Yuxarı

Baldızını qaçıran “bəy”, qaynı ilə gedən “gəlin”...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Günəşin altında kölgəsiz adam

(II yazı)

Ancaq güclü küləyin asanlıqla aşıra biləcəyi hasarlarımız, peşəkar oğrunun rahatlıqla kəsib-doğraya biləcəyi dəmir barmaqcıqlarımız həyatımızın görünən tərəfidi hələ – çölüdü!..

Ehtiyatlı davranışı və cazibədar görüntüsü ilk baxışdan kiminsə əynindəki bahalı pal-paltarı, zinyət əşyalarını xatırladır...

Acımasız xarakteri ilə təhlükəli və real ilğımdı – dərinliklər fatehi. Üzdə necə gözəl, necə mehriban, necə qayğıkeş görünürsə, adam lap başını itirir...

Həm insanın tanımadığı qatildi, həm də insanı tanımayan!..

Aldadıcı nəqlində pambıq yumşaqlığı – baş kəsən! Ağrı-acısız! Təəccübsüz! Nə ruhunu incidər, nə də canını!..

Yəni hamının yaxşı geyinmək haqqı var, yaxud yaxşı yaşamaq istəyində qeyri-adi heç nə yoxdu!..

Ancaq assosiasiyası öldürücü təsir və təhdid elementləri ilə zəngin cəbbəxana kimidi; əqli və mənəvi dəyərlərimizə qarşı cəbhə açıb; topu, topxanası ilə. Nəzərlərimizi asta-asta işğal altına almaqda, əsirinə çevirməkdə və maddi olanlara kökləməkdə ustadı. Rəqib tanımır. İnsana və insanlığa aid nə varsa, hamısını noxtalayıb müxalif düşərgəsinə daşıyır; özününkiləşdirir!.. - (Aşağıdan yuxarıya) bişirə-bişirə, (yuxarıdan aşağıya) düşürə-düşürə!..

Sərt modifikasiyası işıqdan qaranlığa, yaxud istidən şaxtaya düşmüş adamlar üçün nə qədər qəfil və dözülməzdirsə, bir o qədər də anlaşılmazdı. Qütblərin kordinal diffuziyası ilk növbədə kələfin ucunu tapmaq istəyinə qarşı çıxır. Reallığını alternativsiz norma kimi ekranlaşdırır. Və istəyinə çatmaq məqsədilə əsas cəsus şəbəkəsini – kütləvi informasiya resurslarını ciddi nəzarəti altında saxlayır; xüsusilə (bəzi) televiziya kanallarını; özü də açıq-aşkar, çəkinmədən. Qos-qoca yanaşmadı; klassik...

Tanımaq istəyirsizsə, lap elə indicə “mavi” ekranın qarşısına keçməyiniz yetər. Sizi orada arvad paltarı geyinmiş kişilər, yaxud qadın müqəddəsliyini seksual təəşşüqlərin ən iyrənc həddinədək alçaldan “xanım”lar gözləyir. Əgər səbriniz çatsa, dözə bilsəz, qarşınıza baldızını qoltuğuna vurub aradan sivişən “bəy”lər, qayınına qoşulub qaçan “gəlin”lər çıxacaq. Bir evin içində iki-üç “ailə” saxlayan “kişi”lərlə rastlaşacaqsınız.

Mədəni və mənəvi istirahətimizin növbəti uğursuz ünvanı – sitkomlar da daha çox “qurşaqdan aşağı gülüş”lə yadınızda qalacaq.

Mənim ölkəmdə müqəddəs ziyarətgahları su yoluna döndərmiş “din-iman adamları”nın ekranlarımızdan düşməyən bir flayeri də var: “Həci brendi!” Orta əsrlər mədəniyyətini orta səviyyədən də aşağı səviyyədə, kadr arxasından yurdumuza daşıyanlar – barbarcasına; (na)xoş qədəmləri ilə həyatımızın içinə girənlər!..

Yəni heç nə bizsiz, yaxud bizdən kənarda baş vermir. Zehnimizdə öz etiket və yarlıqları ilə yalnız məlumat şəklində təmsil olunan dünya var: üç funtluq kainat. Dövriyyəsində müdaxilə olunmamış, orijinallığını qoruyub saxlayan bir dənə də saf məlumat yoxdu!..

Yoxsa adam niyə iki-üç illik qazancını böyük şövqlə sənətə dəxli olmayan ara müğənnisinin cibinə bassın və sonra daha iki-üç il borc altında çabalasın ki! Dəlidi? Xeyr! Amma ağıllı da deyil! Bəs onda kimdi? Soruşsan, özü də bilməyəcək! Amma dodaqlarının altında mızıldadığı iki-üç kədərli kəlməni böyük ehtimalla eşitmək imkanınız olacaq: “Daş (mənim) başıma!..”

Belələrinin ən yaxşı təsnifi el arasında adətən tez-tez səsləndirilən ənənəvi kəlmə ilə şəkilləndirilir: “Quşbeyin!” Semantikasında da, etimologiyasında da quşu gözündən vuran snayper dəqiqliyi – brilyant kimi cilalanmış fakt: bəzi adamların öz beyninə, ümumiyyətlə, dəxli yoxdu.

Yəni ətrafımızdakılardan tez-tez eşitdiyimiz “başımı itirmişəm!” ifadəsi göydən düşməyib!..

Adam göydən düşəcək daşın da itirdiyi başına yox, çiyninində gəzdirdiyi başına düşməsini arzulayır. Özününkü deyil axı! Başqasınındı!..

Çünki bizim ÖZümüzü görən gözümüz yoxdu; yaxud başqalarını Özümüzdən daha yaxşı görən gözümüz var...

Ən sevimli işimiz onun-bunun həyatının içində eşələnməkdi! Beyin hüceyrələrimiz – a(y)na neyronlarımız fasiləsiz döyüş növbəsində: müşahidə kameralarımız – monitorlarımız ətrafımızdakıların yaşam və davranışını fövqəladə həssaslıqla izləyir.

Və həyatımıza başqalarının həyatına aid həqiqətləri daşıyır....

Öz həyatımızda başqalarının həqiqətlərini yaşadırıq...

Öz həyatımızı həqiqətsiz – yalandan yaşayırıq; yalanla yaşayırıq...

Özümüzdən bixəbər!..

Neqativlərə necə kökləmişiksə, axtarışlarımız yatanda da bitmir, əksinə, ssenarimiz yuxuda daha maraqlı filmə çevrilir...

Axı bizim başımız ən azı iki-üç adamın yaşadığı çıxarışlı (kupçalı) ev deyil yalnız, həm də ideal çəkiliş meydanıdı. “Kino”muzun süjet xəttini xarakterlərin zəngin və iddialı çeşidi müəyyənləşdirir – təşəbbüsü daim əlində saxlayan rejissorlarımızın sayı dəfələrlə arta bilir.

Onların fikir və istəyi, hərəkəti və bizimlə bağlı gözləntisi həmişə ön plandadı; fərdi seçimlərimizin və hədəflərimizin kompası – drijor çubuğu rolunda...

İndi ən əsası öz taleyinin sahibini tapmaqdı. Meydan ÖZünə, öz həqiqətinə yiyə duranlarındısa, demək, sən öz filminin epizodik rolundasan; o, sən deyilsən, demək! Tərslikdən nə zamanın, nə şansın və nə də fürsətin geridönüşü olur: özünü dəyişmək dünyanı dəyişməkdən çətindi!..

Reallığımızın elastikliyi fonunda “hədəf”, “arzu”, “tale” və “aqibət” kimi ciddi anlayışlar yolundan azır və hər gün həqiqi mahiyyətindən daha çox uzaqlaşır, əhəmiyyətini irtirir. Münbit mühitdi. Münasibətlərin qeyri-müəyyən və üzən konfiqurasiyası dərhal havalı dünyamızın çərpələng effektini yaradır:

Biri var yanımızda olanlar, biri də var yanımızda olmaq istəyənlər!..

Biri var yanında olduqlarımız, biri də var yanında olmaq istədiklərimiz!..

Mən hələ bir-biri ilə didişən çoxsaylı “mən”imizdən, gördüklərimizlə görmək istəmədiklərimiz arasındakı fərqdən danışmıram; o qədər böyükdü ki, həyatımız şübhə və tərəddüd burulğanına çevrilir; qum fırtınasına – əqlin süzgəci üçün keçilməz səddə.

Hər gün yollarımızda sinirlərimizi tarıma çəkən sıxlığı boş verin; ən böyük tıxac beynimizdə yaşanır.

Neyronların tükənmiş yolu daha ağlımızın seçim imkanını tanımır, tanıya bilmir, ya da tanımaq istəmir. Hisslərimiz isə bizə dünyanın yanılış mənzərəsini təqdim edir:

Dünənə kimi görməsək, inanmazdıq!..

İndi görsək də inanmırıq!..

İnsan ən böyük yalanı özünə danışır indi!..

İndi insan hamıdan çox özünü aldadır; həm hamıdan çox, həm də hamıdan yaxşı!..

Sabahımızın önündə iki ayağını bir başmağa dirəmiş zaman dayanıb; zamanımız dayanıb – dağ kimi. Bir il, bir ay, bir həftə, bir günümüz haqqında söz açmağa dəyməz heç! Bir anımız sirdi. Hər anımız sirdi! Önümüzün koruyuq. Tamahımızın quluna çevrilməyimiz də elə gələcəyi görə bilməməyimizdəndi. Ac canavardan betərik – içimizdə gözü doymaq bilməyən quduz bir yırtıcı yaşayır; özümüzlə gəzdirdiyimiz. Əslində isə o bizi özü ilə gəzdirir; o bizi hara istəsə, ora da aparır; biz onu yox!..

Görürsüz, daha qaranlıq fanusun darısqal sərhədləri rahat nəfəs almağımıza mane olmur. Hətta tez-tez xoşbəxt görünürük! Çünki zəngin vitrin təcrübəmiz, səhnə tərtibatımızla həm də “istedadlı” butaforlarıq. Yalanlarımızı, riyakarlığımızı, ikiüzlülüyümüzü görmək xüsusi istedad tələb edir!..

Yabançı diyarlardan gələn calaq formatdı – peşəkarcasına düşünülmüş. Kiberhücum! Prosesə geni dəyişdirilmiş ərzaq məhsulları ilə başlanıldı. İndi növbə süni intellektindi! Son məqsəd beyin hüceyrələrini kölə halına gətirmək – budaq neyronları budamaqdı!..

Görmək istədikləri səhnədə milyardlarla neyron milyardlarla kütlə halında!..

Amansız bir savaşın içindəyik. Döyüşü uduzmaq ehtimalımız var! Daha yarımkürələr də yolu yarımçıq gedə bilir ancaq...

Ciddi sözümdü, hərdən sağ əlinizi dincə qoyun, əgər mənim kimi solaxay deyilsizsə...

P.S. Adam hamının içində özündən böyüyünü görməyəndə, öz içində özünü hamıdan böyük görür...

Tarix
2024.01.02 / 08:00
Müəllif
İbrahim Rüstəmli
Digər xəbərlər

Səməndər Rzayevin ölüm yatağında son sözü...

Oğlunu müharibədən saxlatmaq üçün pul tökdü, axırda...

Bütün qazancını təhsilə verən kişi...

Ayağı sürüşkən adamlar...

Sən öz halınla sahibinin ayaqqabısısan...

Məndən düşmən yaratmağa tələsməyin

Deyəsən, meydanda tək qalmışıq...

Mən özgürlüyümü qoruyuram, ətrafımdakılar isə…

Mən kloun deyiləm, Çarli!

Anamın xəstəxanadan gətirildiyi gün...

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla