Azərbaycanlı şahmatçı, qrossmeyster Vüqar Həşimovun
xatirəsinə həsr olunan ənənəvi "Shamkir Chess 2016" beynəlxalq
turniri Şəhriyar Məmmədyarovun qələbəsi ilə başa
çatıb.
Axar.az xəbər verir ki, turnirin iyunun 4-də keçirilən sonuncu
turunda Şəhriyar Məmmədyarov lider Aniş Qiri (Hollandiya) ilə
qarşılaşıb. Gərgin keçən matçda rəqibini məğlub edən Azərbaycan
şahmatçısı turnirin qalibi adını qazanıb.
Ümumiyyətlə, sonuncu turda Azərbaycanın dörd təmsilçisindən üçü
qalib gəlib. Digər şahmatçılarımızdan Eltac Səfərli Hindistan
təmsilçisi Pentala Harikrişnanı, Rauf Məmmədov çinli Hou Yifanı
məğlub edib. Yalnız Teymur Rəcəbov rəqibi Pavel Elyanov (Ukrayna)
ilə xalları yarı bölüb.
Digər qarşılaşmada isə rusiyalı Sergey Karyakin italiyalı
Fabiano Krauana (ABŞ) ilə heç-heçə oynayıb.
Beləliklə, turnirin yekununa əsasən, Şəhriyar Məmmədyarov və
Fabiano Karuana hərəyə 6 xal toplayıblar. Şəhriyar Məmmədyarov
səkkizinci turda Fabiano Karuananı məğlub etdiyi üçün turnirin
qalibi adına layiq görülüb.
Aniş Qirinin 5,5, Sergey Karyakinin 5, Rauf Məmmədovun isə 4,5
xalı var. Üç şahmatçı - Teymur Rəcəbov, Eltac Səfərli və Pentala
Harikrişna hər biri öz aktivinə 4 xal yazdırıb. Pavel Elyanov 3,5,
Hou Yifan isə 2,5 xal toplayıb.
Qeyd edək ki, "Shamkir Chess 2016" turniri mərhum şahmatçı Vüqar
Həşimovun xatirəsinə həsr olunan sayca üçüncü turnirdir. Bundan
əvvəlki hər iki turnirin qalibi norveçli dünya çempionu Maqnus
Karlsen olmuşdu.