Yuxarı

Sən öz halınla sahibinin ayaqqabısısan...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Günəşin altında kölgəsiz adam...

(I yazı)

Ən böyük problemlərimiz hər gün iyrənc bir həyasızlıqla törəyib artan və dondan-dona girən saxtakarlıqların rəngbərəng fonunda yaşanır. Arada məsuliyyəti var gücü ilə çiynimizə yükləyən və bənzərsiz bir “fədakarlıqla” bütün zamanların kürəyini yerə vuran daha betər, daha ciddi məqam da yer alıb. Onun əsas vəzifəsi (və uğuru) öz varlığını sanki “ayaqları” amputasiya olunmuş indimizlə obrazlaşdırmaqdı!..

Zamanın amansız sükutu öz mühafizəkar təbiəti və iradəsi ilə adam(lar)ı susmağa və boğulduğu yerdə donub qalmağa vadar edən qocaman bataqlığı xatırladır. Ətrafında tikanlı sərhəd məftilləri kimi dəstəkçi paralellər! Ləpə-ləpə! Dalğa-dalğa!..

Görəsən, bir-birinin başından basa-basa üstümüzə şığıyan azman dalğalar həyatımıza hansı sürprizlərlə toxunacaq!? Və öz təması ilə varlığımızı yoxluğumuzdan ayıran sərhəddi necə cızacaq!? İllah da mərhəmətli insanlarla bağlı şübhələrimizin gündən-günə artdığı vaxtda. Maraqlıdı, nə əcəb ilahi bir gücün – xilaskar əlin varlığına inamımızı hələ itirməmişik!? Real görünməsə də! Görünən – çətin vəziyyətlərdə ehtimalların ən etibarlı ümid yeri, istinad nöqdəsinə çevrilməsi, həyatımızın adiləşmiş həqiqətidi. Təəccüb doğurmur.

Biz qat-qat ağırını – təəccüb hissimizi itirmişik!..

İndilərdə isə söz subliminal mesajların şüuraltında ustalıqla formalaşdırdığı və inandırdığı təsəvvürlərindi: yaşamaq istəyirsənsə, sakit dur! Yerindən tərpənmə! Yoxsa acgöz bataqlıq tükənməyən iştahası ilə hər tərpənişində səni bir az da öz içinə çəkəcək, səni bir az da udacaq, bir az da yiyəcək.

Yiyənə çevriləcək...

Həyat həqiqətlərimizin qalib görkəmi surəti çıxarılmış saxta şəkillərlə doludu. Möhürü vurulmamış! Öz yolu ilə getməyən adamların heç biri öz ömrünü yaşamır. Kim(lər)isə yamsılayır mütləq. ÖZünü, öz varlığını alçaldan, aşağılayan və başqalarının həyatında tapanlar üçün təqdimatımızda cəmi bircə şəkil var ancaq: Günəşin altında kölgəsiz adam – daha güclülərin təsiri və əsarəti altına düşən (qul). Sən öz halınla sahibinin ayağındakı ayaqqabısı, əynindəki köynəyi qədərsən – ürəyi istədiyi anda çıxarıb atdığı, dəyişə bildiyi...

Deyəsən, qul sözünün arxaikləşməsinə sevinməkdə tələsmişik bir az axı. Axı kölgəsiz adamın gözə görünməməsi özü kimi, daşıyıcısı olduğu mənanı da unutdurmur, əksinə, ona yeni rəng qatır, yeni güc verir. Və daha böyük əsarətin, daha böyük faciənin mənbəyinə – əksəriyyətin rahatlıqla barışdığı nümunəyə çevrilir. Kütlə – ixtiyar sahibi deyil; asan yolların yaşatdığı tıxac kimidi; o, yolu seçmir; yol onu seçir!..

Amma yenə də gözlərimizi aldadan görüntülərdə dünya hər birimizin təsəvvüründə canlandırdığı, inandığı və gördüyü boydadı. Min illərdi əsl həyatın, yaşam tərzinin məsxərəyə qoyulduğu, təhqir olunduğu məkan da daha öz işini köhnə gedişlərin tozunu silməklə bitirir. Və boyat həqiqətlərini gizlətməyə ehtiyac duymur. Cəsarətlidir. Hələ bizim eramızdan əvvəl Sokratı Roma təlxəyi adlandıran Aristofan kimi...

Biz gerçəyimizin dustağıyıq! Məhbəs həyatı yaşayırıq!..

Hər gün daha da uzanan boyu ilə həbsxana divarlarını kölgədə qoyan hasarlarımızın, pəncərələrimizdəki dəmir barmaqcıqlarımızın arxasında – özəl təcridxanamızda!..

Burada nə varsa, hamısı fərdi yaradıcılığımızın məhsuludu, hamısı özümüzə məxsusdu: kameralarımız, qandallarımız, qıfıllarımız! Hətta son qərarımız da! Kənardan qeyri-adi və inanılmaz görünə bilər, amma çıxardığımız hökmün üzərində də öz imzamız, öz möhürümüz dayanır: həbs müddətimiz – ömürlük!..

Nadir hallarda içərilərdən qulağımıza güllə səsləri də çırpılır: ömürlük həbs ölüm cəzası ilə əvəzlənir. Hökm(ümüz) dəyişir, amma həyat(ımız) dəyişmir. Çünki hər iki yolun apardığı tək ünvan var ancaq – məzar!

Məzar – ölümün ən bəsit şəklidi; hamının gördüyü, yaxud heç kimin görməyə bilmədiyi! İstəməsən də görəcəksən!..

Az qala hər gün rastlaşdığımız qəbirlər kimi, bütün donuq səhnələri bir-birinə ciddi qohumluq əlaqələri bağlayır. Məsələn, durğun suların müqavimətsiz xarakteri və ətaləti ilə zaman-zaman öz tərkibini dəyişməsi və özündən çox bataqlığa bənzəməsi, bizim fikrimizcə, adi təbiət hadisisədi. Amma suyun hərəkətsiz, tənbəl elementlərinin itirilmiş özünümüdafiə instinkti, əslində, yad canlıların doğulması, qidalanması və törəyib artmasına xidmət edir. Və onu qısa müddətdə hətta heyvanların yaxın durmadığı ağır kütləyə – ölü suya çevirir...

Çaylar, göllər, dənizlər və okeanlar kimi bataqlıqların da mövcudluğu faydasız deyil, yəqin, həyatı qorumaq üçündü. Amma bütün allotropik şəkildəyişmələrin özəyində təslimçilik prinsipi dayanır – bərkimiş ənənəsi, ideologiyası və düşüncəni dəyişmə bacarığı ilə. Kənar təsirlərin artan təpkisi, kainatı diz çökdürmək, itaət altına almaq, idarə etmək niyyəti mağara təfəkküründən gəlir. Dünyanın özü qədər qoca yolçudu. Qırx qazanda qaynayıb. Amma hələ də kəfi alınmayıb...

Bəşər övladının qılınc kimi iti nəfsi indi yaranandan çox, Yaradana qarşı gizli səlib yürüşüdü; köhnə(lməyən) ssenarisi ilə dünyaya meydan oxusa da, təbiət öz qanunlarını dəyişmir. Təbiət özünü dəyişir. Buzlaqların əriməsi, torpaq sürüşməsi, qabarmalar, bir sözlə, heç nə onun iradəsindən kənarda baş vermir. Ən əsası – fəsillərin karvanabənzər harmoniyasında insana fərqliliyin gözəlliyini və özəlliyini anladan həzin bir könüllülük, ilahi bir itaət...

Təbiət anlaşılan dili, sadə məntiqi ilə müdrik müəllimdi – hər il həyatımızın içindən adlaya-adlaya qiyafəsini dəyişir! Həm qiyafəsini, həm də qafiyəsini!..

Qarşılığında adamların dar qəfəsdə – nəfsdə lövbər salması sırf həyat hadisəsidi. Daha çox psixologiyaya, məntiqə və düşüncə tərzinə söykənir. Bəsit baxış bucağı, hədəfsiz ömür, fərqliliklərin gözdən itənədək xırdalanması, ara-sıra könülsüz və yuvarlaq fərdi təsəbbüslərin miskin məğlubiyyəti iç və dış dünyamızdan gələn mesajlardı. Təbiətə aid deyil. İnsan təbiətinə aiddi!

Biz ÖZümüzdən xeyli uzaqda – həyatımızın ucqarlarındayıq!..

Dayandığımız yer dünyaya niyə gəldiyindən bixəbər adamların yaşadığı qorxulu küçəyə bənzəyir. Sərt ritorikam içindən adladığımız zülmət qaranlıqda hər an qarşılaşa biləcəyimiz ölüm təhlükəsinin diktəsidi. Biz qorxularımızı gizlədirik! Qorxularımız da bizi!..

Adi bir kənd mollası tanıyırdım, cin kimi idi. Amma üst-başından cin hürkürdü. Yaşayışı ilə maraqlananlara həmişə içindən gülə-gülə eyni cavabı verərdi: “Allah camaatımıza bərəkət versin!..” Onun kəskin və ciddi ironiyası yeriyə-yeriyə, eşidə-eşidə, görə-görə, düşünə-düşünə ölən adamlarla dolu idi: qarşısına çıxan hər kəsi potensial müştərisi kimi görərdi. Görüntülərini tamamlayan məqamlardan – nə qədər böyük şans sahibi olmasından aldığı həzzi isə gizlətməzdi. Axı adamlar da ona yas mağarından asılmış şəkillərdən baxardılar...

Axı adamların sayı da qəbir daşlarının sayından min dəfələrlə çoxdu! Lap çox! Ölü adamların!..

Mollanın təqdimatında ikiüzlü dünyamızın ancaq bir üzü görünürdü: yerin üstündəki yaşantılarımızın yerin altına etapı! Bizim qəbiristanlığımızda da təcridxana ab-havası yaşanır. Biz ölülərimizi də dəmir hasarlarla bir-birindən ayırırıq, təcrid edirik.

Qüsurlarımızın kərpic kimi üst-üstə qalaqlanmasından və dirçəlişində müəmmalı Misir ehramlarına bənzər gizli möcüzəsindən xəbərsizik! Görmədiyimiz – onların öz statusunu nəzərə çarpmadan, asta-asta dəyişməsi və sərt problemə çevrilməsidi. Dinamikasında ağır xroniki potologiya – toyuq korluğu! Klassik tragik fenomeni – Zamanın (və Sözün) insan üzərindəki hakimiyyətini haqq etdiyi mövqeyə – taxta çıxaran! Və bütün ipuclarını mürəkkəb koordinatları ilə alınmaz qalaya çevrilmiş zirvəyə daşıyan.

Orada – ayaq izlərinə tamarzı torpaqlarda, yabanı kol-kosun arasında zəhərli ilanlar kimi uyuyan təhlükəli cığırlar var. Mədəniyyətə və mənəviyyata aparan cığırlar! Hər qarışında ölüm! Hər addımında həyat!..

O cığırların izinə düşənlər ÖZündən keçənlərdi! Yaşadıqlarını düşünməyənlər! Düşündüklərini yaşayanlar! İmtina mədəniyyətinin daşıyıcıları! Xüsusitəyinatlılarımız!..

Şuşanı – mədəniyyət və mənəviyyat paytaxtımızı fəth edənlər kimi. Hasarsız həyətlərdə, çiy kərpicdən hörülmüş alçaq-ufacıq daxmalarda böyüyənlərimiz! Dünənədək biz müəllimlərinin məktəb dərsi keçdiyimiz balaca uşaqlar bu gün bizim hamımıza böyük həyat dərsi keçdilər:

Fəthin kütləyə dəxli yoxdu!

İnsan dünyadan böyükdü! Özünü dərk etməyincə, dünyanı da dərk etməz!..

İnsan dünyadan güclüdü! Özünü tərk etməyincə, dünyanı da tərk etməz!..

Tarix
2023.12.12 / 07:00
Müəllif
İbrahim Rüstəmli
Şərhlər
Digər xəbərlər

Oğlunu müharibədən saxlatmaq üçün pul tökdü, axırda...

Bütün qazancını təhsilə verən kişi...

Ayağı sürüşkən adamlar...

Baldızını qaçıran “bəy”, qaynı ilə gedən “gəlin”...

Məndən düşmən yaratmağa tələsməyin

Deyəsən, meydanda tək qalmışıq...

Mən özgürlüyümü qoruyuram, ətrafımdakılar isə…

Mən kloun deyiləm, Çarli!

Anamın xəstəxanadan gətirildiyi gün...

Mən bu rəzalətə görə üzr istəyirəm...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla