Yuxarı

Bunu görəndə bildim ki, Qarabağ azad ediləcək...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ədəbi, ictimai, kultural fikir tarixində önəmli yer tutan dramaturq, nasir, jurnalist, ictimai xadim, “Molla Nəsrəddin” ədəbi məktəbinin qurucusu Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar Qarabağa səfərimiz başa çatsa da, “Xalq” və “Şərq” qəzetləri, Respublika Radiosu bu haqda ətraflı məlumat versə də, mən bu kiçik yazını yazmaq ehtiyacı duyuram.

Mirzə Cəlilin can yoldaşı və məsləkdaşı Həmidə xanım Cavanşirin Kəhrizli kəndindəki ev-muzeyini ziyarət etmək əsas məqsədimiz idi. Çünki Mirzə Cəlilin mədəniyyət tariximizdə imza atdığı mühüm işlərdə ona ömür yoldaşı, sonuncu Qarabağ xanının nəticəsi Həmidə xanımın çox böyük köməyi olmuşdu. Aprel ayının 6-sı, 7-si Ağcabədi torpağındaydıq. “Molla Nəsrəddin” jurnalının birinci sayı da aprel ayının 7-sində uzaq Tiflisdə işıq üzü görmüşdü. Biz Mirzə Cəlilin həyat yoldaşı Həmidə xanımın atası Əhməd bəy Cavanşirə məxsus mülkdə olarkən mən böyük ədibin də evləndikdən sonra bir müddət yaşadığı və yaratdığı bu evdə aprelin 7-si haqda düşündüm. İki gəncin - 37 yaşlı Mirzə Cəlilin və 33 yaşlı bəy qızı xanım Həmidənin bir millətin taleyində bunca mühüm rol oynayan bir ilkə imza atdıqları gün yaşadıqları həyəcanı hiss etmək istədim. Cavanşirlər nəslinə məxsus mülkdə bugünkü ziyalılığımızı düşündüm. Ötən əsrin əvvəlindəki ziyalılığımızı bu günlə müqayisə edəndə hələ ki, udmuruq...

Əslində, cənab Prezident İlham Əliyevin böyük ədibin yubileyi ilə bağlı imzaladığı sərəncam tədbirimizin miqyasını genişləndirmiş, ona bir az da rəsmi xarakter vermişdi. Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun tədbir iştirakçılarını qəbul etməsi və bu qəbulun səfər ərzində bir neçə dəfə təkrar olunması bunun təsdiqi idi.

Qarabağda Şəhidlər Xiyabanını ziyarət etdik, burada şəhid olanların sıra sayının çoxluğu və Azərbaycanın bütün bölgələrini əhatə etməsi diqqətimizi çəkdi. Ağcabədidə abadlıq, infrastruktur yenilənməsi, inkişaf, qonaqpərvərlik gördük. Yazıçı-publisist Aqil Abbasın Bayat kəndində yaratdığı kitabxanaya kitablarımızı hədiyyə etdik, ziyalılarla görüşdük. Sultanbud meşəsində təbiətin ilk baharı ilə təmasdan zövq aldıq.

Cəbhə bölgəsində – Ağdamın ermənilərlə təmas xəttində olduq. Millət vəkili Aqil Abbasın Qarabağ torpağında nüfuzundan istifadə edib bir neçə səngəri keçdik. Hətta səngərdə dayanan əsgərlərin etirazına baxmayaraq, qadağan ərazidə bir neçə dəqiqəlik vətən torpağının hərarətini hiss edib, bahar havasını udduq. Buradan şəhərin mərkəzinə, alınmış ərazilərə təqribən 25 kilometr yol olduğunu dedilər. İllər öncə aprel ayında Ağdama hərbi təcavüz başa çatmamışdı. O vaxtdan 25 il keçir. 25 ildə 25 kilometr yol keçilməz olub bizim üçün. Bu erməni faktı deyil, azərbaycanlı zəifliyi də deyil, bu dünyanın ədalətsiz güclərinin tarix qarşısında cinayət faktıdır... Ağdamın hələlik yalnız təqribən 25 faizi bizim əlimizdədir (25 rəqəmindən danışmışkən... Mirzə Cəlilin və Həmidə xanımın birgə fəaliyyətini silinməz izlərlə tarixə yazan “Molla Nəsrəddin” jurnalı da 25 il fəaliyyət göstərib).

1988-ci ildən Topxana meşəsində baş verən erməni cinayətindən üzü bəri işimlə əlaqədar mən Ermənistanın Azərbaycana təcavüzündən, Qarabağda törədilən terrordan yüzlərlə, minlərlə məqalə yazmışam, Beynəlxalq Radionun efirindən dünyaya Azərbaycan həqiqətlərini, Qarabağ ağrısını duyurmağa çalışmışam. Etiraf edim ki, bu iki günlük səfərə qədər mən Qarabağ problemini mənəvi ağrı kimi yaşamışam. Orada - Ağcabədidən Ağdama, canlı səngərə qədər getdiyimiz yolda isə mən Qarabağ dərdini fiziki olaraq ürəyimdə, beynimdə hiss etdim. Həyatımda ilk dəfə qarabağlıların böyük faciəsini yaxından duydum, yurdun içərisində, yurduna gedə bilməmək faciəsinin gözlərinin içinə baxdım. Az qala “əlini uzatsan çatacaq qədər məsafədə” olan alınmış torpaqlarımıza çatanda hamı kədərli, gərgin və qəzəbli idi, qəribədir ki, az keçmədən hamının üzü gülürdü, bizdə fövqəladə ruh yüksəkliyi, əminlik, qələbə eşqi yaranmışdı (Cəbhə xəttində çəkdirdiyimiz şəklə baxanda bunu nisbətən hiss etmək olur).

Və nəhayət... Kəhrizli qəbiristanlığındakı Qarabağ xanlarının məzarını ziyarət edəndə bildim ki, bu ulu ruhlar torpağını yağıya ömürlük verməz, heç verməz!

Tarix
2019.04.11 / 15:20
Müəllif
Natəvan Dəmirçioğlu
Digər xəbərlər

İrəvan COP29-da iştirak edəcək? - Simonyan

Makron Bakı və Ankara ilə əməkdaşlıq üçün addım atacaq

İlham Əliyevdən COP29-la bağlı açıqlama

Konstitusiyadan bu ifadə çıxarılmasa, sülh olmayacaq!

Prezident Aleksandr Vlaskampı qəbul etdi

Qarabağ həmişə Azərbaycanın olub - Simonyan

Azərbaycanın BRİKS-ə qoşulmaq istəyi... - Hacıyev

İtkin düşmüş bir neçə azərbaycanlının taleyi... - BMT rəsmisi

BRİKS-lə əməkdaşlıq Bakının maraqlarına cavab verir - Səfir

General işdən çıxarıldı, vəzifəsi ona həvalə edildi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla