Azərbaycanın kontinental velosiped komandası "Synergy
Baku" Xorvatiyada təşkil edilən 2.1 kateqoriyalı "Tour of Croatia"
yürüşünün 5-ci günündə də uğurla çıxış edib. Velosipedçilərimiz
komanda ötüşməsində 21 kollektiv arasında 4-cü olmaqla ümumi
sıralanmada liderliklərini qoruyublar.
Azərbaycan Velosiped İdmanı Federasiyasından Axar.az-a verilən
məlumata görə, 40 km məsafəyə komanda ötüşməsində "Synergy Baku" 50
dəqiqə, 7 saniyə nəticə göstərib və bununla da günün ən yaxşı
göstəricisinə malik Rusiyanın "Tinkoff" Dünya Turu komandasından 31
saniyə geri qalıb. Bu nəticə təmsilçimizə ümumkomanda hesabında
1-ci yerdə qalmağa imkan verib. Hazırda "Synergy Baku" ən yaxın
izləyicisi, Sloveniyanın "Adria Mobil" kollektivini 4 dəqiqə, 4
saniyə qabaqlayır.
Komanda yarışındakı sərfəli nəticə fərdi sıralanmanın lideri,
"Synergy Baku"nun üzvü Matiya Kvasinanın yarış liderinə məxsus
"qırmızı köynəy"i özündə saxlamasına da imkan verib. Velosipedçimiz
hazırda ən yaxın izləyicisi, "Tinkoff" klubunun üzvü Yesper Hanseni
32 saniyə qabaqlayır. "Synergy Baku"nun digər üzvlərinə gəlincə,
Kiril Pozdnyakov ümumi təsnifatda 12-ci pillədən 8-ci yerə qalxıb,
ölkəmizi Rio-2016 Yay Olimpiya Oyunlarında təmsil edəcək Elit yığma
komandamızın üzvü Maksim Averin isə mövqeyini 4 pillə yaxşılaşdırıb
və indi 15-cidir.
Aprelin 24-də keçiriləcək sonuncu, 6-cı mərhələdə iştirakçılar
158 km məsafə qət edəcəklər. Xatırladaq ki, 6 günlük yarışda
Qazaxıstanın "Astana", Cənubi Afrika Respublikasının "Dimension
Data", İsveçrənin "İAM Cycling", Rusiyanın "Tinkoff" və ABŞ-ın
"Trek Sagefredo" kimi Dünya Turu komandaları, həmçinin 7 peşəkar
kontinental və 9 kontinental komanda çıxış edir. İştirakçılar
arasında "Dimension Data" klubunun şərəfini qoruyan dünyanın ən
sürətli velosipedçilərindən biri, 2011-ci ilin dünya çempionu və
həmin il "Tour de France" yarışının ən yaxşı sprinteri adına layıq
görülən britaniyalı Mark Kevendiş də var.
"Synergy Baku"nun digər nümayəndəsi Aleksandr Surutkoviç isə
Serbiyada keçirilən birgünlük "Belgrade - Banjaluka" yürüşündə
uğurla çıxış edib və finişi yarış qalibi ilə eyni vaxtda keçsə də,
fotofinişə əsasən 2-ci yeri tutub.