Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı,
azərbaycanlı kikboksçu Kobra ləqəbli Pərviz Abdullayev
5 qat dünya
çempionudur. O,
keçirdiyi 41 döyüşün 38-də qalib gəlib, bunlardan 13-nü nokautla
başa vurub.
Axar.az Kobra ləqəbli Pərviz Abdullayevlə müsahibəni
təqdim edir:
Van Damın mənə təsiri oldu
– Bildiyimə görə, ixtisasınız tarixçidir. Adətən,
idmançılar elmə yiyələnməyə meyilli olmurlar. Sizin bu ikitərəfli
uğurunuzu necə izah etmək olar? İdmanla dərslər çətinlik
yaratmırdı?
– Mənim oxumağa böyük həvəsim olub. Bakı Dövlət Universitetinin
tarix fakültəsini bitirmişəm. Əslində, Prezident Yanında İdarəçilik
Akademiyasını istəyirdim, amma balım BDU-nun tarix fakültəsinə
çatdı və orada da təhsil aldım. 11-ci sinifdə oxuyanda idmana ara
verdim və dərslərimlə məşğul olmağa başladım. Ali məktəbə daxil
olandan sonra isə yenidən məşqlərə davam etdim.
– İxtisasınız üzrə işləmisiniz?
– Xeyr, ixtisasım üzrə işləmədim. Amma diplomumdan istifadə
etmişəm, Fövqəladə Hallar Nazirliyində çalışıram.
– Niyə idman sahəsinin məhz bu növünü
seçdiniz?
– Yox, bir gün güləşlə də məşğul olmuşam (gülür). 90-cı illərdə
Van Dam, başqa filmlər təsir etdi və idmançı olmaq istədim. İdmana
kunq-fu ilə başlamışam. 2006-cı ildə kikboksinqlə maraqlandım və
2007-ci ildən bu idman növü ilə professional şəkildə məşğul olmağa
başlayanda uğurlarım ard-arda gəldi.
Konfrans zamanı dalaşdıq...
– Kobra ləqəbinin Silvester Stalonenin "Kobra"sı ilə bir
əlaqəsi varmı?
– Əlbəttə, var. D8 layihəsi vardı. ANS telekanalında efirə
gedirdi. O yarışdan əvvəl bizə dedilər ki, iştirak edəcək
idmançılar özünə ləqəb seçsin. Mən də Silvester Stalonenin
filmindən təsirlənib bu ləqəbi seçdim. Amma kobranı heyvan kimi də
bəyənirəm – cəldliyinə, geri çəkilməməyinə görə.
– Nə vaxtsa rinqdə məğlub etdiyiniz idmançı ilə yarışdan
sonra aranızda konflikt yaranıbmı?
– Yox, rinqdən sonra heç kimlə dalaşmamışam. Amma bir dəfə dünya
kəməri uğrunda döyüşlərdən birində mətbuat konfransında rəqibimlə
dalaşdıq. Mətbuat konfransı zamanı Vitali Sarokovla sözləşdik.
Məndən müsahibə götürürdülər. Dedim ki, inanıram, qalib gələcəm,
ondan güclü rəqiblərə də qalib gəlmişəm. O mənim bu sözümdən
əsəbiləşdi və sözləşdik. "Baxarıq rinqdə", - dedi. Sonra dava
düşdü, bizi ayırdılar. Təbii ki, həmin idmançıya da qalib
gəldim.
– Kobra mütaliə edirmi? Kitablarla aranız
necədir?
– Əvvəl oxuyurdum. Tarixi, ədəbiyyat və başqa kitabları mütaliə
edirdim, amma bu aralar vaxtım yoxdur.
– Yəqin ki, kumiriniz var...
– Mayk Tayson.
Erməni idmançı döyüşdən qaçdı
– "Kunlun Fight Series" turnirindən gözləntiləriniz
nədir?
– Bu mənim "Kunlun"dakı dördüncü döyüşümdü. Bunlardan üçündə
qalib gəlmişəm, indi dördüncüyə hazırlaşıram. Yaxşı hazırlaşıram,
yəqin ki, qələbə üçün gedirəm. Son 4 görüşümü nokautla bitirmişəm.
İnşallah, burda da qələbə qazanacağıma inanıram. Bu, 42-ci peşəkar
döyüşüm olacaq, 38 qələbəm var, 13 nokautum.
– İdmandan əlavə maraqlarınız var?
– Futbol oynamağı çox sevirəm, amma futbol da idmandır.
(gülür)
– Ən yaddaqalan qələbəniz hansı olub?
– Bütün qələbələrim mənim üçün böyük əhəmiyyət kəsb edir. Dünya
kəməri uğrunda döyüşlərim hamısı maraqlı və önəmli olub. 2011-ci
ildə bu döyüşlərdən birinə çox prinsipial yanaşırdım. Çünki orda
bir çox xalqlar, o cümlədən, ermənilər var idi. Bu səbəbdən oradakı
qələbəm məni çox sevindirdi.
– Erməni döyüşçü ilə rinqə çıxmısınız?
– Yox. Axırıncı dəfə Rumıniyada erməni ilə döyüşəcəkdik, oyuna
10 gün qalmış rinqə çıxmaqdan imtina etdi.
– Niyə?
– Çünki başa düşdü ki, artıq nokauta doğru gəlir. (gülür )
– İdmanı birdəfəlik tərk etmək haqda
düşünürsünüz?
– Bəli, fikrim var. Bilirsiniz, hər şeyin öz vaxtı var. Peşəkar
idmanı 33 yaşa qədər davam etdirmək, sonra isə bitirmək fikrim var.
Vaxtında bitirmək daha yaxşıdır.