindən oynatmaq iddiası ilə bizdən inadkarcasına istinad nöqtəsi tələb edən təkəbbürlü Arximed də xəttimizdə gücsüzdü.

Deyəsən, meydanda tək qalmışıq. Hər fərd yalnız özünəməxsus fərqli dayaq nöqtəsi qismində!..

Çiynimizdə ağır yük – şagirdlərimizin hər biri üçün ayrı-ayrılıqda Sokrata, Eynişteynə, Mendeleyevə, Arximedə çevrilmək məsuliyyəti. Üstəlik, bir tərəfdən yerimizin darısqallığı, digər tərəfdən isə yol verə biləcəyimiz nöqsanların ağlagəlməz fəsadları səhv etmək şansımızı minimumadək məhdudlaşdırır. Axı biz indiki məqamda yaradıcılıq laborotoriyasında, təlim poliqonunda deyilik: eksperiment aparmırıq. İstənilən imitasiya kəskin falsifikasiyaya yol açacaq qədər təhlükəlidi! Çünki:

Saxta münasibətlər saxta insanlar yaradır...

Gərək unutmayaq: öz gücünə, əhatə dairəsinə və əhəmiyyətinə görə bizim gündəlik davranışımız, bizim tədris fənnimizlə bağlı gündəlik bilgilərimizdən daha önəmlidir. Uşaqları savadımızdan çox davranışımız, yəni, eşitdiklərindən çox gördükləri dəyişir. Çünki dediklərimiz tədris kitablarına – elmə, davranışımız isə şəxsimizə – həyata aiddi. Xüsusilə, yeni reallıqlar üçün münbit mühit rolunu oynayan tərs mütənasiblik və dəyişən sabitlik şəraitində çevik və dolğun yanaşma zərurəti yaranır. Sabitqədəmlilik – olduğun kimi görünmək, yaxud, göründüyün kimi olmaq prinsipi insan mühəndisliyinin əsas prioritetidi. Əks təqdirdə mənəvi cəhətdən şikəst törəmələrlə eyni məkanda yaşamaq təhlükəsi yaranacaq və bizim institutumuz öz qüsurları ilə bir-birini tamamlayan hibrid obrazlar fabrikinə çevriləcək: nəzərə çarpan dizbolans dəryada damcı şəklində; qeyri-müəyyən və emosional tərəflərilə. Çünki azacıq etinasızlıq duyulan kimi bizim rəftarımız bizim nəqlimizə münasibətdə vəziyyəti dərhal kosmik sürətlə öz xeyrinə dəyişir. Passiv informasiyaları altşüura pompalayan həssas yaddaş, onları ən azı yaxın beş il ərzində yaradacağı obrazların şəriksiz bələdçisinə – rəssamına, memarına, bəstəçisinə və ssenari müəllifinə çevirir.

Bilməyinizi istəyirəm: qarşımızda reallıq kimi iddialı və çiddi rəqib dayanıb! Ətaləti, qorxaqları sevməyən və özünü yalnız çevik düşüncə tərzinə, yaradıcı təfəkkürə sahib insanların oxuya biləcəyi məxfi kodlar – açar sözlərlə obrazlaşdıran. Aynasında gerçəyin rəsmi, həqiqətin hökmü; əlindən heç vaxt heç yerə qaça bilməyəcəyimiz: Kürəyini reallığa tanıdanları reallıq tanıdar!

O öz arşını, seçimi və alqoritmi ilə güclüdü. Arada böyük əksəriyyətin gözündən yayınan, amma nə vaxtsa hamının mütləq etiraf edəcəyi mükəmməl bir məntiqi var:

Sənin dəyişdirmədiklərin, səni dəyişdirəcək!..

Reallıq – qarşısına çıxan hər şeyi sel kimi uçurub-dağıdan, yuyub-aparan amansız axındı; məcrasında institutumuzun adına aldanmaq ehtimalımız öz aktuallığı ilə narahatlıq doğurur; xüsusilə həyatımızın yüyürən reallıqları baxımından: Bugünümüzün insanı nə olduğu yerdədi, nə də olmaq istədiyi...

Onu hər yerdə görmək olur...

Amma heç yerdə tapmaq olmur...

İtirilmiş ünvanın axtarışları isə elə ilk cəhddəcə bizi növbəti bir təhlükəli gerçəklə üz-üzə qoyur:

Bugünümüzün insanı bütün həyatı boyu olmaq istədiyi şəxs kimi – gələcəkdə yaşamaq haqqında düşünür.

Amma bütün həyatını olduğu şəxs kimi – keçmişdə yaşayır.

O, ömrü boyu öz xəyalında canlandırdığı və bəyəndiyi şəxsə onu ömrü boyu öz içində öldürən bəyənmədiyi şəxsdən baxır.

Aradakı ciddi ünsiyyət problemi iki rəqib “mən”i bir-birindən necə uzaqlaşdırırsa, zaman əlaqəsi haqqında danışmağa, ümumiyyətlə, lüzum qalmır. İndiki halımızla biz öz evimizin zirzəmisinə atdığımız portretimiz kimiyik: ən səmimi etirafımız da o portretin tozunu silmir. Qatı dumana – qaranlığa düşmüşük. Düşüncəmizlə ÖZümüz arasında uçurum yaranıb – hər gün bir az da dərinə işləyən...

Bəzən daha yüksəyə qalxmağın üçün çox vaxt daha aşağıya enməyi bacarmalısan. Özündən xeyli geridə qalmış mənini köməksiz vəziyyətdə atıb getməməlisən; çiyninə götürüb özünlə irəli daşımalısan, ölməyə qoymamalısan, yaralı əsgər kimi. Bu sənin ÖZ döyüşündü! Onu sənin əvəzinə heç kim xilas etməyəcək! Çünki: əvəzsizsən! Yaranışın qanunlarını yarananlar dəyişə bilməz!

Yəni: bizim buna həmişə gücümüz çatar! Amma çox vaxt cəsarətimiz çatmır! İçimizdə oyundankənar vəziyyətə düşmək – atılmaq kimi dəhşətli bir xof vurnuxur! Kütlə təpkisi! Tənhalıq qorxusu! Sayəsində öz ömrünün bahar fəslini yaşayan və bitmək bilməyən Oblomov sindromu! Oturmaq həyat tərzimizə çevrilib. Lövbəri qaldırmaq fikrimiz yoxdu! Gələcəyimiz bir kənara dursun, heç indimizə gələ bilmirik; ÖZümüzə gələ bilmirik...

Hər gün eyni adamların eyni ritmlə addımladığı eyni cığırlarda daha böyük qopmalara həyat verən saçaqlı köklər...

Bugünümüzün insanı həqiqəti gizlətmir ki! Həqiqətdən gizlənir!..

Çünki öz gerçəyindən qorxur. Yalanla yaşayır! Yalandan yaşayır!..

Diaqnozu: kütləvi fobiya! Xroniki psixoz! Kəskin mənəvi distrofiya! Mütləq və mütləq yenməli olduğumuz.

Xilasımız yalnız həqiqətdədirsə, başqa çıxış yolumuz yoxdu, demək! Başqa çıxış yolumuzun olmadığına görə ÖZümdə cəsarət tapıb ayağa qalxıram və çoxillik hərbi xidmətimin – pedaqoji təcrübəmin ən ciddi təyini kimi vurğulayıram; altından xətt çəkməklə. Elm və tədris müəssisəsinin ən böyük vəzifəsi ilk növbədə insan (şəxsiyyət) yetişdirməkdi, insan! Dürüst insan! Doğruçu insan!..

Bu ali həqiqəti hər fürsətdə ən sərt tərəflərilə xatırladan qaynar bir həyatın içindəyik! Kəsirlər bilik yarışlarından çox, xarakter imtahanındandır. Dəbdəbəli akademiyalarda titullu akademiklərin qarşısında cəh-cəh vuranlar həyat suallarını, adətən, hüzünlü bir sükutla qarşılayarlar! Nədənində hamımızın gözümüzə təpilən, amma çoxumuzun görmədiyimiz bir nida:

Savadlı olmaq insan olmaq demək deyil.

Savadlı olmaq heç bacarıqlı olmaq da demək deyil.

Sənin də, sənin xalqının da, sənin dövlətinin də taleyini ağıldan çox, xarakter(lər) həll edir, müəllim! “Xarakter – taledi!” (Plutarx)

Bir əlimizdə təbaşir, bir əlimizdə silgi tutub lövhə önünündə dayanmamışıq. Yazdığımızı pozmaq şansımız yoxdu! Arada yalnız son dərəcə real, orijinal və həssas təmas var: mənəvi, psixoloji, ruhi və intellektual. Bu təmasın tərəflər arasındakı münasibətə və fərdin gələcək taleyinə həlledici təsiri isə bütün dövrlərdə qaçılmazdı:

Bir söz bir insanın dünyasını dəyişər, bir insan dünyanı...

Tarix
2023.03.16 / 23:21
Müəllif
İbrahim Rüstəmli
Digər xəbərlər

Səməndər Rzayevin ölüm yatağında son sözü...

Oğlunu müharibədən saxlatmaq üçün pul tökdü, axırda...

Bütün qazancını təhsilə verən kişi...

Ayağı sürüşkən adamlar...

Baldızını qaçıran “bəy”, qaynı ilə gedən “gəlin”...

Sən öz halınla sahibinin ayaqqabısısan...

Məndən düşmən yaratmağa tələsməyin

Mən özgürlüyümü qoruyuram, ətrafımdakılar isə…

Mən kloun deyiləm, Çarli!

Anamın xəstəxanadan gətirildiyi gün...

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla