Ana səhifə İdman |
Bu gün "ClimBaku" İdman Dırmanması Mərkəzində növbəti Açıq Respublika Çempionatına start verildi.
Bu barədə Axar.az-a Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Mətbuat Xidmətindən məlumat veriblər.
Yarışın açılışında çıxış edən Gənclər və İdman Nazirliyinin şöbə müdiri Mirkamil Rəhimov ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışıb. Daha sonra Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Firdovsi Əliyev çıxış edərək yarış iştirakçılarını salamlayaraq, Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini qeyd edib və idmançılara uğurlar arzulayıb.
Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq olunmuş qaydalar üzrə keçirilən çempionatda 140-a yaxın idmançı iştirak edir. 3 mərhələdə (təsnifat, yarımfinal, final) keçirilən yarışda idmançılar boulderinq və sürət növləri üzrə qüvvələrini sınayırlar. İdmançılar böyük səy göstərərək il ərzində topladıqları təcrübələrini nümayiş etdirir və bunun nəticəsində də yarış qızğın idman rəqabəti şəraitində davam edir.
Qeyd edək ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən hər il mütəmadi olaraq keçirilən çempionat idmançıların daha çox təcrübə toplamasına, yarış texnikalarının təkmilləşməsinə səbəb olmaqla yanaşı, digər gənclərdə də bu yarış növünə böyük maraq yaradır. Məhz bu səbəbdən ölkəmizdə idman dırmanması üzrə idmançıların sayı ilbəil artmaqda davam edir.
Xatırladaq ki, çempionat Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə keçirilir.
Tarix
2014.09.20 / 17:00
|
Müəllif
Nigar İxtiyarqızı
|