Noyabrın 27-də Bakı İdman Sarayında ümummilli lider
Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-pri"
beynəlxalq turnirinin final mərhələsinin ilk günü başa
çatıb.
Azərtac xəbər verir ki, sayca səkkizinci dəfə
keçirilən turnirdə 41 ölkədən dünyanın 450-yə yaxın ən güclü
pəhləvanı mübarizə aparırlar.
İlk yarış günündə sərbəst güləş üzrə 57, 61, 65, 70, 74, 86, 97
və 125 kq çəki dərəcələrində qaliblər müəyyənləşib.
Sərbəst güləşçilərin yarışında 22 güləşçimiz mübarizə aparıb,
onlar 3 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıb.
Azərbaycanın idman şərəfini Mahir Əmiraslanov, Yaşar Əliyev,
Ruslan Qasımov, Pərviz İbrahimov (hamısı - 57 kq), Hacı Əliyev,
Əhmədnəbi Qvarzatilov, Qalib Əliyev (hamısı - 61 kq), Məhəmməd
Müslümov, Teymur Məmmədov, Ağahüseyn Mustafayev (hamısı - 65 kq),
Toğrul Əsgərov, Hacımurad Ömərov (hər ikisi - 70 kq), Cəbrayıl
Həsənov, Əşrəf Əliyev, Murad Süleymanov, Məhəmmədhacı Muxutov
(hamısı - 74 kq), Nurməhəmməd Hacıyev, Aleksandr Qostiyev (hər
ikisi - 86 kq), Şərif Şərifov, Aslanbek Alborov (hər ikisi - 97
kq), Cəmaləddin Məhəmmədov, Həmid Əhmədli (hər ikisi - 125 kq)
qoruyublar.
İlk olaraq qızıl medalı 61 kq çəki dərəcəsində mübarizə aparan
Hacı Əliyev qazanıb. Təmsilçimiz yaponiyalı Şinqo Arimotonu,
gürcüstanlı Beka Lomitadzeni və rusiyalı Aleksandr Baqomoyevi
məğlub edərək finala yüksəlib. Finalda onun rəqibi İran pəhləvanı
İmam Sadekikokuande olub. Qarşılaşma 8:2 hesabı ilə Azərbaycan
güləşçisinin xeyrinə başa çatıb.
İkinci qızıl medalı ikiqat Avropa çempionu Cəbrayıl Həsənov
qazanıb. 74 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz iranlı
Mostafa Hosseinxanini, amerikalı Entoni Valensiyanı, türkiyəli
Soner Demirtaşı məğlub edərək finala çıxıb. Həlledici mərhələdə
Rusiya təmsilçisi Xetik Tçabolovu 12:8 hesabı ilə udaraq, Cəbrayıl
Həsənov "Qızıl Qran-pri" turnirində fəxri kürsünün ən yüksək
pilləsinə qalxıb.
Sərbəst güləş üzrə 86 kq çəki dərəcəsinin finalında iki
Azərbaycan təmsilçisi qarşılaşıb – Aleksandr Qostiyev və
Nurməhəmməd Hacıyev.
Aleksandr Qostiyev finala gedən yolda polşalı Patrik
Dublinovskini, gürcüstanlı Sandro Aminaşvilini, Nurməhəmməd Hacıyev
isə amerikalı Devid Teyloru, iranlı Ehsan Laşqarini məğlub edib.
Gərgin mübarizə şəraitində davam edən final qarşılaşmasında
Aleksandr Qostiyev 2:0 hesabı ilə qalib gəlib.
Gümüş medallara Toğrul Əsgərov (70 kq), Nurməhəmməd Hacıyev (86
kq), Şərif Şərifov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) sahib
olublar. Bürünc mükafatlara isə Mahir Əmiraslanov (57 kq), Teymur
Məmmədov (65 kq), Hacımurad Ömərov (70 kq) və Aslanbek Alborov (97
kq) yiyələniblər.
Noyabrın 28-də qadın, 29-da isə yunan-Roma güləşi üzrə qaliblər
müəyyənləşəcək.