"Deputatın ətrafında ilk dəfə deyil belə faciəvi yol
qəzası baş verir. Bir neçə il əvvəl millət vəkili Tahir
Süleymanovun sürücüsü "Kamaz" markalı yük maşını ilə toqquşub və
nəticədə deputatın sürücüsü dünyasını dəyişib".
Bu barədə Axar.az-a informasiya verən mənbə deputat Tahir
Süleymanovun qardaşı oğlu Kamran Süleymanovun avtomobil qəzasında
müəllimi öldürməsi barədə danışarkən deyib. Onun sözlərinə görə,
sürücüsünün öldüyü qəzadan sonra "Kamaz" sürücüsü həbs olunub:
"Rayonda elə hesab edirlər ki, T.Süleymanov qardaşı oğlunun
istintaq müddətində həbs olunmaması üçün öz nüfuzundan istifadə
edib. Deputat özü də açıqlamasında qeyd edib ki, heç kim belə
hadisədən sığortalanmayıb".
Piyadanı öldürən K.Süleymanov rayonda Maliyyə İdarəsinin müdir
müavini vəzifəsində işləyir. İddialara görə, o, hər zaman
avtomobili yüksək sürətlə idarə edib.
Mənbə T.Süleymanovun Şabranda söz sahibi olduğunu da bildirir.
Deputatın qardaşı oğullarından biri Bəhman Süleymanov vaxtilə
rayonda Beynəlxalq Bankın yerli filialının müdiri vəzifəsində
çalışıb.
Xatırladaq ki, dekabrın 2-də
saat 15 radələrində 1975-ci il təvəllüdlü, Şabran şəhər sakini
Kamran Süleymanov idarə etdiyi "Mersedes Benz-E320" markalı, 90 XG
046 dövlət nömrə nişanlı avtomobillə Şabran şəhəri, M.Rəsulzadə
küçəsində yolu keçmək istəyən piyada - 1952-ci il təvəllüdlü Şabran
şəhər sakini Fikrət Əfəndini vurub. Nəticədə piyada aldığı
xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı Şabran rayon Polis Şöbəsinin İstintaq Bölməsində
Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat
vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin
ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə
müvafiq ekspertizalar təyin edilib və digər təxirəsalınmaz istintaq
hərəkətləri yerinə yetirilib. Hazırda iş üzrə istintaq tədbirləri
davam etdirilir.