Yay transfer pəncərəsində "Qarabağ"ı tərk edəcək ilk futbolçunun adına aydınlıq gəlib.
Axar.az xəbər verir ki, "Qarabağ" Yassin Benzia ilə razılığa gələ bilməyib.
Benzia ötən gün İnstaqram hesabında vidaya bənzər paylaşım edib.
Həmin paylaşıma isə komandanın qapıçısı Şahruddin Məhəmmədəliyev şərh yazıb. O, paylaşımda "hər şey üçün təşəkkürlər" sözlərini qeyd edib. Benzia da bu sözlərə görə Şahruddinə təşəkkürünü bildirib.
Əlcəzair millisinin üzvü olan 30 yaşlı yarımmüdafiəçi maliyyə məsələlərində razılığa gələ bilmədiyinə görə "Qarabağ"dan ayrılıb. Tərəflər bu yay başa çatan müqaviləni uzatmayacaqlar. Futbolçunun karyerasını Səudiyyə Ərəbistanının klublarından birində davam etdirəcəyi gözlənilir.
Qeyd edək ki, Benzia son ilyarımda "Qarabağ"da oynayıb, 104 oyun keçirib, 28 qol vurub.