2022.10.23. 14:53
Rusiyalı müğənni Olqa Orlova İtaliyaya bir neçə günlük məzuniyyətə yollanması haqda maraqlı status paylaşıb.
Kult.az xəbər verir ki, müğənni Milana İstanbuldan uçmaq istədiyini bildirib. Lakin “indi İstanbula getməkdə də problem var” bildirərək, ən yaxşı marşrutun Bakı olduğunu qeyd edib.
Onun sözlərinə görə, ilk “macəra” təyyarədə başına gəlib. Belə ki, “biznes-klass”a bilet alıb, ancaq oturacağı qırıq olub (Müğənni hansı hava yolları şirkəti ilə uçduğunu yazmayıb – red.):
“Stüardessadan xahiş etdim ki, bizim yerimizi tək uçan biri ilə dəyişdirsin, amma o, yenicə havaya qalxmağımıza baxmayaraq, hamının yatdığını söylədi. Bilirsiniz, mən tez-tez uçan adamam və heç vaxt təyyarədə şikayət etməli olduğum vəziyyətdə olmamışam. Mənə qəribə gəlir ki, qadın qadına kömək etmək istəmədi”.
“Blestyaşie” qrupunun keçmiş üzvü Milanda oteldəki xidmətdən də razı qalmayıb. Bildirib ki, otel otağı çox kiçik olub. Onu başqa otağa keçiriblər, amma orda da əl-üz yuyanın altından su axırmış (müğənni onun videosunu da paylaşıb).
“Səhər təmir etmələrini istədim, axşam qayıdanda isə hər şey necə var idisə, elə idi”, - Orlova bildirib.
Havanın füsunkar olmasına görə istirahətini pozmamaq üçün gəzməyə çıxdığını, bütün günü Milanı gəzdiyini bildirən müğənni restoranda növbəti “sürprizlə” qarşılaşıb:
“Şam etdik, hesabı gətirdilər. Çantamı açanda başa düşdüm ki, orada pul yoxdur. Bütün pullarımız qəpiyinə kimi oğurlanmışdı. Bu, böyük məbləğ idi, üzüntüm isə daha böyük idi. Amma məndən başqa günahlandırılacaq kimsə yoxdur”.
Avropada Rusiya bank kartlarının işləmədiyini deyən müğənni pis vəziyyətə düşdüyünü qeyd edib.
Orlova bildirib ki, İtaliyadan qayıdanda da Bakıdan keçib. Bu dəfə isə təyyarədə müğənninin baqajı itib.
O, bir müddət paltarsız və hamam aksesuarları olmadan keçinməli olub. Lakin çətinliklərə baxmayaraq, Orlova Bakı şəhərini çox bəyəndiyini yazıb. Qeyd edib ki, Milandakı bərbad oteldən fərqli olaraq, Bakıda otel də, xidmət də son dərəcə gözəl idi::
“Bakı şəhəri çox gözəldir. Baxmayaraq ki, çantamız itdiyi üçün paltar dəyişə bilmədik, ancaq bizə yüksək səviyyədə xidmət etdilər. “Blestyaşie”nin qastrolundan sonra Bakıda olmamışdım. Bu da 21 ildən çoxdur. İnsanlar möhtəşəmdir. Deməli, hər şey yaxşı olacaq”.