"Maliyyə Nazirliyinin son illərdə büdcə layihəsini açıq
şəkildə dərc etməsi çox təqdirəlayıq addımdır".
Axar.az xəbər verir ki, bu açıqlama ilə iqtisadçı ekspert Natiq
Cəfərli öz Feysbuk səhifəsində çıxış edib.
O, Maliyyə Nazirliyinin büdcə layihəsini üç hissəyə bölüb:
"Maliyyə Nazirliyinin son illərdə büdcə layihəsini açıq şəkildə
dərc etməsi çox təqdirəlayıq addımdır. Bu, imkan verir ki, büdcə
parametrləri ilə yaxından tanış olaq və öz fikirlərimizi bölüşək.
Bu fikirləri nəzərə alıb-almamaqları, daha bizlik deyil. 2015-ci
ilin büdcə layihəsinin genəl dəyərləndirməsi odur ki, hökumətimiz
xroniki problemlərin həllini düşünmür, yəni, büdcə proqnozları
indiki şəraitdə, ən azı, 3 ssenaridə hazırlanmalı və təqdim
olunmalıdır: Optimist, real və pessimist. Təəssüf ki, hökumət
bildiyi, illərdir rahat yol getdiyi izdən gedir, təhlükələri tam
qiymətləndirmir. Pozitiv addımlar və yanaşmalar (ən azı, kağız
üzərində, layihədə olanlar):
1) Neftin baza qiymətinin 90 dollara endirilməsi pozitiv
addımdır, bunun da təhlükəli yanları var, daha konservativ yanaşma
lazım idi, amma 2014-ə görə baza qiymətinin endirilərək büdcənin
hesablanması düzgün addımdır;
2) Büdcə gəlirlərində az da olsa artım var;
3) Büdcə gəlirlərində neft-qaz sektorunun payı 0,7% azalıb,
əlbəttə ki, çox kiçik rəqəmdir, amma, hər halda pozitiv
gəlişmədir;
4) Büdcə gəlirləri 2014-ə nisbətən 1,054 mln. manat, yəni, 5,7%
artımı gözlənilir;
5) Büdcə kəsiri cüzi olaraq azalır, 2014-ə görə cəmi 170 milyon
az hesablanıb".
Ekspert Neft Fondundan büdcəyə bu il 10.388 milyon AZN-nin
birbaşa transfer olunacağını deyib:
"Neqativ, təhlükəli məsələlər:
1) 2015-ci ilin büdcə gəlirləri 19.438 mln. manat
proqnozlaşdırılıb. Neft Fondundan birbaşa transfert – 10.388 mln.
manat, yəni büdcə gəlirlərinin 53,4%-i. Amma bu hələ son deyil,
vergi gəlirləri 7.112 mln. manat nəzərdə tutulur ki, bunun da 2.300
mln. manatı birbaşa neft sektorundan olacaq. Yəni, kənar təsirləri
və multiplikator effektini nəzərə almasaq, büdcənin birbaşa neftdən
asılılığı 12.680 milyon manat olacaq. Bir sözlə, 19.438 milyon
büdcənin 12.680 milyon manatı neft-qazdır. Yerdə qalır 6.758 min
manat, yəni, 9,5 milyon vətəndaşı olan bir ölkə, real olaraq il
ərzində büdcəyə 6.758 milyon manat vəsait gətirəcək, bunun da
"amma"sı var, 2) Amması odur ki, 6.758 milyon manatlıq geridə qalan
vəsaitin 1.590 mln. manatını gömrük rüsumları təşkil edəcək, qalır
5.168 milyon manat, bu vəsaitin içində dolayısı ilə, multiplikator
effektinə görə neftin payı da kifayət qədər yüksəkdir, 3) 2015-ci
ildə 6.930 mln. manat dövlət investisiyaları nəzərdə tutulub, bu
vəsait də, neftdən gəlirə görə ayrılıb (yəni, neft olmasa, bu
xərclər də olmaz) və bu layihələrin icrasında yaranan vergi yükü və
büdcəyə köçürmələr, ən azı 15-20% civarında olmalıdır. Yəni
təqribən, 1.300 mln. manat bu layihələrdən geri, vergi şəklində
dönəcək. Bu da, elə dolayısı ilə neftdən gələn gəlirdir, 4) Fiziki
şəxslərin gəlir vergisi 982 milyon manat olacaq, burada da əsas
yeri büdcədən maliyyələşən işçilərdən tutulan vergilər tutur. Yəni,
neftdən pul büdcəyə gəlir, oradan maaş verilir, təzədən 14%-i
(böyük hissəsi məhz 14%-ə düşür) büdcəyə qaytarılır, 5) Vergi
daxilolmalarının 512 milyon manat (cəmi!!!) artacağı
proqnozlaşdırılsa da, bunun nəyin hesabına olacağı tam aydın deyil,
6) Elmə ayrılan vəsait 2015-ci ildə 3% azalacaq".
N.Cəfərli hökumətin yaxın zamanlar problemlərin həll edilməsi
üçün köklü islahatlara başlayacağına ümid etdiyini bildirib:
"Neqativləri daha da uzatmaq olardı, amma görünən odur ki,
neft-qaz sektorundan asılılıq həm büdcədə, həm da xarici ticarətdə
öz əzici üstünlüyünü saxlayır. Bundan əlavə, hər şey neftin
qiymətindən asılı olacaq, əgər 2015-ci il üçün ortalama qiymət 90
dollardan aşağı olsa, büdcə parametrlərinın tutdurmaq mümkün
olmayacaq. Hər halda dekabr ayında Neft Fondunun büdcəsi təsdiq
olunanda görəcəyik ki, Fondun 2015-də xərcləri gəlirlərindən xeyli
artıq olacaq. Yəni hökumət məcburən Neft Fondunun yığılmış
vəsaitindən istifadə etməli olacaq, bu isə, gələcək nəsillərin
payına müdaxilə anlamına gələcək. Bir sözlə, çox unikal məqamdır.
Hökumətin düşünərək xroniki problemlərin köklü islahatlar yolu ilə
həllinin başlayacağına ümid edirəm, yoxsa, problemlər metastaz
verərək ölkəmizə ciddi ziyanlar verəcək".