"Hazırda Azərbaycanda geri
qayıtmayan kreditlərin ümumi məbləği 1 milyard manat təşkil
edir".
Bunu Axar.az-a iqtisadçı ekspert Vüqar Bayramov ölkədə geri
qayıtmayan kreditlərin yaranma səbəbləri haqda açıqlama verərkən
deyib.
Onun sözlərinə görə, ölkənin ümumi kredit portfelində payı 6
faizdən, bütövlükdə banklar üzrə kredit portfelindəki payı isə 4
faizdən çoxdur:
"Beynəlxalq standartlara görə isə bu göstərici 3 faizdən çox
olmamalıdır. Bu arzu olunan səviyyə deyil. Problemli kredit
həcminin artması birmənalı şəkildə bank sektoruna mənfi təsir
göstərir. Qanunvericiliyə əsasən, kreditlərin geri qaytarılması ilə
bağlı qısa müddət ərzində ödəmə zamanı problem olarsa və ya
yubanarsa, avtomatik olaraq problemli və geri qaytarılmayan kredit
kimi qruplaşdırır. Nəticədə məlum olub ki, 1 milyard manat təşkil
edən bu kreditlər ən azı 3 ay müddətində yubanma ilə ortaya çıxan
problemli kreditlərdir. Kommersiya bankları kredit verən zaman
ödəmə qabilliyətini yoxlamırlar. Nəticədə bir banka borcu olan
vətəndaş başqa bankdan da kredit götürür və ya götürə bilir. Hətta
bəzi hallarda vətəndaş banka üçüncü kredit üçün belə müraciət edir.
Belə olduqda isə dördüncü bankdan kredit götürmək imkanı olmadığına
görə, bu da kreditin ölməsinə gətirib çıxarır. Əslində, bu gün
kommersiya üzrə mərkəzləşdirilmiş bazaya müraciət edərək kreditin
verilməməsi ilə bağlı qərar qəbul etmək olar. Təəssüf ki, bu
edilmir. Hətta borcu olanlara belə kredit verilir. Bu, birinci və
əsas səbəbdir. İkinci səbəb, kreditlə bağlı faiz göstəricilərinin
artması və həddən artıq yüksək olmasıdır. Bəzi hallarda kredit
vətəndaşa orta kredit faizi göstəricisi 25% olduğu halda, 37%
təklif olunur. Bu da təbii k, problemli kreditlərin yaranmasına
gətirib çıxarır. Üçüncüsü isə, təəssüf ki, bankların qısa müddətdə
daha çox gəlir əldə etmək istəməsi ilə bağlıdır. Yaxşı olardı ki,
kredit vətəndaşa çox vacib hallarda verilsin".
Ekspert bu gün maliyyə büdcəsinə böyük zərər yetirən bu cür
problemlərdən çıxış yollarını da göstərdi:
"Bu gün kommersiya banklarında borcu olan vətəndaşların sayı 2.5
milyon nəfərdir. Problemi aradan qaldırmaq üçün Mərkəzi Bank yüksək
kreditlərin normasına yenidən baxmalı və ehtiyat normasını daha da
ağırlaşdırmalıdır ki, kommersiya bankları yüksək kreditləri
verməkdə maraqlı olmasınlar. Faiz dərəcələrinin azaldılması çox
vacibdir. Banklar mərkəzləşmiş kredit resurslarının çıxış
imkanlarını artıraraq daha ucuz resurs əldə edə bilər. Bu da öz
növbəsində daha aşağı nisbətli kreditlərin verilməsinə gətirib
çıxaracaq. Mərkəzi Bank tərəfindən kredit faizlərinin maksimum
dərəcələrinin müəyyənləşdirilməsi də əsas faktordur. Hesab edirəm
ki, kommersiya banklarında yeni yaranan problemli kreditləri bu
yollarla tənzimləmək mümkün ola bilər".