Yuxarı

Mehriban Əliyevanın babası: Medianın sütunlarından biri

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əziz müəllimim, professor Nəsir İmanquliyevin portretinə cizgilər

Biz - Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinin 1016-cı qrup tələbələri bu məktəbə 1984-cü ildə qəbul olunduq. Arzuladığımız, əlçatmaz bildiyimiz həmin məktəbə daxil olan kimi öyrəndik ki, bu, hələ jurnalistikanın özü deyil. Böyük jurnalistika bu məktəbi qurtarandan sonra başlayacaq. Amma burada da bizim görəcəyimiz çoxlu işlər var.

Rəmzi olaraq desək, jurnalistikanın girişində bizi Nəsir İmanquliyev qarşılayıb içəri ötürdü. Çünki o, birinci kursun birinci semestrində bizə “Jurnalistikaya giriş” kursundan dərs deyirdi. Bu kursunun “girişində” Nəsir İmanquliyev tələbələrinə deyirdi: “Gələcəyin yaxşı jurnalisti, tələbəlik illərindən özünü göstərir. Yaxşı tələbə, jurnalist kimə deyilir? Bunun üçün siz neyləməlisiniz? Barmaqlarını qatlayaraq sayırdı: “Dərsə davamiyyət, bütün fənlərə hörmətlə yanaşmaq və dərsi öyrənmək, mühazirələrə diqqətlə qulaq asmaq və seminar dərslərində fəallıq göstərmək, yaradıcılıqla məşğul olmaq, qəzet redaksiyaları, radio, televiziya ilə əlaqə saxlamaq və yazılar dərc etdirmək, ən başlıcası isə tərbiyəli olmaq. Tərbiyə olmasa, bütün bunlardan danışmağa dəyməz. Çünki tərbiyəsi kamil olmayan gənci, kimsə lap jurnalistika fakültəsinə qəbul etdirə bilər, amma heç vaxt jurnalist eləyə bilməz. Ona görə ki, jurnalistə üç keyfiyyət lazımdır: tərbiyə, çalışqanlıq, yaradıcılıq”.

Bunlardan əlavə, Nəsir müəllimin artıq tezisə çevrilmiş bir deyimi də vardı: “Bizim ölkədə jurnalist siyasi xadimdir!”

Bəli, çoxlarının yadındadır. O belə deyirdi: “Jurnalist siyasi xadimdir”. O vaxt jurnalist olmaq istəyənlər özlərini bu səviyyəyə hazırlayırdılar.

Sonralar isə müəllimimiz bizə jurnalistikanın yaradıcılıq keyfiyyətlərindən, janrlarından, qəzetçilik işinin sirlərindən, obyekti öyrənmə bacarığından, müsahibə və söhbət zamanı jurnalistin psixoloji hazırlığından, ərizə və şikayətlər əsasında material toplamaq, yazı hazırlamaq texnikasından, bir sözlə, sənətimizlə bağlı məsələlərdən ətraflı söhbət açdı.

Tələbəlik illərində nədənsə, hamımız bədii-publilistik yazılar yazmağa meyilli idik. O vaxt ən populyar janr olan oçerk yazmağa həvəs göstərirdik. Nəsir müəllim inadla bildirirdi: “Jurnalistika xəbərdən başlayır. Xəbər yaza bilməyən və yazmaq istıməyənlər, adətən, jurnalist ola bilmir. “Su axar çuxurunu tapar”, sizlərdən də hər kəs gedib öz yerini tutacaq. Jurnalist olmaq istəyənlər gərək xəbər yazmaqdan başlasınlar”.

Bizsə xəbər janrını sevmirdik. Ona əhəmiyyətsiz baxırdıq. Nəsir müəllim öyrədirdi: “Xəbər ən vacib janrdır. Xəbərə verilən əsas tələblər: aktuallıq, dürüstlük, konkretlik, aydınlıq, ən yüksək operativlik və sənədlilik. Xəbər yazmaq jurnalistdən ayıqlıq və “dörd gözü olmaq” tələb edir. Siz bütün cəmiyyəti görməyi bacarmalısınız”. Bu qayda ilə biz xəbər janrının əhəmiyyətini başa düşdük.

Sonra reрortaj üçün israr edirdi: “Siz reportajı elə-belə, sadə janr saymaqda səhv edirsiniz” deyirdi. Reрortaj informasiya və publisistika ünsürlərini özündə birləşdirən ən operativ janrdır. Reрortaj ictimai-siyasi maraq doğuran hadisə barədə sənədli və dinamik janr kimi çox böyük üstünlüyə malikdir. Üstünlüyü odur ki, ictimai-siyasi maraq doğuran hadisə barədə sən operativ məlumat verirsən və bir jurnalist kimi elə yerindəcə hadisəyə şəxsi münasibətini bildirmək imkanına malik olursan. Bu bir vətəndaş kimi hər kəsə nəsib olmur - deyə bizi öyrədir, həvəsləndirir və jurnalistikaya marağımızı daha da artırırdı. Beləliklə, reрortajı da bəyəndik.

Sonra Nəsir müəllimin söhbət və müsahibə janrlarına əhəmiyyət verdiyi yadımdadır. O dövrdə jurnalistikada müsahibə janrı çox da işlək deyildi. Yeri gəlmişkən, indi həm yazılı, həm də vizual, virtual, onlayn mediada müsahibə ən aktiv janrlardan biridir və hətta digər janrları sıxışdırdığına görə həddi aşmış dərəcədədir. O vaxt Nəsir müəllim söhbət və müsahibədən istifadə etməyimizi məsləhət görürdü. Söhbətin fərdi, dialoq şəkilli və dəyirmi masa arxasında olan formatlarını izah edirdi. Müsahibə üçün lazımlı və dəyərli insanların müəyyənləşdirilməsi, tapılması, onlarla söhbətə hazırlaşmanın psixoloji əsasları barədə elmi-praktik məsləhətlər verirdi. Bir sözlə, Nəsir İmanquliyev tələbələrə jurnalist peşəkarlığı öyrədirdi. Onun çətin, şərəfli və lazımlı peşə olduğunu dönə-dönə, faktlarla diqqətə çatdırırdı. Jurnalistika fakültəsinin tələbələrinin sonrakı uğurlarının onların zəhmətsevərliyindən asılı olduğunu vurğulayırdı.

Nəsir İmanquliyev bizə dördüncü semestrdə “Sovet jurnalistikası”ndan da dərs dedi. Onun üçün sovet əsas deyildi. O, jurnalistika dərsi deyirdi. Onun nəzəriyyəsini, praktikasını, incəliklərini mənimsətməyə çalışırdı. “Sovet jurnalistikası”nı tədris edəndə təcrübəli pedaqoq qarşılıq kimi, burjua mətbuatını misal gətirirdi. Burjua mətbuatında jurnalistlərin sensasiya xatirinə bəzən yalan yazdığını, yalan hesabına böyük tirajlarla öz qəzetlərini satıb külli miqdarda pul qazandıqlarını pisləyirdi. Qəzet və jurnalların pornoqrafik şəkillər çap edərək, alıcılıq keyfiyyətini artırmalarını yüngül burjua əxlaqı adlandırırdı və deyirdi: “Əslində, jurnalistika vicdan, əxlaq, vətəndaşlıq işidir”.

Jurnalistika dövrün, zamanın sözüdür. Öz dövrünü düzgün, aydın, dolğun işıqlandır ki, əlli il sonra mətbuatı vərəqləyib həmin dövrün ab-havasından hali olmaq istəyənlər bunu görə bilsinlər. Həm də Nəsir müəllim belə deyirdi: “Yazanda yüz ölç, bir biç. Elə yaz ki, sabah dünən yazdıqlarına görə utanmayasan, xəcalət çəkməyəsən, on il, iyirmi il sonra uşaqların sənin yazdıqlarının əzabını çəkməsin”.

Beləcə, Nəsir müəllim gələcək işimizlə bağlı bizə hər şey öyrədirdi. Həm də bizləri öyrənirdi. Hər tələbəyə fərdi yanaşırdı. Biz də öz növbəmizdə tələbə marağı və inadkarlığı ilə Nəsir müəllim haqqında öyrənirdik (tələbələr bunu necəsə bacarırlar). Onun haqqında öyrənmişdik ki, tarix elmləri namizədidir, dosentdir, “Bakı” və “Baku” axşam qəzetlərinin redaktorudur. Nəvəsi o vaxt respublikamızın rəhbəri olmuş, sonra Sov.İKP Mərkəzi Komitəsinin büro üzvlüyünə, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinədək yüksələn Heydər Əliyevin gəlinidir, o biri nəvəsi filologiya fakültəsində oxuyur, onlar eyni zamanda ölməz yazıçımız Mir Cəlalın nəvələridir. İmtahanda heç kəsi kəsmirdi. Amma tələbə cavab verə bilməyəndə çox məyus olur və tələbəni də məyus edirdi. Ona görə tələbələr onun imtahanlarına yaxşı hazırlaşmağı qarşılarına məqsəd qoyurdular.

Nəsir müəllim çox ciddi adam idi, onun dərsində kənar söhbət etmək heç kəsin ağlına belə gəlməzdi. Ancaq o özü istəsəydi, dərsin mövzusundan kənara çıxar, hansısa bir məsələ barədə öyüdlərini deyərdi.

O, həddindən artıq insani əxlaqa, tərbiyəyə malik, çox sərt, həmdərd adam idi. Nəsir müəllimin şəxsiyyətinə hörmətdən heç kəs onun açıq- saçıq deyilmiş nəsihət xarakterli sözlərinə ikinci məna vermirdi. Auditoriya susub qulaq asırdı. O isə dediyi sözü nə üçün işlətdiyini izah edirdi. “Siz indi tələbəsiniz, sabah ali təhsilli ziyalı olacaqsınız. Tale elədir ki, hər cür adam sizin bəxtinizə çıxa bilər. Siz onları tərbiyə etməlisiniz. Öz şəxsiyyətinizlə nümunə olaraq, onları yavaş-yavaş islah etməlisiniz. Söyüş insanın şərəfini alçaldan zərərli bir vərdişdir. Hələ qadınını döymək, ona əl qaldırmaq ağlasığmaz zərərli hərəkətdir”, - deyirdi Nəsir müəllim.

Mən Nəsir müəllimin niyə məhz bu nəsihətini xatırladım. Gender məsələləri yenə də cəmiyyətimiz üçün aktualdır. Azərbaycan ailələrində münasibətlər necə qurulmalıdır, bu haqda maarifləndirməyə ehtiyac var. Bu işi görən çoxdur, lakin istənilən nəticə hələ də yoxdur. Şərq, müsəlman mentalitetində unikal cəhətlərlə yanaşı, bir sıra zərərli xüsusiyyətlər də var ki, bunlar maarifləndirmə yolu ilə aradan qaldırılmalıdır. Universitetlərdə, institutlarda, texniki peşə və orta ixtisas məktəblərində, hətta bağçalarda bu iş görülməməlidir. Böyük pedaqoq Nəsir İmanquliyev başqa illərdə deyə bilmərəm, amma ötən əsrin 80-ci illərində bizim auditoriyalarda bu mühüm missiyanı yerinə yetirirdi: “Ər arvadını söyür, döyür, sonra da bir yorğanın altında yatırlar, bu tərbiyəsizlikdir” deyirdi. Əvvəldə qeyd etdiyim kimi, Nəsir müəllim şəxsiyyət olaraq o qədər ciddi adam idi ki, heç kəs onun açıq-saçıq deyilmiş sözlərinə ikinci məna vermirdi, onun dediyi ayıb səslənmirdi.

Mən Nəsir müəllimlə bağlı bir epizodu da xatırlamaq istəyirəm. Bu, şəxsən mənim üçün işıqlı bir xatirədir. II kursda Tələbə Elmi Cəmiyyətinin üzvü kimi elmi iş götürmüşdüm. Bir gün fakültəmizin ictimai işlər üzrə rəhbər tələbəsi Xəqani mənə dedi ki, get əsas binaya, sənin elmi işin konfransa göndərilməyə məsləhət bilinib, pasport, tələbə bileti və işinin surətini apar, siyahıda təsdiq olun. Dedim, dərsdən sonra gedərəm. Dedi, yox, saat 12-yə qədər getmək lazımdır, Zaqafqaziya konfransıdır, indi icazə al, get. Nəsir müəllimin dərsi idi, sinif nümayəndəsi o gün gəlməmişdi. Özüm icazə almalıydım, niyəsə ürək eləmirdim. Bəzən müəllimlərin tələbələrə, yaradıcılıqla bağlı redaksiyalara getmək istəyəndə, ictimai işlərlə bağlı hansısa tədbirdə iştirak etməsinə icazə istəyəndə ironik münasibət göstərdiyini müşahidə etmişdim. Ona görə çəkinirdim ki, birdən desə ki, əsas dərsdir, elmi iş-zad mən bilmirəm, pərt olaram. Səbəbini demədən “müəllim, vacib işim var, mənə icazə ver” demək isə mənim fikrimcə, etik cəhətdən düzgün deyil (Tələbə olanda da belə fikirləşmişəm, müəllim olanda da).

Xeyli tərəddüddən sonra fikirləşdim ki, qapının yanında durum, Nəsir müəllim sinfə girməmiş icazə alım. Belə də etdim. Səbəbini dedim, icazə aldım. Nəsir müəllim maraqla “Hansı fənndən iş götürmüsən?” dedi. Dedim ki, tarixdən. Gülümsündü, “bilirsən, mən də tarixçiyəm”, dedi. “Çox yaxşı, mən sənə nə kömək eləməliyəm?” soruşdu. Dedim, “ona görə icazə istəyirəm ki, gedib konfransa qeydiyyata düşüm”. Dedi, “çox yaxşı, get təbrik edirəm, müvəffəqiyyət arzulayıram, sonra nəticəsini mənə deyərsən”. Sonra Nəsir müəllim mənim məlumatımı gözləməyib bir neçə dəfə işin gedişi ilə maraqlandı. Konfransda yüksək yerlərdən birini tutdum, uşaqlar bu barədə Nəsir müəllimə məlumat verdilər. Məni təbrik etdi və qiymətli sözlər dedi: “Mən tələbələrin faydalı bir işlə - elmi işlə, yaradıcılıqla, ictimai işlə, musiqi ilə, dil öyrənməklə, ya idmanla məşğul olmalarının tərəfdarıyam. Çünki təkcə dərs oxumaq azdır. Yerdə vaxt çox qalır. Gənclər onda başlayır ki, asudə vaxtını necə keçirsin? Asudə vaxt problemi yaranır. Halbuki hər kəs öz vaxtını özü mənalı edə bilər”.

Sonralar bizə dərs deməyəndə də dəhlizdə görən kimi, “nə var, nə yox”, işlərin necədir?” deyirdi. Adətən, tələbələrlə az ünsiyyətdə olan Nəsir müəllimin bu münasibəti bir tələbə kimi mənim üçün xüsusi dəyər idi.

O vaxt jurnalistika fakültəsinin tələbələri qruplara bölünürdü, radio-televiziya, qəzet, tərcümə qruplarına. Qəzet qrupu olmadığımıza görə biz Nəsir müəllimin redaktor olduğu qəzetlərdə təcrübədə olmadıq. “Bakı” və “Baku” qəzetlərində onun yanında təcrübə keçən jurnalist tələbələr deyirdilər ki, belə ciddi olmağına baxmayın, redaksiyada çox mehriban, ünsiyyətcildir. Mən bunu əvvəlcədən bilirdim. Çünki Nəsir müəllim mənim işlərimi soruşanda bir dəfə dedi ki, mənim Nərgizim də Elmi Cəmiyyətin üzvüdür, elmlə maraqlanır, görək ondan nə olacaq. Bunu elə məhəbbətlə dedi ki, mən onun çox mehriban baba olduğunu duydum. İndi Nərgiz xanım Paşayeva akademikdir, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri, BDU-nun Elmi Şurasının sədridir.

Jurnalist şəxsiyyəti Nəsir müəllimin dönə-dönə qayıtdığı məsələ idi. Əsl peşəkar mətbuat xadimi kimi məsləhət görürdü ki, bir problem haqqında yazmazdan əvvəl onun ictimai xarakterinə fikir verin. Bu, bir nəfərin başına gələn işdir, yoxsa ictimaiyyət üçün xarakterikdir. Əgər ümumi mahiyyət daşıyırsa, onu mətbuata çıxarmaq və həllinə çalışmaq, yox, əgər fərdi xarakter daşıyırsa, onda öz nüfuzunuzdan istifadə edərək həmin adama fərdi yolla kömək göstərmək lazımdır.

Nəsir müəllim jurnalistikaya eyni zamanda siyasi iş kimi baxırdı. Ona görə də onun “Jurnalist siyasi xadimdir” sözü dilində əzbər idi. Jurnalist haqqında bir deyim də var: “Jurnalist ictimai rəyin daşıyıcısıdır”. Hər hansı məsələ barədə və şəxsiyyət haqqında ictimai rəyin formalaşması jurnalistlərdən çox asılıdır. Nəsir müəllim bu fikri ürəkdən bəyənirdi və bizə deyirdi: “İctimai rəyi formalaşdırmaq jurnalistdən asılıdır”. Bu bilirsiniz, sizin üçün nə boyda məsuliyyət deməkdir. Görün sizdən nə qədər çox işlər asılıdır. Buna gərə çox oxuyun, çox öyrənin, həyata ayıq baxın, dünya mətbuatı ilə maraqlanın, öz üzərinizdə çalışın.

Ağır, sanballı, təmkinli Nəsir İmanquliyev haqqında yazdığım bu məqalədə ötən dərsləri xatırlayanda bir az da ehtiyat edirəm. Fikirləşirəm ki, mətbuat bolluğunda, qeyri-peşəkarların jurnalistikada “meydan suladığı” bir vaxtda bu fikirlər qəribə səsələnmir ki? Əgər belədirsə, təəssüf! Böyük jurnalistikanın yolu isə ötənləri bilərək, yeniləri yaratmaqdır.

Hələ də jurnalistikanı peşə hesab edirlər. Jurnalistika cavan elmdir. Artıq bunu qəbul etmək lazımdır! Əgər ədəbiyyatımızın tarixi minilliklərlə ölçülürsə, jurnalistikamızın da tarixi yüzilliklərlə ölçülür. Bu onun dəyərini azaltmır. Jurnalistika getdikcə insan həyatının, cəmiyyətin, beynəlxalq münasibətlərin bütün sahələrinə nüfuz edir. Jurnalistika- ideoloji mübarizə vasitəsidir. İdeologiya - kəsərli silahdır. Bu silahla davranmağı, döyüşməyi bacaranlar qalib olur. Müharibəni də udmaq üçün əvvəl ideoloji müharibəni udmaq lazımdır. Jurnalistika elmdir! Özünün nəzəri əsasları, praktik tələbləri və təcrübəsi, dünyəvi əhəmiyyəti olan bir elm. Bu elm özündə tarixi, ədəbiyyatı, fəlsəfəni, dilçiliyi, məntiqi, psixologiyanı, estetikanı, natiqliyi, hüquq elmlərini və sairəni birləşdirir.

Azərbaycanda bu elm bir məktəbdir. Bu məktəbin ayrı-ayrılıqda götürdükdə məktəb olan insanları var: Həsən bəy Zərdabi, Mirzə Cəlil, Üzeyir bəy, Ömər Faiq Nemanzadə, Əhməd bəy Ağaoğlu, Cavad Heyət, Nəsir İmanquliyev, Tofiq Rüstəmov, Nəriman Zeynalov, Qulu Xəlilov, Aqşin Babayev, Şirməmməd Hüseynov, Yalçın Əlizadə, Cahangir Məmmədli və onlarla tələbəsi artıq müəllim olan insanlar! Türkün böyük ozanı Yunis İmrə deyibən: “Gedənlərə xeyir-dua, qalanlara salam olsun”.

Tarix
2018.12.21 / 16:01
Müəllif
Natəvan Dəmirçioğlu
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla