"Telеqraf Media Holdinq"in təşəbbüsü və Veteran Futbolçular İttifaqının təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr edilmiş futbol matçı keçirilib.
Axar.az Publika.az-a istinadla xəbər verir ki, məşhur "Neftçi baza" kimi tanınan məkanda keçirilən görüşdə Azərbaycan milli komandasının əfsanələri ilə "Telеqraf"ın əməkdaşlarından ibarət heyət üz-üzə gəlib. Qarşılaşmada ölkə futbolunun sabiq oyunçuları - Tərlan Əhmədov, Yunis Hüseynov, Arif Əsədov, Mahmud Qurbanov, Samir Ələkbərov, Alim Qurbanov, Emin Quliyev, Zaur Ramazanov, Hüseyn Məhəmmədov, Kənan Kərimov, Zaur İsmayılov, Ədahim Niftəliyev, Əli Abışov və Xəyal Mustafayev çıxış ediblər. Komandanın baş məşqçisi Veteran Futbolçular İttifaqının sədri Oqtay Abdullayev olub.
Matçı İqor Ponomaryov, İsgəndər Cavadov, Asif Əliyev kimi əfsanəvi adlar da stadiondan izləyib. Oyunu sabiq FİFA referisi və AFFA Hakimlər Komitəsinin keçmiş sədri Xaqani Məmmədov idarə edib.
Görüşdə hesabı "Telеqraf" açsa da, yekunda qalib tərəf Azərbaycan millisinin əfsanələri olub - 2:7. Ümumilikdə matç maraqlı mübarizə və dostluq şəraitində keçib.
"İlk növbədə Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm. Müstəqilliymiz daimi olsun, sülh və əmin-amanlıq içində yaşayaq.
"Telеqraf Media Holdinq"in kollektivinə təşəkkür edirik ki, belə gözəl gündə oyunun təşkil olunmasında bizimlə birgə təşəbbüs göstərdi. Futbolçular və jurnalistlərin bir arada olması bizim üçün də şərəf idi. Məmnuniyyətlə bu oyunu oynadıq. Burada nəticə yoxdur, qalibiyyətimiz birliyimizdir.
Dostluq, əmin-amanlıq və şəffaflıq qalib gəldi. Azərbaycan millisinin əfsanələrinin "Telеqraf" əməkdaşları ilə Müstəqillik Günündə yoldaşlıq oyunu keçirməsi dostluğumuzun, yoldaşlığımızın, qardaşlığımızın göstəricisi idi", - deyə Azərbaycan milli komandasının sabiq kapitanı Tərlan Əhmədov görüşlə bağlı təəssüratlarını bölüşüb.
Oyundan sonra əfsanəvi futbolçular və "Telеqraf Media Holdinq"in kollektivi gündəmdə olan məsələlər barədə müzakirələr aparıblar. Sonda Azərbaycan futbolunun əfsanələrinə təşəkkür edilib. Onlar da öz növbələrində Müstəqillik Gününə təsadüf edən qarşılaşmanın iştirakçıları olduqlarına görə məmnuniyyətlərini bildiriblər və belə görüşlərin tez-tez baş tutmasını diləyiblər.