"Ukraynada biznes qurmaq istəyənlərin azalması müşahidə
ediləcək".
Bunu
"Axar.az"a Ukraynadakı proseslərin Azərbaycanla olan ticarət
dövriyyəsinə təsirini şərh edən iqtisadçı ekspert Məhəmməd Talıblı
bildirdi:
"Ukraynada baş verən məlum hadisələr rəsmi Kiyevin təkcə
Azərbaycanla deyil, bütün digər dövlətlərlə də iqtisadi
münasibətlərinə mənfi təsir edəcək. Amma bu, heç də ticarət
dövriyyəsinin əhəmiyyətli dərəcədə azalması ilə nəticələnməyəcək.
Ukraynanın idxal asılılığı olduğu məhsullarda bu təsir daha çox
müşahidə ediləcək. Nəzərə alsaq ki, Kiyevin Moskvadan bir çox
sahələrdə, xüsusən də qaz idxalı məsələsində asılılığı var, məhz bu
proseslər həmin dövriyyəyə təsirsiz ötüşməyəcək. Ukraynaya biznes
qurmaq istəyənlərin azalması müşahidə ediləcək. Həmçinin Rusiyadan
bu ölkəyə gətirilən kənd təsərrüfatı məhsullarının ixracında
müəyyən məhdudiyyətlər olacaq. Amma ümumilikdə bu hərbi münaqişə
MDB məkanında əhəmiyyətli dəyişikliklərə gətirib çıxarmayacaq".
Ekspert hesab edir ki, Ukrayna ilə Rusiya arasında baş verən
olay Rusiyada yaşayan azərbaycanlıların ailələrinə pul göndərməsinə
müəyyən çətinliklər yaradacaq:
"Olaylar nəticəsində Rusiya banklarının fəaliyyətində
məhdudiyyətlər yaranıb və bu da Rusiyadan Azərbaycana pul göndərən
həmvətənlərimizin işinə, həmçinin Rusiya bankları vasitəsi ilə
idxal-ixrac əməliyyatı aparan iş adamlarımızın fəaliyyətinə mənfi
təsir göstərəcək".
Xatırladaq ki, Azərbaycan Ukraynadan əsasən qida məhsulları
idxal edir və Ukrayna Azərbaycanın ən çox mal idxal etdiyi 5-ci
ölkədir. Belə ki, 2013-cü ildə Ukraynadan Azərbaycana 589 milyon
manatlıq mal gətirilib ki, bu da ümumi idxalın 5,5%-nə
bərabərdir.
Azərbaycan Ukraynadan daha çox buğda unu, qənnadı məmulatları,
şokolad, süd və süd məhsulları, diri iribuynuzlu heyvan və onun
ətini və s. qida məhsulları idxal edir.
Ötən ilin statistikasına görə, 2013-cü ildə Ukraynadan
Azərbaycana 23,5 milyon manatlıq buğda unu, 13,8 milyon manatlıq
duz, 8,9 milyon manatlıq qənnadı məmulatları, 8,7 milyon manatlıq
bitki yağı, 7,2 milyon manatlıq şokolad məmulatları, 9 milyon
manatlıq çörək-bulka və unlu qənnadı məmulatlar, 5,7 milyon
manatlıq süd və süd məhsulları və s. idxal olunub.