"Şou-biznes əhlinin qəpik-quruşla vergi verməsi normal
hal deyil".
"Axar.az" xəbər ki, bunu hüquq siyasəti və
dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Rafael Cəbrayılov
bildirib. O qeyd edib ki, dövlət büdcəsinin onu qane etməyən ən pis
cəhəti vergi daxilolmalarının xüsusi çəkisinin büdcə gəlirləri
içərisində çox az (son 7-8 ildə 52 faizdən 33 faizə düşüb)
olmasıdır:
"Bu çox qeyri-normal haldır. Heç kimə sirr deyil bu gün çoxlu
sayda vergidən yayınma halları var. Elə sferalar var ki,
ümumiyyətlə vergiyə cəlb olunmayıb, olunubsa da belə, oranın gəliri
ilə vergi arasında çox kəskin surətdə uyğunsuzluq var. Azərbaycanda
maşın yumaqla özünə çörək qazanan insan vergi verirsə, şou-biznes
əhlinin qəpik-quruşla vergi verməsi normal hal deyil. Bundan başqa,
on minlərlə qeyri-yaşayış sahəsinin vergiyə cəlb olunmaması da
normal hal deyil".
Vergidən yayınma hallarının əsasən böyük gəlir əldə edən
insanlara aid olduğunu deyən Rafael Cəbrayılov daha çox azgəlirli
insanların vergiyə cəlb olunduğunu sözlərinə əlavə edib. Vergilər
Nazirliyinin 2013-cü ildə qeyri-leqal gəlirlərin aşkarlanması və
vergiyə cəlb olunması ilə bağlı keçirtdiyi tədbirləri xatırladan
millət vəkili bu tədbirlərin insanların məşğulluq və işsizlik
səviyyəsinə öz müsbət təsirini göstərdiyini söyləyib:
"Bu kampaniya xarakteri daşımamalıdır və mütəmadi olaraq
keçirilməlidir. Amma Azərbaycanda elə bir şərait yaratmaq lazımdır
ki, məşhur Amerika prezidentlərinin dediyi kimi, "bir ölümdən, bir
də vergidən yayınmaq olmaz" prinsipi işləsin. Vergidən yayınma halı
elə bir şeydir ki, əgər bugünkü nəsil onu normal qəbul edirsə, bu,
onların övladlarına da təsir edəcək. İnsanları elə formada tərbiyə
etmək lazımdır ki, heç kim vergidən yayınmasın".
Verginin xüsusi çəkisinin artırılması deyəndə verginin
artırılmasını nəzərdə tutmadığını deyən R.Cəbrayılov əlavə edib ki,
əksinə, vergi siyasətini elə qurmaq lazımdır ki, vergi tədricən
azalsın: "Vergi siyasətini dərininə yox, yana inkişaf etdirmək
lazımdır. Yəni, verginin əhatəliliyini artırmaq lazımdır".