Ana səhifə Hadisə |
Bakıda, Binəqədi rayonu 1-ci mədən yaşayış massivi ərazisində Vüqar Namazov adlı müğənni bıçaqlanıb.
Kult.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Oxu.az-a açıqlamasında hadisə ilə bağlı təhqiqat aparıldığını bildirib.
Onun sözlərinə görə, oktyabrın 5-də saat 23 radələrində paytaxtın Binəqədi rayonunun 1-ci Mədən yaşayış massivi ərazisində 2002-ci il təvəllüdlü E.Ağaquliyevin aralarında yaranmış mübahisə zəminində 1985-ci il təvəllüdlü V.Namazova xəsarət yetirməsi barədə polisə məlumat daxil olub:
"Hadisə ilə bağlı ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb. Tərəflərin izahatları alınıb. Xəsarətin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub”.
Bıçaqlanan şəxsin müğənni bacısı Ülviyyə Namazova qardaşını maşına mindirib Binəqədidə göl kənarında bıçaqladıqlarını deyib:
"Hər gün bir yerdə oturub durduqları adamdır. Hadisə baş verəndə Azərbaycanda deyildim. Bu hadisə 3 gün əvvəl olub. Yeyib-içiblər. Oğlan məhəllədə reket kimi danışan biridir. Qardaşım maşında musiqiyə səs veribmiş, o da deyib, mahnının səsini al. İçkili halda onlar arasında mübahisə yaranıb. Oğlan qardaşıma yumruq atıb. Qardaşım da deyib ki, bura məhəllədir, qadınlar var, gəl gedək başqa yerdə danışaq, görək mənə niyə əl qaldırırsan. Qonşu da deyib ki, mənim maşınımla gedək. Qardaşım da razı olub, deyib, hara istəyirsən gedək. Qardaşımı 3 nəfər qonşu maşına mindirib. Binəqədidə göl kənarında sıx meşəlik var. Orada isə heç kim olmur. Aparıb orada bıçaqlayıblar. Xəstəxanaya da aparmayıblar. Gəlib deyib ki, vurdum öldürdüm. Məhəllədə qardaşımın dostu var, bunu eşidib, qonşularla oraya qaçıb. Bu şəxs qardaşımı vurduğu yeri də deməyib. Qardaşım deyir ki, ayıldım ki, sıx meşəlikdəyəm, öləcəyəm, işıq gələn yerə çıxdım. O, qan itirə-itirə 600-700 metr meşənin çölünə doğru qaçıb. Qardaşım işıq gələn yerə çıxmasa, qonşu onu tapmasa, qanitirmədən öləcəkdi. Bundan sonra xəstəxanaya aparılıb. Ona 3 bıçaq zərbəsi endirilib. Biri mədəsinə tuş gəlib, mədəsi deşilib. Biri döş qəfəsinə dəyib, biri də onikibarmaq bağırsağına. Hazırda vəziyyəti yaxşıdır, palatadadır".
Tarix
2024.10.09 / 12:24
|
Müəllif
Kult.az
|